Məhkəmə qərarları › İş №2(002)-1242/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1242/2025

24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1242/2025 24.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırkı iddia ərizəsindən göründüyü kimi, İddiaçı yetkinlik yaşına çatan oğluxx.xx.2007-ci il təvəllüdlü X1 ilə əlaqədar olaraq yaranmış xərclərin ödənilməsi üçün Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı oğlu-X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda həmin mülki iş (2(002)- 3683/2024 saylı 09.12.2-24-cü il tarixli qərardad ilə,hakim Kamran Əsədov) üzrə məhkəmə-psixiatrik ekspertiza təyin edilərək dayandırılmışdır. Yəni hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-237/2025 saylı mülki işi üzrə yekunlaşmadığından X2 fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsi məsələsi hələki müəyyən edilməmiş və hazırki ərizə üzrə iddiaçı oğlunun qəyyumu təyin edilməmişdir. Həmçinin iddia ərizəsinə X3 tərəfindən iddiaçıya hazırki ərizə ilə məhkəməyə müraciət edilməsinə dair hər hansı bir səlahiyyətin verilməsinə təsdiqləyən sənəd(etibarnamə) əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X3 yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyətli şəxs olduğuna görə özü müstəqil şəkildə və yaxud etibarnamə ilə digər şəxslər vasitəsi ilə müvafiq tələblə məhkəməyə müraciət edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı oğlu-X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair Qaradağ rayon Məhkəməsinin icraatında olan mülki işin yekun məhkəmə qətnaməsi qəbul olunmadığından X2 fəaliyyət qabiliyyəti olmayan şəxs olunubolunmaması hazırkı halda qeyri müəyyəndir. Bu səbəbdən də buna istinadən ərizə icraata qəbul oluna bilməz. Beləliklə, iddia ərizəsi MPM-nin 149-cu maddəsinə uyğun tərtib olunmadığından iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinə əsasən ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən sözü gedən nöqsan aradan qaldırılmaqdan ötrü iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar