Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1287/2022 13.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı Müəffər oğlunun, Cavabdeh Puta Bələdiyyəsinin sədri E.Ramazanlının iştirakı ilə, İddiaçı Müəffər oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «son haqqhesabın, ödənilməyən əmək haqqının alınması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Müəffər oğlu cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «son haqq-hesabın, ödənilməyən əmək haqqının alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən son haqq-hesabının hesablanaraq ona ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi - 250 manat pulun, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsində nəzərdə tutulan və ona hər ay ödənilməli olan, lakin ödənilməyən 250 manat məbləğində pulun, cəmi 2.750 manat, ümumi cəmi 3.250 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Müəffər oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Cavabdehnə vergi agenti vəzifəsinə işə qəbul olunmuşdur və aralarında xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsi (kontrakt) bağlanmışdır. Müqavilədə onun aylıq əmək haqqı 250 manat qeyd olunmuşdur. Lakin işlədiyi müddət ərzində cavabdeh ona əmək haqqı ödəməmiş, onunla bağladığı müqaviləyə xx.xx.2021-ci il tarxli, 01 saylı əmrlə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş, lakin son haqq-hasab və işlədiyi aylar üzrə onun aylıq əmək haqqı, istifadə etmədiyi məzuniyyət ona ödənilməmişdir. Bununla bağlı o, ƏƏSMN-nin yanında X1 Xidmətinin Bakı şəhər Ərazi idarəsinə şikayət etmişdir. Onun şikayəti əsasında araşdırma aparılmış və cavabdehin ona qarşı qanunsuz hərəkətləri aşkar olunmuşdur. Müəyyən olunmuşdur ki cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Son haqq-hesabın ödənilməsinin təmin edilməsi barədə Əmək Müfəttişliyi tərəfindən cavabdehə məktub göndərilmişdir. Lakin cavabdeh bu günə qədər ona son haqq-hesabını və işlədiyi aylar üzrə əmək haqqını ödəməkdən imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. İddiaçı Müəffər oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Puta Bələdiyyəsinin sədri E.Ramazanlı məhkəmə iclasında iddianı qismən qəbul etdi, məhkəməyə ətraflı arayış təqdim edərək bildirdi ki, İddiaçı Müəffər oğlu həqiqətən 01 avqust 2020-ci il tarixdən bələdiyyədə vergi agenti vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdən işdən azad edilmişdir. Həmin dövrə hesablanmış (ona çatacaq) əmək haqqı 2.717 manat 40 qəpik, son haqq-hesaba görə 161 manat, cəmi 2.878 manat 40 qəpik hesablanmışdır. Həmin məbləğdən 713 manatı ödənilmiş, xx.xx.2022-ci il tarixə 2.165 manat 40 qəpik qalıq borc məbləği yaranmışdır. Hər ay 50 manat ödəməyə zəmanət verirlər. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdeh Puta Bələdiyyəsinin sədrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 05 avqust 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdehnə vergi agenti işinə götürülmüş, əmək müqaviləsində işçinin əmək funksiyası, əmək haqqı və s. şərtlər təsbit olunmuşdur; - İşçi ilə olan əmək müqaviləsi üzrə münasibətlərə işəgötürənin əmri ilə xitam verilmişdir; - İşəgötürənin 01 iyun 2022-ci il tarixli 81 saylı arayışından görünür ki, işçi xx.xx.2021-ci il tarixdən işdən azad edilmiş, həmin dövrə hesablanmış əmək haqqı üzrə 2.717 manat 40 qəpik, son haqq-hesaba görə 161 manat olmaqla, cəmi 2.878 manat 40 qəpik borc məbləği yaranmışdır. Həmin məbləğdən 713 manatı ödənilsə də, xx.xx.2022-ci il tarixə 2.165 manat 40 qəpik qalıq borc məbləği mövcuddur. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçıya işdən azad olunan dövrədək olan müddətdə əmək haqqının bir hissəsi ödənilsə də, xx.xx.2022-ci il tarixə 2.165 manat 40 qəpik qalıq borc mövcuddur. İddiaçı bununla bağlı cavabdehə müraciət edərək, ona ödənilməli əmək haqqının ödənilməsini tələb etmişdir. Lakin onun müraciəti təmin olunmamışdır. İddiaçı bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə, daha sonra mediasiya institutuna, nəhayət məhkəməyə müraciət etmişdir. İddiaçı mediasiya xərci kimi 50 manat pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 2-ci bəndinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçıya əmək haqqı qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə ödənilməli olsa da, əmək fəaliyyəti ilə bağlı ona ödənilməli olan əmək haqqı tam və vaxtında ödənilməmiş, cavabdehin iddiaçıya 2.165 manat 40 qəpik əmək haqqı borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2.165 manat 40 qəpik əmək haqqı borcu cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq İddiaçı Müəffər oğluna ödənilməlidir. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia qalan hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı ona yuxarıda qeyd edilən məbləğdən artıq əmək haqqı borcunun olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2.165 manat 40 qəpik əmək haqqı borcu Cavabdehndən tutularaq İddiaçı Müəffər oğluna ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2.165 manat 40 qəpik əmək haqqı borcu Cavabdehndən tutularaq İddiaçı Müəffər oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1287/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1287/2022
13.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver