Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1278/2024 16.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, habelə əlavə olaraq bir uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Əvvəllər ailə münasibətləri yaxış olsa da, sonradan heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəsilmişdir. Övladı Gülnaz kəskin leykozdan əziyyət çəkir və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində olan Milli Hematologiya və transfizüologiya mərkəzində uçotdadı və orda professor hematoloq Mireldar Babayev müalicə edir. Övladının maddi ehtiyaclarını ödənilməsi üçün vəsait kifayət etmir. Belə ki, hazırda heç bir yerdə işləmədiyinə görə təkbaşına uşağın layiqli həyat səviyyəsini, təhsilinə sərf edilən vəsaiti təmin etmək onun üçün çox çətindir. Ona görə də qızının təhsil və təbii ehtiyaclarını ödəmək üçün 100 manat miqdarında əlavə alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, lakin İddiaçı Bəylət qızı xx.xx.2024-cü ildə məhkəmənin dəftərxanasına ərizə verərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq, yekun məhkəmə aktının çıxsarılmasını xahiş etmişdir. Cavabdeh gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması hissəsində qəbul etdiyini, həmin hissədə iddianın təmin edilməsini, lakin əlavə olaraq ondan bir uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutulması hissəsində iddianı qəbul etmədiyini, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01755 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məcburi mediasiya mərhələsindən keçmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 989395 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsində 1087 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Göründüyü kimi, iddiaçının övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Cavabdeh rəsmi şəkildə işləməklə, əmək haqqı alır. O, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin “Azneft” İstehsalat Birliyində neft və qaz hasilatı üzrə operatoru vəzifəsində işləməklə, orta aylıq gəliri 842 manat 53 qəpik təşkil edir. Həmin məbləğin ¼ hissəsi isə riyazi hesablama aparıldıqda 210 manat təşkil edir. Həmin məbləğin üzərinə isə əlavə olaraq 25 manat gəldikdə 235 manat edir. Cavabdeh isə yalnız ondan qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulması hissəsində iddianı qəbul edir. Qalan hissədə isə iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə olaraq hər ay 25 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bu ondan irəli gəlir ki, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması hər il tələbatları daha da artan uşağın saxlanılması baxımından yetərli vəsait deyildir. Bu səbəbdən cavabdehdən hər ay əlavə olaraq 25 manat sabit pul məbləğində alimentin tutulması həm ailə qanunvericiliyinin həm də yuxarıda istinad edilən qanunun tələbləri baxımından ədalətli hesab edilir. Məhkəmə hesab edir ki, qalan hissədə iddia təmin edilə bilməz. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsassən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı cavabdehin buna zəruri vəsaitə malik olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay 25 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Aliment tələbi üzrə 48 manat 20 qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci İddiaçı aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay 25 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Aliment tələbi üzrə 48 manat 20 qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci İddiaçı aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1278/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1278/2024
16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver