Məhkəmə qərarları › İş №2(002)-1257/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1257/2022

22.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1257/2022 22.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, o Cavabdeh ilə xx.xx.1983-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki uşaq: xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə ailə qurduğu ilk vaxtlar münasibətləri yaxşı olmuş, sonradan xasiyyətləri uyğun gəlməməklə, yola gedə bilməmişlər. Həmişə aralarında narazılıq, dava-dalaş olmuşdur. Cavabdehlə aralarında münasibətləri pozulmaqla, bir il yarımdır ki, ayrı yaşayırlar. Hal-hazırda uşaqlar onun himayəsində yaşamaqla cavabdeh könüllü olaraq ona yardım etmək istəmir. Cavabdeh fərdi əməklə məşğul olur, ev tikir, ustalıq edir və kifayət qədər gəlirə malikdir. O isə uşaqları tək saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də nikah pozulmadan məhkəməyə alimentin tutulması üçün müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 193 manat olmaqla, cəmi iki uşağa görə 375 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 193 manat olmaqla, cəmi iki uşağa görə 386 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qısmən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı Asan Xidmət mərkəzi tərəfindən verilmiş 25 dekabr 2017-ci il tarixli, AZ-İİ seriyalı, 247576 saylı nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 25 dekabr 2017-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4422 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət mərkəzi tərəfindən verilmiş 29 noyabr 2018-ci il tarixli, AZ-İV 213750 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 02 yanvar 2018-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 iyun 2020-ci il tarixli, AZ-İV 438850 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 31 avqust 2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X3 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil edir. Göstərilən Məcəllənin 100.2-ci maddəsinə uyğun olaraq, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin daha artıq aliment ödəməyə qadir olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 56 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması 05 aprel 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İş üzrə 56 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar