Məhkəmə qərarları › İş №2(002)-1255/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1255/2021

27.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1255/2021 27.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclas katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı Abdullovnanın iştirakı ilə İddiaçı cavabdeh X2rşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abdullovna cavabdeh X2rşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 200(iki yüz) manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Abdullovna iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Abdulovnanın mərhum X3 nikahlarından iki övladları: Əliyeva (Volskaya) Tatyana Vyaçeslavovna və Aleksandr Vyaçeslavoviç adlı iki övladları dünyaya gəlmişdir.Hazırda o və onun hər iki övladı bir evdə yaşayırlar. Vaxtilə münasibətləri normal olmuşdur. Oğlu Aleksandr illərlə Rusiya Federasiyasında yaşamış, bir-neçə il olar ki, Azərbaycan Respublikasına qayıtmışdır. Hazırkı vəziyyətdə çətinliklə dolanır, fərdi əməklə məşğul olur. Qızı Cavabdeh isə işləyir, aylıq yaxşı gəliri vardır. Buna baxmayaraq, bir ana kimi ona heç bir maddi qayğı göstərmir, əksinə illərdir ki, psixoloji təzyiqlər edərək, məni fiziki və mənəvi cəhətdən sarsıtmişdır. İllər ərzində min-cür çətinliklə övlad böyüdüb qarşılığında özümə qarşı hörmətsizlik, saymamazlıq görəndə çəkdiyi iztirablar onu sıxır. Qızının təhqirləri, alçaldıcı sözləri onu sarsıdaraq, sözün əsl mənasında bu yaşda onda olan yaşamaq eşqini söndürməkdədir. Vəziyyət o yerə çatmışdır ki qızı onun nəfəs aldığı, onlara qulluq etməklə mənəvi cəhətdən sanki onu rahatladan üzüm tənəklərini qəsdən məhv etmişdir ki, həyətdə gəzməkdən zövq ala bilməsin. Bir sözlə, doğma qızı onu mənəvi cəhətdən məhv etmək istəyir. Onun aylıq təqaüdü cəmi 256 manat təşkil edir. Həmin məbləğlə dolana bilmir, maddi sıxıntı keçirir. Qızı Tatyana isə bütün bunları görüb, bilərək, qəsdən ona maddi köməklik göstərmir. Dəfələrlə olub ki, təqaüdü..ayın sonuna kimi kifayət etmədiyindən, çox məyus olsa da, maddi çətinliyə dözərək, heç kimdən kömək istəməmişdir. Qızının yerinə utanc keçirmiş ki, öz övladının imkanı ola-ola necə olar ki, kimdənsə pul və ərzaq alsın. İddiaçı Abdullovna məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq, özünün 250 manat təqaüd aldığını, oğlu ilə yaşadığını, cavabdehin işlədiyini və təxminən 2000 manat məvacib aldığını, oğlu onunla birgə yaşadığını, ona baxdığını, lakin qızının onunla ümumiyyətlə maraqlanmadığını bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Əliyeva (Volskaya) Tatyana Vyaçeslavovna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X1 anası- İddiaçı Abdullovnadır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin V hissəinə əsasən, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Ailədə yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Həmin Məcəllənin 83.1-cü maddəsinə əsasən, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. «Azərbaycan Respublikasında 2021-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-cu il üçün 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin anasıdır. Həmçinin, məhkəmə iclasında tərəflərin veridyi izahatından aydın olur ki, iddiaçının 2 övladı var, hər ay 250 manat məbləğində əmək pensiyası alır,oğlu onunla birgə yaşamaqlaona kömək edir, lakin qızı aylıq gəliri olsa da onunla maraqlanmır. Həmçinin, məhkəmə araşdırması zamanı, iddiaçının cavabdehin valideyni qismində onun valideynlik vəzifələrini yerinə yetirməməsi, habelə valideynlik hüquqlarından məhrum edilməsinə dair heç bir hal aşkar edilməmiş, habelə alimentin ödənilməsinə dair tərəflər arasında sazişin olması müəyyən edilməmişdir. Bu halda məhkəmə iddiaçının cavabdehin valideyni olması, onun ahıl yaşlı, habelə pensiyaçı olmaqla, əmək qabiliyyətli olmaması, onun maddi yardıma ehtiyacının olması hallarını əsas götürərək, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə tutulacaq alimentin miqdarı ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçı onun saxlanması üçün hər ay 200 manat məbləğində pul vəsaitinə ehtiyacının tələb olunmasını qeyd etsə də, məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin miqdarının müəyyən edilməsi zamanı cavabdehin ailə və maddi vəziyyətini, iddiaçının pensiyaçı olması hallarının nəzərə alınmasını zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu pensiyaçılar üçün 149 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx xxxx 2021-ci il tarixdən etibarən tutulmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.1946-ci il təvəllüdlü İddiaçı Abdullovnanın saxlanılması üçün xx.xx.2021-ci ildən başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Abdullovnanın xeyrinə ödənilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.1946-ci il təvəllüdlü İddiaçı Abdullovnanın saxlanılması üçün xx.xx.2021-ci ildən başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Abdullovnanın xeyrinə ödənilsin. Qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar