Məhkəmə qərarları › İş №2(002)-1041/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1041/2022

20.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1041/2022 20.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızınınsədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçının Cavabdeh qarşı «alimentin dəyişdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı «alimentin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-430/2020 nömrəli,03 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 27 oktyabr 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutulan alimentin miqdarı dəyişdirilərək 170 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdehlə 16 sentyabr 2017-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar.Birgə nikahlarından bir uşaqları var-27 oktyabr 2018-ci il təvəllüdlü X4.Uşağın saxlanması üçün Qaradağ Rayon Məhkəməsinin 2(002)-430/2020 saylı,03 fevral 2020-ci il tarixli qətnaməsi əsasında ondan hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur.Aliment tələbkara vaxtı-vaxtında ödənilir.Anası işləmir özü də ürəy xəstəliyindən əziyyət çəkir,onun dərmanları oğlu tərəfindən alınır,bundan əlavə o hal-hazırda Rabitəbank ASC-ə və götürdüyü “Birkart”-a hər ay pul ödəyir.Buna görə də onun dolanışığı üçün pul qalmır.Məcburiyyət qarşısında qalaraq borc götürərək evə ərzaq alır,maaş alanda isə borcunu qaytarır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək,öz izahatında iddiaçının anası olduğunu,özünün xəstə olduğunu, iddiaçı oğlunun ona maddi heç cür kömək edə bilmədiyini, aldığı əmək haqqını da alimentə görə tutulduğunu, ona əmək haqqından az miqdarda pul qaldığını, həmin pulla isə heç özünü dolandıra bilmədiyini, ona görə valideyni kimi onlara heç bir maddi yardım edə bilmədiyini, ona görə də alimentin sabit pul məbləği şəklində müəyyən eidlməsini istədiklərini, bundan əlavə oğlunun iş yeri və əmək haqqı məbləğində heç bir dəyişiklik olmadığını, eyni həmin işdə çalışdığını, eyni məbləğdə əmək haqqı aldığını, həmçinin banka da borcunun olduğunu bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 04.04.2022-ci il tarixdə məhkəməyə yazılı etiraz ərizəsi göndərək, iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar həqiqət deyil və körpə bir uşağın mənafeyinin pozulması üçün əsas deyil. İddiaçı şəxsən ona yazaraq torpaq almaq istədiyini, amma aliment tutulduğu üçün bankın ona cəmi 5000 manat verə biləcəyini deyərək alimentin azaldılmasını istəsə də, o qətiyyən bununla razılaşmadığını çünki körpə uşağı bir qarış torpaqla yox maddiyyatla saxlayırlar. Şəxsi yazışmaları da hal-hazırda ondadır sadəcə olaraq qanuna uyğun olaraq qarşı tərəfin icazəsinin olub- olmadığını bilmədiyi üçün məhkəməyə təqdim edə bilmir. Amma əgər lazım olarsa sübut kimi istənillən vaxt məhkəməyə göndərə bilər. İndi iddiaçı özünə torpaq alıb ev tikəcək deyə onun uşaqğım ac qalmahdırmi? Bundan başqa iddiaçı anasının işləmədiyini bildirsə də, anasının təqaüd aldığını qeyd etməyib, hansı ki o təqaüdü ilə tək özünə maddı cəhətdən çox yaxşı baxar.Həmçinin iddiaçının özündən başqa digər qardaşları da var, anasına baxmaq vəzifəsi tək ona aid deyil. O evdə gəlin olduğum müddətcə də nə anasında elə bir xəstəlik gördü, nə də anasına yalnız iddiaçının maddi cəhətdən dəstək olduğunu gördü. Bundan əlavə iddiaçı və anasının şəxsi ev, maşını var. Maddi imkanları çox yaxşıdır. Sorğu versəniz özünüz də şahidi olarsınız. Həmçinin iddiaçı maaşının bütün hamısını yox, cəmi dörddə bir hissəsini aliment olaraq ödəyir, qalan dörddə üç hissəsi ilə anasına da, özünə də çox yaxşı baxa bilər və qeyd edtdiyi məbləği banka ödəyə bilər. O da bankdan pul götürüb özümə xərcləyər, istədiyimi alar amma onun üçün birinci övladı mənafeydiri bir valideyn olaraq. Özü hazırda heç bir yerdə işləmir, körpə övladına baxır. Qiymətlərin bu qədər qalxdığı bir dövrdə özü işləyən, anası təqaüd alan biri o qədər maaş təqaüdlə yaşaya bilmirsə, bəs işləməyən, maaşın dörddə biri ilə övladına baxan ana körpəsini necə saxlasın? O aliment də ona yox övladma kəsilib onun saxlanılması üçün xərclənir. Həm o dörddə bir qidası, səhhəti ilə bağlı yoxlanışları və digər xərcləri üçün güclə çatırsa mən 170 manatla bu dövrdə körpə uşağı necə saxlayım?onun isə sabit pul məbləğində ailement tutulması üçün heç bir xahişim yoxdur. Bu halların nəzərə alınaraq,, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03.02.2020 il tarixli 2(002)-430/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, 27 oktyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 13.01.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı X3 xeyrinə hər ay qazancının və başqa gəlirlərinin 1/4(dörddə bir) hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan 1 uşağının olması və yetkinlik yaşına çatmamış uşaqların anasının yanında qalması, həmçinin onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin Qərarda qeyd eidlmişdir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tədqiq edilmiş sübutlar əsasında hazırki mülki iş üzrə müvafiq məhkəmə qətaməsi əsasında təyin edilən alimentin miqdarının dəyişdiirlərək sabit pul məbləği şəklində müəyyən eidlməsinə əsas olan hər hansı hal (iş yeri, əmək haqqı ilə bağlı dəyişiklik baş verməsi, uşağın maddi təminatına təsir edən hər hansı halın baş verməsi, tərəflərdən hansısa birinin mənafeyinin əhəmiyy\tli dərəcədə pozulması halı, aliment öhdəliyi daşıyan iddiaçının maddi vəziyyətində, ailə vəziyyətində dəyişiklik baş verməsi halı) müəyyən edilməmişdir.Bundan əlavə məhkəmə onu qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar (kredit borcunun olması, valideynini saxlaması ilə bağlı xərclər) özlüyündə alimentin miqdarının dəyişdirilməsi üçün mütləq əsas qimsində çıxış etmir. Bu zaman məhkəmə hesab edir ki, hər bir halda alimentin miqdarının dəyişdiirlməsinin uşağın məanfeyinə uyğunluğu, onun əvvəlki təminat səviyyəsinə təsiri nəzərə alınmalıdır.Ona görə də məhkəmə qeyd eidlən halları nəzərə alaraq, uşağın yaşını, qeyd eidlən halın uşağın əvvəlki təminat səviyyəsinə əhəmiyyətli dərəcədə təsirini, bu halın isə uşağın mənafeyinə uyğun olmadığını əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin) 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçının Cavabdeh qarşı «alimentin dəyişdirilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar