Məhkəmə qərarları › İş №2(002)-1324/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1324/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1324/2024 17.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakı ilə, İddiaçı Cavabdeh Maarif oğluna qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. 19.03.2018-ci il tarixdə verilmiş, AZE 18217968 seriyalı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X6 xx.xx.2017-ci il tarixində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdeh Maarif oğludur.

2. AA4054765 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X5 xx.xx.2019-cu il tarixində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdeh Maarif oğludur. İddia tələbi

3. İddiaçı Cavabdeh Maarif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 18 aprel 2017-ci ildə doğulmuş X6 və 21 iyun 2019-cu ildə doğulmuş X1 üçün hər ay bir uşağa görə 235 manat olmaqla iki uşaq üçün hər ay 470 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o cavabdeh X7 ilə 14 sentyabr 2016-cı ildə nikaha girmişlər. Onların birgə nikahdan 2 uşağı doğulmuşdur. 18 aprel 2017-ci ildə doğulmuş X6 və 21 iyun 2019-cu ildə doğulmuş X5. Cavabdehlər aralarında olan narazılığa görə münasibətləri pozulmuş və ayrılmışlar. Lakin ayrılarkən cavabdehdən aliment tələb etməmişdir. Cavabdehin bir ata kimi məsuliyyət hiss edib özü nələrsə edəcəyini, uşaqlarına sahib çıxıb maddi dəstək verəcəyini düşünmüşdür. Cavabdeh uşaqları və onunla maraqlanmır. Düşünmür ki, bu zəmanədə uşaq sahibi olasan və onları qoruyub arxa çıxmayasan onların gələcəyi ilə, problemləri ilə maraqlanmayasan o təəssüf edir. Cavabdeh öz kefindədir. Bu səbəbdən də, uşaqları üçün aliment tələb edir. Hal-hazırda uşaqlar onun himayəsində yaşamaqla cavabdeh könüllü olaraq heç bir maddi yardım göstərmir. Lakin fərdi əməklə məşğul olmaqla kifayət qədər gəlirə malikdir. O isə uşaqları tək saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də, məcbur qalıb uşaqları üçün aliment tələb etmək üçün məhkəməyə müraciət edir.

5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə, Azərbaycan Respublikasında 2023-cü il üçün “X9” Azərbaycan Respublikasının Qanununa və “Uşaq hüquqları haqqında” Qanununun 13-cü maddəsinə istinad etmişdir.

6. İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verib iddia tələbini müdafiə edərək, faktiki olaraq ayrıldıqlarını, cavabdehin 3 aydır uşaqlara baxmadığını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul etdiyini, halhazırda işləmədiyini və barışmaq istədiyini bildirmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Konstitusiyası

9. 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

10. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiya

11. 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

12. 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun

13. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi

14. 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

15. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

16. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

18. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

19. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

20. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

22. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

23. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. 439.1-ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.

27. 439.2-ci maddəsinə əsasən, xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar.

28. 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

29. 440.2-ci maddəsinə görə, məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir.

30. 440.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin prosessual hüquqları üzrə xüsusi məhdudiyyətlərə yol verən dövlətlərdən olan xarici şəxslərə münasibətdə Azərbaycan Respublikası tərəfindən cavab məhdudiyyətləri müəyyən edilə bilər.

31. 444.0.6-cı maddəsinə əsasən, əgər ər-arvadın hər ikisinin Azərbaycan Respublikasında yaşayış yerləri vardırsa, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın pozulmasına dair işlər Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aiddir.

32. 446.0-cı maddəsinə əsasən, nikah münasibətlərindən əmələ gələn məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri aşağıdakı hallarda beynəlxalq səlahiyyətə malikdirlər: 446.0.1. əgər ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa və ya nikah bağlanarkən Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 446.0.2. əgər iddia verilmiş ər və yaxud arvadın Azərbaycan Respublikasında adətən olduğu yeri vardırsa;446.0.3. Azərbaycan Respublikasına gəldiyi vaxtdan ər-arvaddan biri vətəndaşlığı olmayan şəxsdirsə. b) Əsaslandırma

33. İddia əsaslıdır.

34. Belə ki, işin faktiki halları bundan ibarətdir ki, tərəflər arasında nikah pozulmasa da, onlar ayrı yaşayırlar və birgə nikahdan doğulmuş Maarif və Melisa anasının yanında yaşayır, cavabdeh uşağın saxlanmasında iştirak etmir. Yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə əsasən aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.

35. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi).

36. Həmin Qərarın 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

37. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.

38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.

39. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. “Azərbaycan Respublikasında 2024-cü il üçün X9” Azərbaycan Respublikası Qanuna görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

40. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində.

41. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur.

42. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iş üzrə cavabdehin daimi iş yerinin olması barədə sübutların təqdim edilməməsi və ölkə üzrə yaşayış minimumunu nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş X6 və X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulmalı və Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Məhkəmə xərcləri

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

44. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

45. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

46. Həmin qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

47. Məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, həmçinin, qeyd olunan hüquq normalarını əsas götürərək hesab edir ki, hazırkı iş üzrə ödənilməli olan 76.4 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Nəticə

48. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 18 aprel 2017-ci il təvəllüdlü X6 və 21 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment müəyyən edilərək, Cavabdeh Maarif oğlundan hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş ödənilməli olan 76.4 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

49. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Maarif oğlundan 18 aprel 2017-ci il təvəllüdlü X6 və 21 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması 01 mart 2024-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddiaçının azad edildiyi 76.4 manat dövlət rüsumu Cavabdeh Maarif oğlundan tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar