Məhkəmə qərarları › İş №2(002)-1328/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1328/2025

11.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1328/2025 11.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 32500 manat pulun, illik 5 faiz dərəcəsi ilə illər üzrə hesablanmış 16791 manatın, 5000 (beş min) manat mənəvi ziyanın və 252,88 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh Dövlat İdarələri və İctimai Xidmət İşçilərinin X1 rayon şöbəsinin sədri vəzifəsində işlədiyi müddət ərzində öz qulluq mövqeyindən istifada etməklə xx.xx.2014-cü il tarixdən 2014-cü ilin sentyabr ayının sonunadək olan müddət ərzində müxtəlif vaxtlarda ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Qaradağ rayon Sektorundakı iş otağında onu aldadadaraq, Qaradağ rayonu, Sahil qəsəbəsində 4,5 sot torpaq sahəsi verəcəyi adı ilə müxtəlif məbləğlərdə ümumilikdə 32500 manat məbləğində pulunu etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirib vəd etdiyi işi görməyərək ona külli miqdarda ziyan vurmaqla vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Cavabdeh bu günə qədər dəymiş ziyanı ödəməmişdir. Nəticədə o və ailəsi çox əlverişsiz vəziyyətə düşmüş, uzun illər ərzində mənəvi iztirablar və sarsıntılar keçirmişdilər.Cavabdeh dəymiş ziyanı ödəmədiyi üçün məcburiyyət qarşısında qalıb, məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehin bu hərəkəti nəticəsində o və onun həyat yoldaşı xəstəlik tapmışdır, ailəsi maddi və mənəvi iztirablar çəkmişdir. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, 2020-ci ilin aprelində azadlığa çıxmışdır. Məhkum olduğuna görə borcu ödəyə bilməmişdir. Heç harada işləmir, xəstədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2017-ci il tarixli 1(101)-553/2017 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsının 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinın törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsının 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə dövlət və yerli özünuidarə organlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzasını ümumı rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 04 mart 2016-cı il tarixdən hesablanması və iş üzrə zərərçəkmiş şəxslərə(İddiaçı və s) mülki mühakimə icraatı qaydasında şikayət etmək hüquqları izah edilməsi hökm edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin 30 may 2017-ci il tarixli 1(101)-553/2017 saylı hökmünün surətindən görünür ki, məhkəmə iclasında zərərçəkmış şəxs qismində dindirilmiş İddiaçı göstərmışdır ki, o Cavabdeh Nazim qızı ilə təxminən 2-3 il olar ki, Lökbatan qəsəbəsi, Gülnarənın mağazasında tanış olmuşdur. Gülnarə ilə tanış olan zaman ona demişdir ki, Qaradağ Rayon İcra Hakimiyyətində işləyir. O, Gülnarəyə torpaq sahəsi almaq istədiyini demişdir və buna görə Gülnarə ona demişdir ki, nə vaxt ona torpaq sahəsi lazım olsa desin. O həmin vaxtlarda 1981-ci il təvəllüdlü subay oğlu Abdulrza uçun torpaq sahəsi alib ev tikdirmək və daha sonra oğluna toy etmək istəyir. Sonradan o və ailə üzvləri torpaq sahəsi almaq üçün torpaq işləri ilə məşğul olan şəxslərlə maraqlanıb görüşmüş və torpaq sahəsinin baha qiymətə olmasını demişlər. Buna görə də fikirləşmişdir ki, qoy bu məsələ ilə bağlı Gülnarənin yanına getsin. Buna görə də 2014-cü ilin mart ayında o, Gülnarə ilə söhbət etmək üçün Lökbatan qəsəbəsində yerleşən Gülnarənin mağazasına getmişdir. Həmin vaxt mağazada Gülnarənin oğlu və anası olmuşlar.O Gülnarənın anasından Gülnarəni soruşmuş anası Gülnarənin mobil telefon nömrəsini ona vermiş və onun iş yerini ona göstərmişdir. O da görüşmək üçün Qaradağ Rayon İcra Hakimiyyətinə getmiş və binanın arxa hissəsində Gülnarənin oturduğu otağa getmişdir. Gülnarə onu həmin vaxt çox staraq qarşılamıs və aralarında olan söhbət zamanı o, Gülnarəyə demişdir ki, oğlu üçün Sahil qəsəbəsinsə sot torpaq sahəsi almaq istəyir. Gülnarə də onu dinləyib demişdir ki, narahat olmasın, torpaq problem deyil, ürəyi harada istəyirə onun üçün orada da torpaq sahəsi təşkil etmək olar. Gülnarə 3 sot torpaq sahəsinə görə ondan 30.000 (otuz min) manat məbləğində pul istəmişdir. O isə Gülnarəyə demişdir ki, 28000 manat pul verə bilər. Gülnarə ona demişdir ki, bir həftəyə torpağın qiyməti qalxacaq ona pulu tez çatdır. O da Gülnarə ilə razılaşmışdır. Onun həmin ərəfədə 8.000 manat məbləğində pulu olmuşdur. O həmin pulu uzun illər ərzində yığmışdır. Həmin 8.000 manat pulu 03 mart 2014-ci il tarixdə Gülnarəyə Qaradağ rayonu Lökbatan qəsəbəsində Gülnarənin iş yerində vermişdir. Daha sonra Qusar rayonunda yaşayan qohumlarından 15 000 manat pul almış, bir qədər də oğlunun və həyat yoldaşının maaşlarını toplayıb 27 mart 2014-cu il tarixdə yenə də əvvəlki qaydada Gülnarənin iş yerində Gülnarəyə cəmi 20.500 manat məbləğində pul vermişdir. O hər dəfə Gülnarəyə pulu tək vermiş, hər dəfə de Gulnaraya pulu verəndə, o əvvəlcə iş otağının qapısını bağlamış, pulu aldıqdan sonra isə açmışdır. Beləliklə o, Gülnarəyə cəmi 28500 manat məbləğində pul vermişdir ki, Gülnarə onun üçün Sahil qəsəbəsində 3 sot torpaq sahəsi təşkil etsin. Gülnarə ona demişdir ki, narahat olmasın, bir həftəyə qədər İcra Hakimiyyətinin işçiləri Sahil qəsəbəsinə gələrək onlara torpaq sahəsi verəcəkdir.O da İcra Hakimiyyətinin işçısı olduğuna göre Gülnarəyə inanmuşdir Aradan bir həftə keçmiş o, Gülnarə ilə əlaqə saxlamış və Gülnarə ona demişdir ki, narahat olmasın, sənədlər hazırlanır, qısa müddətdə sənədlə torpaq sahəsi ona veriləcəkdir. Lakin sonra Gülnarədan heç bir xəbər çıxmadığı üçün Gülnarənin iş yerinə getmişdir. Gülnarə ona komputerdən sənədləri göstərmiş və həmin sənədlərdə ona torpaq sahəsinin veriləcəyi göstərilmişdir. O, da bütün bunlara əsaslanaraq Gülnarayə tam olaraq inanmışdır. Təxminən bir ay sonra Gülnarə ondan şəxsiyyət vəsiqəsini istəyərək demişdir ki, sənədləşmə ilə bağlı ərizə yazılacaqdır. O da Gülnarəyə inanmış, özünün şəxsiyyət vəsiqəsini vermişdir. Lakin buna baxmayaraq onun işi gecikmiş və buna görə də oğlu ona demişdir ki, Gülnarə onları aldadır. Lakin o, ailə üzvlərinə demişdir ki, o, Gülnarəyə inanır. Nəhayət ki, 2014-cü ilin iyul ayında Gülnaredən tələb etmeye başlamışdır ki, ya ona torpaq sahəsini versin, ya da ki, verdiyi pulları qaytarsın. Gülnarə isə hər dəfə onu inandırmağa çalışmışdır ki, narahat olmasın, bu gün-sabah onun məsələsi həll olunacaqdır. Hətta Gülnarə ona demişdir ki, notariusda da ondan pul aldığını rəsmi olaraq təsdiqləyə bilər. O da Gülnara ilə razılaşmış və duşünmuşdur ki, qoy heç olmasa pulu Gülnarəyə verilməsi baradə əlində bir sənədi olsun. Buna göre də 07 iyul 2014-cü il tarixdə o, Gülnarə ilə Bakı şəhərində 46 saylı notariusa getmiş və orada onun Gülnarəyə verdiyi 28.000 manat pula dair kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Gülnarə ona 07 avqust 2014-cu il tarixdə pulu qaytarmalıymış, bundan nə qəder vaxt keçsə də Gülnarə onun pulunu qaytarmamış və buna görə də sentyabr ay Gülnarənin iş yerinə getmiş və sonuncudan pulunu qaytarmasını tələb etmişdir. Gülnarə isə torpaq sahəsinin hazır olduğunu, lakın bir sot yarım artıq sahəsi olduğunu demiş və bildirmişdir ki, torpaq sahəsi 4,5 sotdur. O, Gülnarəyə inandığı üçün və həm də artıq torpağını almaq istədiyi üçün duşünmüşdür ki, qoy bu dəfə də Gülnarəyə istədiyi pulu versin və torpağını alsın. Bu məqsədli də o, 2014-cu ilin sentyabr ayının sonlarında Gülnarənin iş yerinə getmişdir. Gülnarəyə əlavə olaraq 4000 manat pulu da vermişdir. Beləliklə, Gülnarəyə cami 32500 manat məbləğində pulu vermişdir. Lakin Gülnarəyə pulları verməsinə baxmayaraq həmin vaxtdan sonra onu aldatmağa başlamış və hər dəfə də o, Gülnaradən verdiyi pulları qaytarmasını tələb etdikdə Gülnarə hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış və bu günə qədər olan müddət ərzində onun pulunu qaytarmamışdır. O, təxminan iki-üç aydan sonra çətinliklə də olsa Gülnarədən şəxsiyyət vəsiqəsini almışdır. Gülnarə onun evinə gələndə özü ilə komputer də gətirmiş, orada torpağa dair sənədləri ona göstərdikdə onun böyük oğlu Elnur Gülnarənin sənədlərinə baxdıqda Gülnaraya inanmadığını bildirmiş və ona da demişdir ki, Gülnare onu aldadır. Lakin o, oğlunun sozünə bir o qədər əhəmiyyət vernəniş və duşünmuşdur ki, Gulnarə onu aldatmaz. Lakin sonradarn kiçik oğlu Abdulrza ona demişdir ki, Gülnaraədən pulu verməkləri barədə yazılı bir sənəd alsınlar. O da oğlunun sözünə görə Gülnarənin iş yerinə getmiş və Gulnarəyə demişdir ki, pulu verməyi barədə ona yazılı bir sənəd versin. Gülnarə də onun sözünə görə bir vərəqdə ondan 28,500 manat pulu aldığını qeyd etmişdir və həmin vərəqi ona vermişdir. O həmin vərəqi və kredit müqaviləsinin surətlərini də istintaqa təqdim etmişdir, Gülnarə ona girov kimi Lökbatan qəsəbəsində yerləşən mağazasının və Lökbatan qəsəbəsində yerləşən qaçqınlar yaşayan bir evin sənədlərini ona vermişdir. O həmin sənədləri de istintaqa təqdim etmişdir. Pulunun ödənilməsini tələb edir və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixdə qaytarmaq şərti ilə 28500 manat məbləğində borc pul verilmişdir. Məhkəmə mübahisə predmeti ilə bağlı qeyd edir ki, hazırda mülki iş üzrə iddiaçı cavabdehdən 32500 manat məbləğində maddi ziyan, mənəvi ziyan kimi 5000 manat, illik 5 faiz dərəcəsi ilə hesablanmış 16791 manat məbləğində pul vəsaitini tələb edir. İddia tələbini isə onunla əsaslandırmışdır ki, o, torpaq sahəsini almaq üçün cavabdehə 2014-cü ildə cəmi 32500 manat olmaqla pul vermiş , lakin cavabdeh isə onların razılaşdığı kimi onu torpaq sahəsi ilə təmin etməmiş, həmçinin ona verilmiş pul vəsaitini geri qaytarmamışdır. Eyni zamanda iddia ərizəsində qeyd olunana bu hallar Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin 30 may 2017-ci il tarixli 1(101)-553/2017 saylı hökmü ilə də öz təsdiqini tapmışdır. Cavabdeh isə iddia tələbini etiraz etməmiş, lakin hazırda qeyd olunan məbləği birdəfəlik ödəməyə imkanı olmadığını və aybaay imkanı çatdığı qədər ödəyəcəyini qeyd etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin- gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdehin əməlləri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqləndiyindən və eyni zamanda iddia tələbinin 32500 manat maddi ziyan hissəsində cavabdeh tərəfindən mübahisələndirilmədiyindən iddia tələbi maddi ziyan hissədə tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Məhkəmə həmçinin iddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanaraq gecikdirilmiş vaxt üçün pul (faiz) tələbi hissəsində əsaslı hesab edərək qeyd edir ki, iddiaçı cavabdehə 28500 manat məbləğində pulu xx.xx.2014-cü il tarixdə, 4000 manat məbləğində pulu isə xx.xx.2014-cü il tarixdə vermişdir. Məhkəməyə isə hazırki iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Nəticədə cavabdeh iddiaçının pulunun qaytarılmasını 28500 manat məbləğinə münasibətdə 3887 gün, 4000 manat məbləğinə münasibətdə isə 3831 gün gecikdirmişdir. Beləliklə 28500 manat məbləğinə münasibətdə gecikdirilmiş vaxt üçün illik 5 faiz ilə pul məbləği(28500x5%:365x3887)- 15175 manat, 4000 manat məbləğinə münasibətdə gecikdirilmiş vaxt üçün illik 5 faiz ilə pul məbləği isə (4000x5%:365x3831)- 2099 manat olmaqla cəmi 17274 manat təşkil etmişdir. İddiaçı isə hazırda illik 5 faiz pul məbləğinə görə 16791 manat tələb etdiyinə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə tam təmin edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyan tələbinə dair hissədə qismən əsaslı hesab edərək qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehin hərəkətləri nəticəsində özünü və ailəsinin mənəvi sarsıntı və psixoloji iztirablar keçirdiyini, bu səbəbdən 5000 manat məbləğində mənəvi zərər tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində uzun müddətdir ki, iddiaçının hüquqları pozulmuş və bu da öz növbəsində iddiaçıda və onun ailəsində müəyyən sarsıntı və iztirabların yaranmasına səbəb olmuşdur. Lakin məhkəmə əlavə edir ki, hazırda iddiaçının həmin sarsıntı və iztirabların əsasında konkret olaraq 5000 manat məbləğində mənəvi zərər gördüyü halı heç bir mötəbər sübut ilə təsdiqini tapmadığından və eyni zamanda cavabdehin də hazırki maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi mənzəvi zərər hissəsində qismən əsaslı olmaqla, qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 500 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 252,88 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 239,37 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmamlıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 32500 manat, mənəvi zərərə görə 500 manat və illik 5 faiz dərəcəsi ilə illər üzrə hesablanmış 16791 manat olmaqla, cəmi 49791 manat pul vəsaiti və 239,37 manat məbləğində dövlət rüsumu İddiaçınun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 32500 manat, mənəvi zərərə görə 500 manat və illik 5 faiz dərəcəsi ilə illər üzrə hesablanmış 16791 manat olmaqla, cəmi 49791(qırx doqquz min yeddi yüz doxsan bir) manat pul vəsaiti və 239,37(iki yüz otuz doqquz manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu İddiaçınun xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01(bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar