Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1005/2025 19.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmamış xx.xx.2024-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının indeksasiyası həddində sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borcludan tutulan alimentin məbləğinin artırılaraq, hər ay hər uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,62 misli həddində müəyyən edilməklə borclu X3 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində olmaqla, cəmi 1 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona el adəti ilə toy edərək gəlin aparmış, lakin nikahları rəsmiləşdirilməmişdir. Həmin vaxtdan cavabdehlə ərarvad kimi yaşamışlar, birgə yaşadıqları müddət ərzində xx.xx.2024-cü il tarixdə X6 və xx.xx.2022-ci il tarixdə X7 adlı iki uşaqları doğulmuşdur. Uşaqları doğulanda nikahları olmadığına görə uşaqlara öz soyadı ilə doğum haqqında şəhadətnamələr almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli 401 və xx.xx.2024-cü il tarixli 402 saylı akt qeydi ilə atalığı qəbul etmişdir. Hazırda onların xasiyyətləri uyğun gəlməməklə cavabdehlə ayrılmışlar. Uşaqlar onun himayəsində yaşamaqla cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir. O isə uşaqları tək saxlamaqda çətinlik çəkir. İndiyə kimi atasının uşaqlarına nəsə yardım etməsinə inanmışdır, lakin görür ki, cavabdehin belə bir fikri yoxdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı yol vermir. Bu səbəbdən hər uşağa 175 manat olmaqla, cəmi iki uşağa görə 350 manat sabit pul məbləğində aliment ödəyə bilər. Ona görə də məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 09 dekabr 2024-cü il tarixdə verilmiş AZ-V seriyalı 076205 və 076206 saylı doğum haqqında şəhadətnamələrin, eləcə də, xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 482788 və 482789 saylı atalığın müəyyən edilməsinə dair şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşlar, ataları Cavabdeh, anaları İddiaçıdır. Bakı 9 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/9/2024-01578 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, tərəflər xx.xx.2025-ci il tarixə saat 11.00-a təyin edilmiş mediasiya prosesinə gəlsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı 50 manat İMS xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçının bildirdiyinə görə, cavabdeh övladlarının saxlanılması üçün maddi yardım göstərmir. Bu səbəbdən, iddiaçı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında cavabdehdən aliment tələb edir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 20 dekabr 2024-cü il tarixdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 15 saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə 8.4-1-ci bənd əlavə edilmişdir. 8.4-1-ci bənddə formalaşdırılmış hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məlumdur ki, ölkə üzrə müəyyən edilən minimum əmək haqqı 2025-ci il üçün 400 manat təşkil edir. Hazırki mülki iş üzrə iddia ərizəsi məhkəməyə 27 yanvar 2025-ci il tarixdə verildiyindən, məhkəmə hesab edir ki, aliment təyin edilərkən 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, bir uşağa görə 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,5 mislində (200 manat / 400 manat = 0,5 misli) aliment tutulmalıdır. Eləcə də, alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən başlanmalı, sonrakı artımlar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə 27 yanvar 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində (200 manat / 400 manat = 0,5 misli) olmaqla, cəmi 1 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 68 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə 27 yanvar 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində (200 manat / 400 manat = 0,5 misli) olmaqla, cəmi 1 misli həddində sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 68 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1005/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1005/2025
19.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver