Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1120/2020 13.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan xx xxxxxx 2015-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxx 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx xxxxxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü X5 adında iki uşaqları doğulmuşdur. Cavabdehlə aralarında narazılıqlar olmaqla ayrı yaşayırlar. Hazırda aralarındakı münasibət pozulmaqla o, Ağcabədi şəhərində atasının evində məskunlaşmışdır. Cavabdeh uşaqlara baxmır, hazırda uşaqlar onun himayəsindədir. O, cavabdehdən ata kimi uşaqlara baxmasını və aylıq xərclərini ödəməsini istəyir. Cavabdeh hal-hazırda fəhlədir və günəmuzd işləməklə hər ay hər uşağa 80 manat aliment ödəmək imkanı vardır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə teleqram ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə, tərəflərin müraciətini, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 951045 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 ilə Cavabdeh xx.xx.2014-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 690337 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Əlizadə Məhəmmədin atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı, 018931 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Əlizadə Məryəmin atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 939 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhərində qeydiyyatında olsa da, Ağcabədi şəhəri, K.Nəsibov küçəsində yerləşən evdə yaşayır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, tərəflərin aliment barədə qarşılıqlı razılığı, uşaqların mənafeyi, onların faktiki analarının yanında yaşamaları, cavabdehin iddianı qəbul etməsi nəzərə alınaraq, iddia təmin edilməli, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxx 2020-ci il tarixindən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1120/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1120/2020
13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver