Məhkəmə qərarları › İş №2(002)-1221/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1221/2021

28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1221/2021 28.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, Cavabdeh ilə 02 noyabr 2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan iki uşaqları doğulmuşdur. 16 avqust 2013-cü il tarixdə X4 və 12 avqust 2020-ci il tarixdə X5. Cavabdehlə aralarında soyuqluq yaranmış bu səbəbdən ayrılmışlar. Hazırda uşaqlar onun himayəsindədir. Cavabdeh “X9 Company” MMC-də mühafizə rəisi vəzifəsində işləyir və kifayət qədər əmək haqqı alır, lakin uşaqlara heç bir maddi yardım göstərmir. İddiaçı isə uşaqları tək saxlayır və böyük çətinlik çəkir. İddiaçı uşaqların tələbatını təkbaşına ödəyə bilmir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 16 avqust 2013-cü il tarixdə doğulmuş X1 və 12 avqust 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 175 manat, iki uşağa görə cəmi 350 manat sabit pul məbləğində alimentin, 12 avqust 2020-ci il tarixdə doğulmuş X2 üç yaşına çatana kimi əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, alimentin ondan sabit pul məbləğində tutulmasına razıdır, lakin uşağın üç yaşına çatanadək saxlanılması ilə bağlı aliment ödəməyə razı deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 noyabr 2012-ci il tarixli, AZ-І seriyalı, 811555 saylı nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 02 noyabr 2012-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 807 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Axundova soyadı verilmişdir. İş materiallarında olan Qaradağ Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2020-ci il tarixli, AZ-lV seriyalı, 466041 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 12 avqust 2020-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 avqust 2013-cü il tarixli, AZ-lİİ seriyalı, 145153 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 16 avqust 2013-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan “X9 Company” MMC tərəfindən verilmiş 006-İR/21 saylı, 26 aprel 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 01.03.2016-ci il tarixindən “X9 Company”-də fəaliyyət göstərir və hazırki vəzifəsi mühafizə üzrə növbə nəzarətçisidir. Onun aylıq gəliri 1,071,84 manat (vergi və tutulmalar daxil olmaqla) təşkil edir və aşağıdakı kimi bölünür: -Vergi, sosial tutulmalar, icbari tibbi sığorta, işsizlikdən sığorta-109,26 (yüz doqquz manat iyirmi altı) qəpik -Xalis (NET) əmək haqqı-962.58 AZN (doqquz yüz altmış iki manat 58 qəpik). Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X3 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi, 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) 1/3 hissəsi, 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 84.1.1-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində ər arvada maddi cəhətdən kömək etməlidir. Göstərilən Məcəllənin 100.2-ci maddəsinə uyğun olaraq, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 16 avqust 2013-cü il təvəllüdlü Cavabdeh və 12 avqust 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment, həmçinin 12 avqust 2020-ci il təvəllüdlü X2 üç yaşına çatana kimi hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Qalan hissədə isə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh işləyir və onun alimentin tutulmasını mümkün edə biləcək qazanci vardır. Belə olan halda uşaqların saxlanılması ilə bağlı aliment ondan iddiaçının tələb etdiyi qayda ilə deyil, cavabdehin qazanc və gəlirlərinin müəyyən hissəsi miqdarında tutulmalıdır. Digər tərəfdən cavabdeh zəruri vəsaitə malik olsa da, birgə nikahdan olan uşağın üç yaşına çatana kimi əlavə olaraq 30 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və ailə vəziyyəti baxımından ədalətli hesab olunur. Alimentin tutulması 29 mart 2021-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 16 avqust 2013-cü il təvəllüdlü X1 və 12 avqust 2020ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 miqdarında aliment, eləcə 12 avqust 2020-ci il təvəllüdlü X2 üç yaşına çatana kimi saxlaması üçün hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması 29 mart 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə məhkəmə məsrəfi olan 30 manat məbləğində pul Cavabdeh dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar