Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1231/2025 17.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, qızı X1 üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1598/2023 saylı qətnaməsi ilə 300 manat sabit pul məbləğində təyin olunmuş alimentin azaldılaraq 246 manat sabit pul məblğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.2015-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X3 anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən cavabdeh ilə nikahlarına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-5905/2016 saylı qətnaməsi ilə xitam verilmiş, birgə nikahdan anadan olmuş X2 anası Cavabdeh yanında saxlanılması müəyyən edilmişdir. Uşağa görə təyin edilmiş aliment sonradan bir neçə dəfə artırılmış, sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1598/2023 saylı qətnaməsi ilə 300 manat sabit pul məbləğində müəyyən olunmuşdur. O, bir valideyn olaraq uşağın üzərində olan məsuliyyətini dərk edir, uşağın tərbiyəsi və inkişafı, maddi və mənəvi tələbatlarının ödənilməsi üçün əlindən gələni edir. Təyin edilmiş alimenti vaxtında ödəyir, alimentdən başqa uşaqla hər görüşdə ona xeyli əlavə xərc çəkir, hətta bəzən uşaqla görüş vaxtı iki yüz manata yaxın xərci çıxır. Lakin, sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, yüksək gəliri yoxdur. Aylıq gəliri sabit olmadığından, hər ay 300 manat alimenti ödəməkdə çətinlik çəkir. Mərmər işi ilə məşğul olsa da, aylıq qazancı çox deyil, ***-**** manat arasında dəyişir, kredit təşkilatlarına 15 min manatdan çox borcu vardır, Nərimanov rayonunda 600 manata kirayədə qalır, himayəsində yaşlı və xəstə ata-anası vardır, hazırda 2023-cü ildə təyin olunmuş 300 manat məbləğində alimenti ödəməkdə çətinlik çəkir. Bundan əlavə, 2025-ci ildə uşaqlara görə yaşayış minimumu 246 manat təşkil edir, hesab edir ki, aliment də həmin məbləğə qədər azaldılmalıdır. Bu səbəbdən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbinə etiraz edir. Belə ki, birgə nikahdan olan uşağın saxlanması üçün 2023-cü ildə təyin edilmiş 300 manat sabit pul məbləğində alimentin azaldılması ilə qətiyyən razı deyildir. İddiaçının maddi vəziyyətində heç bir dəyişiklik yoxdur, o, əvvəllər olduğu kimi hazırda da sahibkar olaraq mərmər satışı ilə məşğul olur, xarici ölkələrdən mərmər qranit gətirib satır, tez-tez xarici ölkələrə səfərlər edir, sosial şəbəkələrdə mərmər reklamı ilə məşğul olur, onun kifayət qədər qazancı vardır, iki ildən sonra alimentin 54 manat azaldılmasını tələb etməsi onun maddi vəziyyəti ilə deyil, ona qarşı qərəzli münasibəti ilə bağlıdır. Digər tərəfdən, uşağın xərcləri 2023-cü ildən bəri daha da artmışdır. Uşağın yaşı artdıqca xərcləri də artmaqdadır, bədəncə olduqca zəif uşaqdır, həm hazırlığa, həm də idmana getməli olur, onun aylıq xərcləri ödənilən alimenti də keçir. Hazırda uşağın təminatında ciddi çətinlik çəkir, əslində alimentin artırılmalı olduğunu hesab edir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1598/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-735/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, 22 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq cavabdeh İddiaçı hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edlmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş İddiaçı (VÖEN:**********) şəxsi hesab vərəqələrinin surətlərindən görünür ki, 2022-2025-ci illər üzrə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla müvafiq vergi ödənişlərini həyata keçirmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı ilə bağlı çıxarışlardan görünür ki, İddiaçı vergi ödəyicisi olmaqla, bir neçə bankda bank hesablarına malikdir, 2023-2025-ci illər ərzində xarici ölkələrə dəfələrlə gedib-qayıtmışdır. İş materiallarında olan tibbi müayinə sənədlərindən görünür ki, Abulov Hakim və Abulova Yaxşı tibbi müayinələrdən keçmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarının tələblərinə əsasən müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1598/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 22 mart 2015-ci il təvəllüdlü X1 üçün təyin olunmuş 300 manat sabit pul məbləğində alimentin miqdarının 246 manata azaldılması tələbi əsassızdır. Belə ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra eyni fəaliyyət istiqaməti üzrə sahibkarlıqla məşğul olan iddiaçı tərəfin maddi vəziyyətində ciddi dəyişikliyin olduğu məhkəmə baxışında sübuta yetirilmədi, həmçinin öz izahatında uşaqla görüş zamanı tələb etdiyi azalma miqdarından (54 manat) daha çox məbləğ xərclədiyini qeyd edən iddiaçının alimentin ödənilməsində çətinliklə bağlı dəlilləri əsaslı və ağlabatan deyildir. Eyni zamanda, məhkəmə hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurəti nəzərə alınmaqla, məhkəmə tərəfindən təyin edilmiş alimentin iki ildən sonra azaldılması uşağın artan tələbatlarının ödənilməsi baxımından qanuni və ədalətli hesab oluna bilməz. Qeyd olunanlara əsasən, iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1231/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1231/2025
17.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver