Məhkəmə qərarları › İş №2(002)-1076/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1076/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1076/2023 25.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay hər bir uşağa görə ödədiyi 150 manat məbləğində alimentin miqdarının artırılaraq 220 manat məbləğində, cəmi 660 manat sabit pul məbləğində müəyyən edilməsi, eləcədə 50 manat məbləğində ödədiyi İMS xərcinin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-868/2022 saylı qətnaməsinə əsasən birgə nikahdan doğulmuş uşaqları xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi onun yanında saxlanılmaları, Cavabdeh uşaqlarının hər biri üçün onun xeyrinə hər ay 150 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hər üçü məktəbli olan uşaqlar biliklərini artırmaq məqsədi ilə hazırlıq kurslarına getməli, artan tədrislə bağlı dəftər, kitab və digər təhsil vəsaitlərinin qiymətlərinin bahalaşması, eləcə də böyüməkdə olan uşaqların layiqli geyimlərlə təmin olunmaları, yaxşı qidalanmaya təlabatlarının artması və s. hallarla bağlı onların maddi tələbatlarıda xeyli artmışdır. Son bir ildə ərzaq və geyim vəsaitlərinin, meyvə və tərəvəzin ictimai nəqliyyatda gediş haqqının, eləcə də digər xidmətlərin qiymətlərində artımlar olmuşdur. Uşaqlar böyüdükcə işıq, qaz, su sərfiyyatı da uyğun olaraq artmışdır. Cavabdeh tərəfindən ödənilən alimentlə eləcə də qazancı ilə uşaqların tələbatını ödəyə bilmir. Alimentdən əlavə cavabdeh uşaqların daha yaxşı yaşamaları üçün heç bir yardım etmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-00299 nömrəli “İlkin medeiasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məcburi mediasiya mərhələsindən keçmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-868/2022 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ İ 436006 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 868/2022 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında bağlanmış nikaha xitam verilmişdir. Belə ki, Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması üçün aşağıdakı əsaslardan biri olmalıdır: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa; - valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyilsə, çətinlik törədirsə və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozursa. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmçinin AM-nin 112.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, aliment verməyə borclu olan valideynin daimi qazancı və ya sair gəliri, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması iddiaçının və uşağın marağına uyğun olduğu müəyyən edilmədiyindən, uşağın saxlanması üçün müəyyən olunan alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləğində tutulmalıdır. Bundan başqa qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Sabit pul məbləğinin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşaqların tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə ki, valideynlərin hər biri uşaqlarını saxlamağa borclu olduğuna görə iddia tələbi qismən təmin edilməli, Cavabdeh aliment hər ay hər uşağa görə 170 manat olmaqla, üç uşağa görə 510 manat sabit pul məbləğində alıment və ödənilmiş 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddaçı cavabdehin daha artıq gəlirə malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilməli olan 81 manat 20 qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməklə, Cavabdeh alınaraq, dövlət büdcəsinə köçürülməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, № 8-2/2016 saylı Qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılması) ilə bağlı olduğundan, dəyişdirilmiş məbləğdə aliment qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112.1.3-cü, 119.2-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-868/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat, üç uşağa görə 510 manat sabit pul məbləğində aliment və ödənilmiş 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İş üzrə ödənilməli olan 81 manat 20 qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməklə, Cavabdeh alınaraq, dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar