Məhkəmə qərarları › İş №2(002)-1187/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1187/2020

31.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1187/2020 31.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun barəsində işlətdiyi nalayiq ifadələrlə bağlı cavabdehlərə üzr istəmək vəzifəsinin qoyulması və cavabdehlərin təqsiri ucbatından ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, məhkəməyə «vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət etməkdə əsas məqsədi onun Əsas Qanun olan Konstitusiyada təsbit edilmiş hüquqlarını ictimaiyyətin çoxsaylı nümayəndələri arasında kobud şəkildə pozaraq ona mənəvi ziyan vurmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqazidd hərəkətlərinə görə üzrxahlıq etməsi və həmçinin, cavabdehlərin etdiyi hüquqazidd hərəkətlər nəticəsində ona vurmuş olduğu mənəvi ziyanı ödəmələri ilə bağlı qərar qəbul edilməsini Ədalət Mühakiməsindən xahiş etməkdir. 2019-cu ilin təxminən iyul-avqust aylarında cavabdehlərlə maşın alveri etdi. Maşın aldıqdan sonra maşında bir çox qüsurlar və nasazlıqlar olduğundan cavabdehlərə zəng edərək iradını bildirdi. Cavabdehlər isə ona bu nasazlıqları özünün həll etməli olduğunu bildirərək kobudluq etdilər. Onu xeyli maddi ziyana salan bu şəxslər təkrar zəngində onunla kobud və sözlə ifadəsi qeyri mümkün olan tərzdə danışaraq bir də onlara zəng edərsə ona və ailəsinə xətər yetirəcəkləri, hətta həyatlarına son qoyacaqları ilə hədələdilər. O cavabdehlərin bu hərəkətlərindən narahat olaraq dərhal AR DİN-in 102-nin Qaynar Xətt Xidmətinə zəng vurub qanuni tədbir görülməsini xahiş etdi. Şikayəti əsasında aidiyyəti üzrə araşdırma aparan 25-ci PB-nin əməkdaşlarını cavabdehlərin təhqir etmələri, həm də polis əməkdaşlarına onunla əlaqəli nalayiq ifadələr işlətməsi barəsində mənfi fikirlər formalaşmasına səbəb olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqazidd hərəkətləri sayəsində onun səhhətində də ciddi psixoloji narahatlıqlar yaranmışdır. Cavabdehlərin hüquqazidd hərəkətlərinin nəticəsi olaraq onda qəfil yaranmış yüksək təzyiqlə bağlı hələ də ambulator müalicə alır. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdehlər etdikləri hüquqazidd hərəkətlərin nəticəsi olaraq indiyədək ondan üzrxahlıq diləməmiş, vurduqları mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı heç bir addım atmamışdır. Cavabdehlər tərəfindən edilmiş bütün bu hüquq pozulması halları ilə bağlı sülh yolu ilə addım atmayacaqları təqdirdə Azərbaycan Respublikasının mövcud Qanunvericiliyinə əsaslanaraq aidiyyəti üzrə hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etmək zorunda qalacağımla bağlı cavabdehlərə xəbərdarlıq etməyinə baxmayaraq təəssüflər olsun ki, cavabdehlər tərəfindən heç bir reaksiya verilməmişdir. Ölkə vətəndaşı olaraq mövcud qanunlarda əks olunmuş hüquqlardan istifadə etməyə əsası olduğu üçün Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlətin vətəndaşlara verdiyi hüquqların vətəndaşlara verdiyi hüquqlardan səmərəli istifadə hüquqlarının cavabdehlər tərəfindən kobudcasına pozulması ilə bağlı məhkəməyə iddia tələni ilə müraciət etmək zorundadır. AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Cavabdeh2 maşın almışdır, sonradan maşıda müəyyən qüsurlar olduğu üçün Cavabdeh1 zəng etmiş, Mehman onu telefonda təhqir etmişdir. Bu səbəbdən iddia təmin edilməlidir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə avtomobil alış verişi ilə bağlı aralarında şifahi razılaşma olmuş, həmin maşını iddiaçıya təhvil verdikdən sonra, iddiaçı həmin avtomobildə qüsurlar olduğunu bildirmiş, o Fehruza əgər istəirsə avtomobili qaytara biləcəyini bildirmiş, ona qarşı heç bir təhqiredici söz işlətməmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ona zəng edərək onu mübahisəyə çağırdı. O, iddiaçını telefonda təhqir etməyib, heç bir təhqiredici ifadə istifadə etməyib, əksinə iddiaçı telefonda ona qarşı təhqiredici ifadələr istifadə edib. Bu səbəbdən, iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlarından görünür ki, İddiaçı Cavabdeh1 onu ölümlə hədələməsi və təhqir etməsi barəsində polis orqanına şikayət etmiş, toplanmış material üzrə cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları, iş materialları ilə müəyyən olunan mübahisəsiz hallarından görünür ki, tərəflər arasında avtomobil alınması ilə bağlı razılaşma olmuş, həmin razılaşmaya əsasən avtomobil iddiaçıya təhvil verilmiş, sonradan iddiaçı həmin avtomobillə bağlı narazılığını bildirmək üçün Cavabdeh1la aralarında telefon danışığı olmuşdur. Tərəflər arasında mübahisəli hal: iddiaçı cavabdehin onu telefon danışığında təhqir etdiyini bildirir, cavabdehlər isə bu halı inkar edərək iddiaçı tərəfindən telefon danışığında təhqir olunduqlarını bildirir. Həmçinin, iş materiallarında olan digər sənədlərdən görünür ki, iddiaçı müvafiq orqanlara ərizə və şikayətlərlə müraciət etmiş və pozulmasını güman etdiyi hüquqlarının müdafiəsi ilə bağlı hərəkətlər etmişdir. İddiaçı iddia ərizəsində cavabdehlərin üzərinə üzr istəmək vəzifəsinin qoyulması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntı və psixoloji iztirablara görə ona 10000 manat məbləğində zərərin əvəzinin ödənilməsini tələb etsə də, qeyd edilən iddia tələblərini əsaslandırmamış, cavabdehlərin onu təhqir etməsini qeyd etsə də, yalnız telefonda Cavabdeh1 ona qarşı nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini alçaltdığını qeyd etmişdir. Qeyd edilən hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz əksini tapmamış, iddiaçı tərəfindən sübuta yetirilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X4 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X4 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı tələbində Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və psixoloji iztirablar keçirdiyini, bu səbəbdən mənəvi zərər tələb etdiyini qeyd etsə də, sarsıntı və iztirabların nədə ifadə olunmasını, ümumiyyətlə cavabdehlər tərəfindən ona qarşı nalayiq ifadə işlədilməsi halını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, ümumiyyətlə onun barəsində cavabdehlər tərəfindən hər-hansı həqiqətə uyğun olmayan məlumat yayılması halı məhkəmə iclasında müəyyən edilməmiş, iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. X4 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar