Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1178/2023 04.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı MMC-nin qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 23466 (iyirmi üç min dörd yüz altmış altı) manatın və mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MMC-nin qanuni təmsilçisi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 2019-cu ildən İddiaçı MMC-ni (VÖEN **********) təsis etməklə həmin şirkətin direktorudur. Direktoru olduğu şirkət turizmçilik fəalliyyəti göstərir. Cavabdeh 2022-ci ilin mart ayında onun ofisinə gələrək əvvəllər özünün də digər turizm şirkətləri ilə işlədiyini, bu sahədə müştərilərinin olduğunu bildirmiş və ona əməkdaşlıq etməyi təklif etmişdir. Bununla bağlı aralarında 19 mart 2022-ci il tarixli, 4 nömrəli Turizm xidmətləri üzrə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı (İddiaçı MMC) sifarişçidən (Cavabdeh) aldığı yazılı və ya şifahi tapşırıq əsasında, sifarişçinin aviabilet, dəmir yolu bileti və digər nəqliyyat növləri üzrə biletlərlə, mehmanxanalarda və qonaq evlərində otaqların bronlaşdırılması və yerləşdirmə, avtomobil icrarəsi, viza təminatı ilə təmin etməyi, ölkədaxili və ölkəxarici turların təşkili və bununla əlaqədar bütün digər turizm xidmətlərinin göstərilməsini üzərinə götürmüşdür. Həmçinin sifarişçi öz növbəsində icraçı tərəfindən təqdim edilmiş biletlərin və sifarişçinin yazılı və ya şifahi tapşırığı əsasında icra edilmiş digər xidmətlərin dəyərinin müqavilənin şərtlərinə uyğun olaraq lazımi qaydada ödənilməsini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi müvafiq turizm xidmətlərindən yararlanır, icraçı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hesabat günü ödənişi həyata keçirir. Ödəniş nağd şəkildə həyata keçirilir, hesabat dövrü bilet yazılandan 10 gün sonra həyata keçirilir. Sonra Cavabdeh öz müştərilərinə satış etmək üçün həmin müştərilərin pasportlarını onlara göndərmiş və ilk satışlarını həyata keçirmişdir. Bundan sonra bir müddət normal olaraq müştərilərə satış həyata keçirmişlər. Həmin ilin may ayında o, xarici ölkədə olduğu vaxt cavabdeh ona zəng vuraraq yeni müştərilərin olduğunu bildirmiş və onlar üçün təcili sürətdə biletler alınmalı olduğunu bildirmişdir. Həmin vaxt o, cavabdehə əvvəlki müştərilərin ödənişlərini etməsini bildirdikdə, ona bəhanələr gətirməyə başlamışdır. Lakin o, cavabdehə inandığı üçün yeni müştərilərə görə biletlərin alınması və ya bron olunması üçün işçisinə təlimat vermişdir. Bir müddətdən sonra o, ölkəyə qayıtmış və ofisə gedərək şirkətin işləri ilə məşğul olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, Cavabdeh 32466 manat məbləğində ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Dərhal onunla əlaqə saxlayaraq təcili ödənişləri etməsini bildirmiş, cavabdeh ondan ödənişlərin edilməsi üçün 2-3 gün vaxt tələb etmişdir. Həmin 2-3 gün vaxt tamam olduqda, yəni iyun ayında cavabdeh ofisə gələrək 9000 manat məbləğində ödəniş etmişdir. Sonradan ona məlum olmuşdur ki, Nazrin bütün travel şirkətlərinin başına bu oyunları açmışdır. Əvvəlcə hamısının etibarını qazanmış və sonradan onların xoş niyyətlərindən sui-istifadə edərək, aldadaraq pulları mənimsəmişdir. O, dəfələrlə Nazrindən ödənişləri etməsini tələb etmişdir. Həm adi zəng formasında, həm də “whatsapp” sosial şəbəkə vasitəsilə cavabdehə qalıq qalmış 23466 manat pulu ödəməsini bildirmişdir. Hər səfərində həm yazılı olaraq, həm də şifahi danışıqlar zamanı cavabdeh ona bildirmişdir ki, pulu gətirib ödəyəcək, sadəcə vaxt tələb edir. Borc məbləği həm maliyyə arayışı ilə, həm də 22, 24, 25 iyun, 4 iyul 2022-ci il tarixli “whatsapp” yazışmalarında cavabdehin özünün etirafı ilə tam təsdiq olunur. Lakin, Nazrin bugünə kimi 23466 manat ödənişi həyata keçirməmişdir. Bununla əlaqədar olaraq o, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət etmiş, fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh hər hansı VÖEN-ə malik olmamış, yalnız fiziki şəxs kimi fəaliyyət göstərmişdir. Beləliklə, Cavabdeh 19 mart 2022-ci il tarixli, 4 saylı Turizm xidmətləri üzrə müqaviləyə əsasən iddiaçıya 23466 manat borcu qalmışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Cavabdeh borclu qaldığı 23466 manat məbləğində pulu vaxtında qaytarmadığına görə, İddiaçı MMC tərəfindən sığorta ödənişləri vaxtında "xxxx" ASC-yə ödənilməmişdir. Eyni zamanda bildirmək istəyir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyana da məruz qalmışlar. Buna görə də hesab edir ki, Cavabdeh İddiaçı MMC-nin xeyrinə mənəvi zərərə görə də 20000 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən, iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 4 saylı Turizm xidmətləri üzrə müqavilənin surətindən görünür ki, icraçı (İddiaçı MMC) sifarişçidən (Cavabdeh) aldığı yazlı və şifahi tapşırıq əsasında, sifarişçinin aviabilet, dəmir yolu bileti və digər nəqliyyat növləri üzrə biletlərlə, mehmanxanalarda və qonaq evlərində otaqların bronlaşdırılması və yerləşdirmə, avtomobil icarəsi, viza təminatı ilə təmin etməyi, ölkədaxili və ölkəxarici turların təşkili və bununla əlaqədar bütün digər turizm xidmətlərinin (eləcə də səfər sığortası əldə etməklə) göstərilməsini üzərinə götürür, sifarişçi isə öz növbəsində icraçı tərəfindən təqdim edilmiş biletlərin və sifarişçinin yazılı və şifahi tapşırığı əsasında icra edilmiş digər xidmətlərin dəyərinin bu müqavilənin şərtlərinə uyğun olaraq lazımi qaydada ödənilməsini öz üzərinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi müvafiq turizm xidmətlərindən yararlanır, icraçı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən hesabat günü ödənişi həyata keçirir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, ödəniş nağd şəkildə həyata keçirilir, hesabat dövrü bilet yazılandan 10 gün sonra həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, müraciətdə qeyd olunan xüsusatlar mülki xarakterli olduğundan aiddiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin 1 saylı əmrinin surətindən görünür ki, Nümayəndə İddiaçı MMC-də xx.xx.2020-ci il tarixdən direktor vəzifəsində fəaliyyətə başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi və qərarın surətinin məlumat üçün maraqlı tərəflərə verilməsi qərara alınmışdır. Həmin qərarın surətindən görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, İddiaçı MMC ilə turizm sahəsində əməkdaşlıq etmiş və sonradan əməkdaşlıq nəticəsində onun İddiaçı MMC-nə 25466 manat borcu yaranmışdır. O, iyun ayında həmin borcun 9000 manatını hissə-hissə olmaqla Ramiləyə ödəmiş, qalan 16466 manat borcu isə ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 4 saylı Turizm xidmətləri üzrə müqaviləyə əsasən Cavabdeh tərəfindən aparılmış aviabiletlərin satışı və digər turizm xidmətlərinə görə icraçı (İddiaçı MMC) yaranmış 23466 manat borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə 10 (on) gün ərzində qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. İş materiallarında olan sifariş blanklarının, həmin blanklarla bağlı yazışmaların surətlərindən, habelə xx.xx.2023-cü il tarixli maliyyə arayışından aydın olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixində İddiaçı MMC ilə bir il müddətinə 4 nömrəli müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək İddiaçı MMC-nə 66173 manat sifariş vermiş, 42707 manat ödəniş etmiş, onun 23466 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarında olan Cavabdeh (***-***-**-**) ilə Nümayəndə arasında olan “whatsapp” yazışmalarından çıxarışların surətlərindən görünür ki, 22, 24, 25 iyun, 4 iyul 2022-ci il tarixli yazışmalarda cavabdehin 23466 (28861-9000+3605=23466) manat məbləğində borcunun olduğu və cavabdehin həmin borcu qaytaracağı əks olunmuşdur. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən Cavabdeh barəsində çıxarışdan görünür ki, ***-***-**-** mobil nömrəsi onun adına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlara, o cümlədən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4 saylı Turizm xidmətləri üzrə müqavilənin şərtlərinə, xx.xx.2023-cü il tarixli maliyyə arayışına, Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətinə, cavabdehin adına qeydiyyatda olan (***-***-**-**) mobil nömrəsi ilə aparılmış “whatsapp” yazışmalarının surətlərinə əsasən müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini cavabdeh pozaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini 23466 manat məbləğində icra etməmişdir. Ona görə də iddia tələbi həmin məbləğdə pulun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 862.1-ci maddəsinə əsasən, turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı tərəf hüquqi şəxs olduğundan, iddia tələbi mənəvi zərər hissəsində təmin edilməməlidir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 3-cü bəndinə əsasən, Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Məhkəmə həmçinin müəyyən edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olan dövlət rüsumu cavabdehdən tutulmalı, qalan dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23466 (iyirmi üç min dörd yüz altmış altı) manat məbləğində pul vəsaiti və 119 (yüz on doqquz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1178/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1178/2023
04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver