Məhkəmə qərarları › İş №2(002)-128/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-128/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-128/2022 31.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC şirkəti Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4302 (dörd min üç yüz iki) manat sığorta ödənişi məbləğinin,500 (beş yüz) manat işlərin görülməsi xərcinin və 30 (otuz) manat dövlət rüsumunun,cəmi 4832 (dörd min səkkiz otuz iki) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X3 arasında 09.08.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz C230” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 08.05.2018-ci il tarixdə “Mercedes Benz C230” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Qazax yolunun 44-cü kilometrliyində yol-nəqliyyat hadisəsi törətmiş və “MİTSUBİSHİ ASX” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 4302 (dörd min üç yüz iki) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.Hadisə ilə bağlı AR DİN BDYPİ YPXAın "xxxx" ASC-ə təqdim etdiyi 10.05.2018-ci il tarixli, 016-49645-1218 saylı Arayışa əsasən Cavabdeh oğu yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir.Hadisə ilə bağlı tərtib olunmuş inzibati xəta haqqında protokolda Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə yazılı ərizə göndərərək, işə onalrın iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qismən qəbul edərək, baş vermiş hadisə ilə bağlı barəsində protokol tərtib edildiyini, habelə bununla bağlı 1400 manat pul ödədiyini, ödənişlə bağlı qəbzinin olmadığını, ekspert rəyi ilə razı olduğunu, ancaq ödədiyin pulun da nəzərə alınmaısnı, həmçinin, həmin pulu ödəmək imkanın olmadığını, bu halın nəzərə alınmasını bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 24.05.2018-ci il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, "xxxx" ASC tərəfindən 4302 AZN məbləğində pul vəsaiti ödənilmişdir. materiallarında olan 2255/18/AA-1977/18 saylı işə dair Sığorta Aktının məzmunundan görünür ki, sığortalanmış avtomobil ** KN *** dövlət qeydiyyatı nömrə nişanlı, “Mercedes Benz C230” markalı avtomobil, sığortalanmış avtomobili idarə edən şəxs X3, zərəçəkən avtomobil ** RV *** dövlət qeydiyyatı nömrə nişanlı avtomobil, zərərin ümumi həcmi 4302 manat olduğu qeyd olunmuşdur. İş materiallarında olan 10.05.2018-ci il tarixli qüsur aktının məzmunundan aydın olur ki, Cavabdeh məxsus “MİTSUBİSHİ ASX” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün və görülmüş işlərin xərci ümumilikdə 4302 manat təşkil edir. İş materiallarında olan 03.06.2019-cu il tarixli Atasığorta tərəfindən verilmiş geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, "xxxx" Şirkəti tərəfindən Cavabdeh 4302 manat pulu 10 gün müddətində şirkətə ödənilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə müraciət etmək hüuqunundan istifadə ediləcəyi bildirilmişdir. İş materialalrında olan 10.05.2018-ci il tarixli sığorta şəhadətnaməsinin məzmunundan aydın olur ki, 99KN873 dövlət qeydiyyat nömrə nişanlı Mercedes Benz C 230 markalı avtomobil sığorta olunmuşdur. İş materiallarında olan 10.05.2018-ci il tarixli Arayışın məzmunundan görünür ki, 99 KN873 dövlət qedyiyyat nömrə nişanlı Mercedes Benz 230 markalı avtomobillə toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir, nəticədə Mitsubisshi ASX markalı 90RV418 dövlət qedydiyyat nömər nişanlı avtomobilə maddi ziayn dəymişdir. İş materiallarından görünür ki, X2 barəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı İXM-in 327.6, 327-ci maddələri əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir İş materiallarından görünür ki, 99 KN873 dövlət qedyiyyat nömrə nişanlı Mercedes Benz 230 markalı avtomobilin sahibi X4 olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli 9/7856 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən təqdim edilmiş 10.05.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “MİTSUBİSHİ ASX” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4302 müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin məzmunundan görünür ki, Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmasə hallarından biri kimi Həmin Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş hal göstərilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Mercedes Benz C230 markalı 99KN873 dövlət qeydiyyat nişanlı avtomobili X7 idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Mitsubishi ASX markalı 90RV418 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində Mitsubishi ASX markalı 90RV418 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla yanaşı, X4 barəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktı əsasında həmin avtomobilə dəymiş zərər 4302 manat məbləğində müəyyən edilərək, zərərçəkən şəxsə ödənilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertizanın nəticəsinə dair ekspert rəyinin məzmunundan da aydın olur ki, qedye dilən avtomobilə vurulmuş ziyanın məbləği 4302 manat təşkil etmişdir. Həmçinin cavabdeh X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, o, hadisə yerindən yayınmışdır. Bu halda, məhkəmə hesab edir ki, sığorta haqqında qanunvericiliyin tələbinə əsasən sığorta ödənişini həyata keçirmiş iddiaçının yol nəqliyyat hadisəsini törətmiş və hadisə yerindən yayınmış olan cavabdehdə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur.Cavabdeh avtomobilə vurulmuş ziyanın məbləğindən 1400 manat məbləğində pul vəsiatini ödədiyini bildirsə də, həmin hala dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi sığorta ödənişinin tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin işlərin görülməsinə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla,təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı işlərin görülməsi üçün 500 manat məbləğində xərc çəkildiyini bildirsə də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. bununla da, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən işlərin görülüməsinə qeyd olunan məbləğdə xərc çəkilməsi halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, cavabdeh X1 ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 4302 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «AtaSığorta” ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 4302 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «AtaSığorta” ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar