Məhkəmə qərarları › İş №2(002)-1363/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1363/2021

27.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək münasibətləri üzrə sair
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1363/2021 27.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçının Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına qarşı əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə orta əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbləri barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına qarşı əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə orta əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbləri barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının 18 mart 2021-ci il tarixli, K-17 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması, cavabdehdən onun xeyrinə 18 mart 2021-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, 10000 manat maddi və 15000 manat mənəvi ziyana görə pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələblərini müdafiə edərək izahatında bildirdi ki, mülki iş üzrə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının 18 mart 2021-ci il tarixli, K-17 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv olunmuşdur. Həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, o, 26.06.2004-cü il tarixdən əmək fəaliyətinə başlamışdır, 17 illik əmək stajına malikdir, uzun müddət neft sahəsində işləmişdir, ali təhsilli mütəxəssisdir. Əmək müqaviləsi bağlamaqla 12.03.2010-cu il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına Təcrübəçi – kiçik sahə işçisi – qazma zamanı karotaj (MV05) vəzifəsinə işə qəbul edilmişdir. Sonradan vəzifədə irəli çəkilmiş, sonuncu vəzifəsi Maili qazma üzrə sahə mütəxəssisi olmuşdur. 2021ci ilin mart ayının 6-da Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının qərarına əsasən növbəti dəfə dənizə işə getməmişdən əvvəl digər iş yoldaşları ilə birlikdə Bakı şəhərində yerləşən “Hilton” otelinə karantin məqsədilə yerləşdirilmişlər. Həmin gün ad günü keçirən dostları ona zəng edərək şənliyə qatılmasını istəmişlər. O isə dostlarına hal hazırda “Hilton” otelində karantinə alındığını və bu səbəbdən ad günündə iştirak edə bilməyəcəyini bildirmişdir. Uşaqlıqdan dost olduğu Həcər adlı xanım içkili idi və ondan israrla ad gününə qoşulmasını tələb edirdi, gəlməsə otelə baş çəkəcəyini bildirirdi. Lakin o, bir daha ona karantinlə əlaqədar məclisdə iştirak edə bilməyəcəyini izah etmişdir. Həmin gün gecə, yəni mart ayının 7-də saat təqribən 01.00-01.30 radələrində Həcər ona zəng edərək oteldə olduğunu dedi və qaldığı otağın nömrəsini istədi, eyni zamanda əgər qapını açmasa bütün otaqların qapısını döyəcəyini bldirdi. Qapını açaraq dəhlizə baxdı, qapını bağlamaq istəyirdi ki, Həcər küncdən gəlib otağına girdi. O, Həcərin içəri keçməsinə mane olmağa çalışsa da, xeyri olmadı. Həcərdən oteli tərk etməsini tələb etdi. Bir dəqiqə keçməmiş otelin təhlükəsizlik xidmətinin işçiləri gəldilər. O, ilk növbədə otel işçilərinə karantin rejiminin olmasına baxmayaraq Həcərin sərbəst şəkildə onun otağına gəlməsinə şərait yaratdıqlarına görə narazılığını bildirdi. Təhlükəsizlik xidmətinin tələbindən sonra Həcər otağı tərk edib getdi. Xüsusi olaraq qeyd etmək istəyir ki, o, Həcərə otağının nömrəsini verməmişdir. Həcər otağın hansı mərtəbədə olduğunu haradan öyrənib sualına aydınlıq gətirərək bildirir ki, həmin gün qardaşı ona təzyiq dərmanı gətirmişdi. O, telefonda qardaşına qaldığı otağın nömrəsini demişdi ki, dərmanı otel işçilərinə verəndə hansı otağa çatdırmaq lazım olduğunu desin. Qardaşı qaldığı otağın nömrəsini unutduğundan dostlarına yalnız otağın yerləşdiyi mərtəbəni demişdir. Hadisə barədə birbaşa rəisi olan Zamiq Səlimova gecə saatları olduğundan mesajla məlumat vermişdir. Bu hadisədən sonra əmək müqaviləsinə xitam verilmişdir. Hadisə ilə əlaqədar bildirmək istəyir ki, oteldə qaldığı müddətdə bütün karantin qaydalarına əməl etmişdir, hadisədə onun heç bir günahı yoxdur, Həcərin onun otağına qədər gəlməsinə görə məsuliyyəti mühafizəçilər daşımalıdır. O, Həcərin otağa gəlməsini təşkil etməmişdir. Qeyd olunan əmri vermiş cavabdeh ona qarşı qərəzli olmuş və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir, hansı vəzifələrini yerinə yetirmədiyinə görə işdən azad olunmağı əsaslandırılmamışdır. Əmrdə onun hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Hesab edir ki, ona qarşı intizam tənbehi tətbiq olunarkən, bu maddənin şərtləri nəzərə alınmamışdır. Belə ki, işlədiyi vaxt ərzində heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. İşlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirməsi, həmişə yaxşı işçi kimi qiymətləndirilməsi, vəzifədə irəli çəkilməsi, hadisənin iş yerində və iş vaxtı ərzində olmaması, karantin qaydalarını pozduğuna görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməməsi, peşəkarlığı nəzərə alınmamışdır. Qeyd olunanlardan aydın olur ki, cavabdehin 18 mart 2021-ci il tarixli, K-17 saylı əmri qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. Qanunsuz olaraq işdən azad edildiyinə görə, əmrin ləğvi ilə yanaşı məcburi işburaxma üçün əmək haqqı da ödənilməlidir. Həmçinin iddia ərizəsində qeyd etdiyi kimi maddi və mənəvi ziyana görə cavabdehdən pul tutulmalıdır. Maddi ziyanla bağlı həmçinin qeyd edir ki, əmək müqaviləsinə xitam verilməklə həyat sığortası üzrə ödənişlər dayandırılmışdır və müvafiq ödənişləri özü həyata keçirməlidir. Dəymiş ziyanla əlaqədar maddi ziyanın əvəzi kimi 10000 manat, mənəvi zərərə görə 15000 manat məbləğində pul tələb edir. Hazırda məhkəmədən iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərinə etiraz edərək izahatında bildirdi ki, cavabdehin işçiləri arasında COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün hazırlanmış xüsusi planın iddiaçı tərəfindən pozulması müəssisədaxili intizam qaydalarının kobud pozulması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı və cavabdeh arasında imzalanmış Əmək Müqaviləsinin 3.1-ci maddəsinə əsasən, işçinin vəzifə və öhdəlikləri menecment tərəfindən müəyyən olunmalıdır. İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrinin və burada göstərilmiş əmək funksiyalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün çalışmalıdır. Bu vəzifə və öhdəliklərə işəgötürənin bütün yazılı və şifahi təlimatlarına əməl etmək də daxildir və bunlarla məhdudlaşmayacağı da qeyd olunmuşdur. Bu o deməkdir ki, iddiaçının razılığı ilə onun üzərinə əlavə öhdəliklər və vəzifələr də qoyula bilər. İddiaçı bu cür razılığını 17 avqust 2020ci il tarixində COVİD-19 X9 X2 imzalamaqla vermişdir. Karantin Razılığına əsasən, İddiaçı oğlu həmin razılıqda göstərilən şərtlərə və xüsusi plana əməl etmədiyi təqdirdə, bunun işdən çıxma da daxil olmaqla intizam məsuliyyətinə səbəb olacağını başa düşmüş və öz razılığını bildirərək öz imzası ilə təsdiq etmişdir. Karantin qaydaları ilə iddiaçının üzərinə oteldə karantində olduğu müddətdə təcrid olmaq, hər hansı şəxslə təmasda olmamaq, öz otağını tərk etməmək, dəhlizə çıxmamaq vəzifələri qoyulmuşdur. Öz otağını tərk etməklə və dəhlizə çıxmaqla, həmçinin rəfiqəsini öz otağına buraxmaqla iddiaçı karantin qaydalarının şərtlərini kobud şəkildə pozmuşdur, bu da cavabdeh təşkilata əmək müqaviləsini ləğv etməyə hüquq və əsas verir. Bu səbəbdən, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehin 18 mart 2021-ci il tarixli K-17 nömrəli əmri qanunidir və iddiaçının bununla bağlı tələbləri əsassızdır. Bundan əlavə, iddaçı iddia ərizəsində rəfiqəsinin otelə gəlmək fikrinin ciddi olduğunu bilmədiyini və bu barədə xəbər tutanda rəfiqəsinin artıq mehmanxananın 18-ci mərtəbəsində olduğunu bildirmiş, rəfiqəsini görəndə çaşqınlıq içində olduğunu qeyd etmişdir. Cavabdeh təşkilat bu məsələni Hilton otelinin nümayəndələri, o cümlədən təhlükəsizlik xidmətinin əməkdaşları ilə müzakirə etmişdir. Məlum olmuşdur ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar həqiqətə uyğun deyildir. Belə ki, iddiaçının rəfiqəsi mehmanxananın girişində işçilərə 18-ci mərtəbəyə yox, 19-cu mərtəbəyə gedəcəyini bildirmişdir. Əgər iddiaçının rəfiqəsi işçilərə 18-ci mərtəbəyə gedəcəyini bildirsə idi, mühafizəçilər onu həmin mərtəbəyə buraxmayacaqdılar. Bundan əlavə, xanım qabaqcadan bilirdi ki, 19-cu mərtəbə normal qaydada fəaliyyət göstərir, yəni təcrid olunmuş mərtəbə deyil. Bu isə ona dəlalət edir ki, xanım iddiaçı tərəfindən təlimatlandırılmışdır. Belə ki, mehmanxanada qalmayan şəxsin bu məlumatı bilməsi qeyri-mümkündür. Eyni zamanda iddiaçı rəfiqəsinin otelə gəlməsindən narahatlıq hissi keçirdiyini, qapını açıb rəfiqəsinə oteli tərk etməli olduğunu bildirəcəyini qeyd etmişdir. Bu məlumat da yanlışdır. Belə ki, iddiaçı qaldığı mərtəbənin dəhlizində rəfiqəsi gələnədək gözləmişdir, onun rəfiqəsinin oteli tərk etməsi barədə hər hansı cəhdi videogörüntülərdə müşahidə olunmur. Əksinə, iddiaçı xanımın otağa daxil olmasına heç bir narahatlıq keçirmədən şərait yaratmışdır. Eyni zamanda, iddiaçı mühafizəçilərə otaqda heç kəsin olmadığını bildirmişdir. Otelin dəhlizinə çıxmaqla və öz rəfiqəsinin otağa daxil olmasına şərait yaratmaqla, iddiaçı karantin razılığının şərtlərini pozmuşdur və bununla da iş yoldaşları, otel əməkdaşları, habelə Azərbaycan ictimaiyyəti üçün COVİD-19 virusuna yoluxma təhlükəsi yaratmışdır. İddiaçının bu eqoist hərəkətləri yazılı karantin razılığı ilə öz üzərinə götürdüyü vəzifələrinə tamamilə laqeyd yanaşmasını və digər şəxslərə ciddi zərər yetirə bilməsini göstərir. İddiaçı otelə karantin məqsədilə yerləşdirilmişdir, əgər o, öldürücü COVİD-19 virusunu dənizdə işləyən əməkdaşlar arasında yaysaydı, cavabdehə külli miqdarda ziyan vuracaq, bütün iş planını iflic edəcəkdi. Həmçinin iddiaçı oteldən kənarlaşdırıldığına görə, onun əvəz etməli olduğu işçi həddən artıq dənizdə saxlanmış və buna görə şirkət əlavə ziyana məruz qalmışdır. İddiaçı ona maddi və mənəvi ziyanın dəyməsi barədə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun şəkildə xitam verilmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələblərinin rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, iddiaçı onun uşaqlıq dostudur. Özü subaydır və işləmir. Mübahisə yaranan gecə o, dostları ilə bacısı Sevdanın ad gününü qeyd edirmiş, həmin məclisdə bir qədər içki qəbul etmişdir. İddiaçını ad gününə dəvət etdikdə Ayxan karantində olduğunu və ad günündə iştirak edə bilməyəcəyini bildirdi. Daha sonra dostlarından Ayxanın hansı oteldə qaldığını öyrənmiş, sərxoş vəziyyətdə Ayxan üçün siqaret götürərək həmin otelə üz tutmuşdur. Otelə daxil olduqdan sonra otel işçilərinə 18-ci mərtəbəyə getdiyini bildirmiş, liftə minərək 18-ci mərtəbəyə qalxmışdır. Daha sonra Ayxana zəng edərək əgər otaq nömrəsini deməsə, bütün qapıları döyəcəyini bildirmişdir. Ayxan isə ona oteli tərk etməli olduğunu bildirdi və koridorda ona niyə gəlmisən dedi. Ayxanın qaldığı otağa daxil olduqdan dərhal sonra otel işçiləri tərəfindən qapı döyüldü və oteli tərk etməsi tələb edildi. Bir neçə dəqiqə onlara vaxt verdilər, daha sonra Ayxanın qaldığı otaqdan çıxaraq oteli tərk etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, 06.03.2021-ci il tarixində gecə xidmətdə olarkən saat 01:00 radələrində bir nəfər qadının telefonla danışaraq otelə daxil olduğunu gördü. Qadın tələsik liftə doğru yaxınlaşdı və bu zaman o, xanıma yaxınlaşıb hara getdiyini soruşdu. Cavabında qadın ona otelin qonağı olduğunu və 19-cu mərtəbədə qaldığını söylədi. O, kamera otağında olan mühafizəçiyə xanımın hansı otağa qalxdığına nəzarət etməsi barədə göstəriş verdi. Təxminən 1-2 dəqiqə sonra ona kamera otağında olan mühafizəçi xanımın 1808 nömrəli otağa daxil olduğunu bildirdi. O, 18ci mərtəbədə BP şirkətinin işçilərinin karantində olduğunu bilirdi və bu barədə gecə menecerinə məlumat verdi. Onlar gecə meneceri ilə birlikdə 1808 nömrəli otağa qalxıb qapını döydülər. Qonaq qapını açdıqdan sonra otaqda kənar bir nəfərin olduğunu bildirdilər və dərhal həmin şəxsin otağı tərk etməli olduğunu dedilər. Əvvəlcə qonaq otağa heç bir kənar şəxsin daxil olmadığını söylədi. Onlar qonağa kamerada həmin xanımın otağına daxil olduğunu gördüklərini dedikdə, qonaq onlardan xanımla beş dəqiqə söhbət etmək üçün vaxt istədi. Gecə meneceri qonağın xahişini nəzərə alıb onlara beş dəqiqə vaxt verdi. Bir qədər sonra xanım otağı onların nəzarəti altında tərk etdi. Xanımda hər hansı sərxoşluq əlaməti yox idi. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbləri aşağıdakı əsaslara görə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 03.03.2010-cu il tarixli 0251 saylı əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış, işçi təcrübəçi kiçik sahə işçisi qazma zamanı karataj (MV05-ESG) vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 3.1.3 və 3.1.4-cü bəndlərinə görə, işçi işəgötürənin bütün yazılı və şifahi təlimatlarına əməl etmək, işdə hər kəsə hörmət və dost münasibəti bəsləmək öhdəliklərini də daşıyır. İş materiallarında olan 0862 saylı müqaviləyə 1 nömrəli dəyişiklikdən görünür ki, İddiaçı 01.01.2020-ci il tarixdən Maili qazma üzrə sahə mütəxəssisi İİ (DV03-ESG) vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının 18.03.2021-ci il tarixli, K-17 saylı əmrinin surətindən görünür ki, Maili qazma üzrə sahə mütəxəssisi İİ (DV03-ESG) vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 18.03.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Əmrə əsas kimi 10 mart 2017-ci il tarixli akt, Hilton mehmanxanasının aktı, 17 mart 2021-ci il tarixli Komissiya qərarı qeyd olunmuşdur. İş materiallarında olan “xxxx” MMC Hilton Baku tərəfindən Cavabdeh Şirkətinin vitseprezidenti Kolton Tomasa ünvanlanan 17.03.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı 06.03.2021-ci il tarixində saat 12:14-də qeydiyyat şöbəsi işçisi Orxan Bayramov tərəfindən qeydiyyata alınmış və BP tərəfindən təyin edilmiş karantin müddəti haqqında məlumat məktubu/zərfi digər BP qonaqları kimi ona təqdim edilmişdir. 07.03.2021-ci il tarixdə saat 01:10 radələrində bir xanım mehmanxanaya daxil olaraq özünü 19-cu mərtəbədə yaşayan qonaqlardan biri kimi təqdim etmişdir. Lakin kamera nəzarəti zamanı xanımın “A” liftindən istifadə edərək BP qonaqlarının karantin müddətində yerləşdirilməsi üçün təyin olunmuş mərtəbəyə birbaşa qalxaraq 1808 nömrəli otağa daxil olduğu müşahidə olunmuşdur. BP tərəfindən müəyyən olunmuş karantin qaydalarına əsasən, bu hal karantin qaydalarının pozulması idi. Qeydiyyat üzrə nəzarətçi Ceyhun Şükür və Mühafizə növbə rəhbəri Eyvaz Həsənov saat 01:15 radələrində mərtəbəyə qalxaraq qonaqdan otağı tərk etməsini xahiş etmişlər. İddiaçı Ceyhun Şükür və Eyvaz Həsənovdan ziyarətçi ilə qısa bir söhbət üçün üç-dörd dəqiqə daha icazə vermələrini istəmişdir. Mehmanxana işçiləri dəhlizdə gözləmiş və qonaq mühafizə şöbəsinin iştirakı ilə saat 01:21-də mehmanxananı tərk etmişdir. İş materiallarında olan Hilton Baku tərəfindən qonaqlara ünvanlanmış Karantin qaydalarından görünür ki, Hilton mehmanxanası karantin obyekti kimi ayrılmışdır, qonaqlar karantin müddəti ərzində təcrid olunmaqla otağı tərk edə bilməzlər. İş materiallarında olan BP tərəfindən müəyyən edilmiş iş öncəsi COVİD-19 nəzarətli karantin barədə qeydlərdən görünür ki, digər məhdudiyyətlərlə yanaşı fövqəladə hallar istisna olmaqla otaqlardan dəhlizlərə çıxışın qadağan olunduğu qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı ilə İddiaçı arasında bağlanmış 17.08.2020-ci il tarixli COVİD-19 X9 öncəsi karantin razılığından görünür ki, İddiaçı həmin razılıqda göstərilən şərtlərə və xüsusi plana əməl etmədiyi təqdirdə, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq və işdən çıxma da daxil olmaqla intizam məsuliyyətinə səbəb olacağını başa düşdüyünü və razı olduğunu bildirirək öz imzası ilə təsdiq etmişdir. Həmin razılığa görə, işçilərin oteldə qaldığı müddət ərzində şirkətin bütün iş qaydaları işçilərə tətbiq edilməyə davam edir. İş materiallarında olan “xxxx” MMC X3 Xidmətinin rəisi X8 rəisi X5 tərəfindən təqdim edilmiş raportun surətindən görünür ki, o, 06.03.2021-ci il tarixində 2-ci növbə xidmətdə olarkən saat 01:10-da otelin foyesində olarkən bir nəfər qadının telefonla danışaraq otelə daxil olduğunu gördü. Qadın tələsik liftə doğru yaxınlaşdı və bu zaman o, xanıma yaxınlaşıb ondan hara gəldiyini soruşdu. Cavabında qadın otelin qonağı olduğunu və 19-cu mərtəbədə qaldığını söylədi. O, kamera otağında olan mühafizəçiyə xanımın hansı otağa qalxdığına nəzarət etməsi barədə göstəriş verdi. Təxminən 1-2 dəqiqə sonra ona kamera otağında olan mühafizəçi həmin xanımın 1808 nömrəli otağa daxil olduğunu bildirdi. O, 18-ci mərtəbədə BP şirkətinin işçilərinin karantində olduğunu bilirdi və bu barədə gecə menecerinə məlumat verdi. Onlar gecə meneceri ilə birlikdə 1808 nömrəli otağa qalxıb qapını döydülər. Qonaq qapını açdıqdan sonra otaqda kənar bir nəfərin olduğunu bildirdilər və dərhal həmin şəxsin otağı tərk etməli olduğunu dedilər. Əvvəlcə qonaq otağına heç bir kənar şəxsin daxil olmadığını söylədi. Onlar qonağa kamerada həmin xanımın otağa daxil olduğunu gördüklərini dedikdə, o, etirazını bildirərək onun yaxını olduğunu və ona heç kimin kənar şəxsin gəlməsinin qadağan olunduğunu xəbərdar etmədiyini bildirdi. Onlar qonağa karantində olduğunu söylədilər və qonağın otağı tərk etməsini tələb etdilər. Qonaq onlardan xanımla beş dəqiqə söhbət etmək üçün icazə istədi. Gecə meneceri qonağın xahişini nəzərə alıb onlara beş dəqiqə vaxt verdi. Saat 01:21-də gələn xanım otağı onların nəzarəti altında tərk etdi. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı tərəfindən tərtib edilmiş 10.03.2021-ci il tarixli işçi tərəfindən karantində olduğu zaman karantin qaydalarının pozulması barəsində aktın surətindən görünür ki, Maili qazma üzrə sahə mütəxəssisi İİ vəzifəsində çalışan İddiaçı Hilton mehmanxanasında karantində olduğu zaman 07 mart 2021-ci il tarixində karantin qaydalarını pozmuşdur. Belə ki, karantində olduğu zaman öz otağından dəhlizə çıxmışdır, bilərək ki, bu qadağandır və həmçinin kənar şəxsin otağa daxil olmasına icazə vermişdir və potensial olaraq COVİD-19 xəstəliyinin yayılmasına şərait yaratmışdır. Bundan savayı bu hərəkəti ilə İddiaçı şirkətin adına xələl gətirmişdir, əvəz edilməli olan əməkdaşın səhhətinə risk olaraq buruqda qalma zamanı uzadılmışdır və şirkət tərəfindən əlavə ödənişlər həyata keçirilmişdir, buruqda əməliyyatların gedişatını riskə salmışdır və nəticədə şirkətə küllü miqdarda maddi ziyan vurula bilərdi. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı tərəfindən tərtib edilmiş 17.03.2021-ci il tarixli Komissiya iclasının protokolunun surətindən görünür ki, Komissiya tərəfindən İddiaçı Hilton otelində karantində olduğu zaman 07 mart 2021-ci il tarixində karantin qaydalarını pozması və nəticədə sağlamlığa ciddi təsir göstərə biləcək nəticələrin olması haqqında məsələ müzakirə edilmişdir. İclas zamanı əməkdaşa mövqeyini bildirməsi üçün söz verilmişdir. Əməkdaş deyilənləri təkzib edərək heç bir qayda pozmadığını bildirmişdir. Komissiya nümayəndələri işçinin karantində olduğu zaman kənar şəxsi otağa buraxması ilə əlaqədər yaranmış bütün risk və nəticələri müzakirə etmişdir. Həmçinin Hilton mehmanxanası tərəfindən alınmış məlumatlar dəyərləndirilmişdir. İddiaçı karantin qaydalarını ciddi şəkildə pozduğu üçün əmək müqaviləsinə xitam verilməsi barədə qərar verilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh Şirkətinin vitse-prezidenti Kolton Tomasa ünvanladığı izahatın surətindən görünür ki, o, heç bir karantin qaydalarını pozmamış və otağına heç kimi dəvət etməmişdir. Otaqda olarkən o, yaranmış vəziyyətə heç cür müdaxilə edə bilməzdi. Məhkəmə baxışı zamanı tədqiq edilmiş videogörüntülərdən görünür ki, 07.03.2021-ci il tarixdə saat 01:10 radələrində Həcər Ələkbərova mehmanxana foyesinə telefonla danışadanışa daxil olaraq liftə yaxınlaşmış, mehmanxana əməkdaşı ona yaxınlaşmış, daha sonra xanım telefonla danışa-danışa liftə daxil olmuşdur. Həmçinin 18-ci mərtəbə üzrə videogörüntülərdən görünür ki, İddiaçı telefonla danışa-danışa otağın qapısını açmaqla dəhlizə çıxaraq ətrafa baxmış və xanım gəldikdən sonra otağa qayıtmış, xanım da onun ardınca otağa daxil olmuşdur. Bundan sonra mehmanxana işçiləri 1808 nömrəli otağa yaxınlaşmış və qapını döymüşlər. İddiaçı qapını açmış, bir qədər söhbətdən sonra qapı örtülmüş, mehmanxana işçiləri dəhlizdə gözləmiş və bir müddət sonra xanım işçilərin iştirakı ilə otağı tərk etmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, şahid ifadələrinə, yazılı sübutlara, videoyazı məlumatlarına əsasən müəyyən edildi ki, tərəflər arasında 03.03.2010-cu il tarixli 0251 saylı əmək müqaviləsi bağlanmış, iddiaçı təcrübəçi kiçik sahə işçisi qazma zamanı karataj (MV05-ESG) vəzifəsinə işə qəbul edilmiş, 01.01.2020ci il tarixdən Maili qazma üzrə sahə mütəxəssisi İİ (DV03-ESG) vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinin 3.1.3 və 3.1.4-cü bəndlərinə əsasən, işçi əmək funksiyasını yerinə yetirməklə yanaşı işəgötürənin bütün yazılı və şifahi təlimatlarına əməl etmək, işdə hər kəsə hörmət və dost münasibəti bəsləmək öhdəliklərini də daşıyır. Mövcud pandemiya ilə əlaqədar işəgötürən tərəfindən xüsusi qaydalar müəyyən edilmiş, işçilərin iş öncesi Hilton otelində özünütəcrid rejimində karantinə alınması, daha sonra dənizə işləməyə göndərilməsi qərara alınmışdır. Oteldə olduqları müddət ərzində işçilərin özününtəcrid qaydalarına əməl etməsi, o cümlədən dəhlizə çıxmaması öhdəliyi müəyyən edilmişdir. İddiaçı COVİD-19 X9 X2 imzalamaqla həmin razılıqda göstərilən şərtlərə və xüsusi plana əməl etmədiyi təqdirdə, işdən çıxma da daxil olmaqla intizam məsuliyyətinə səbəb olacağını başa düşdüyünü və razı olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, 07.03.2021-ci il tarixdə iddiaçı müəyyən edilmiş karantin qaydalarını pozmaqla dəhlizə çıxmış və başqa şəxsin (Həcər Ələkbərovanın) otağına gəlməsinə bilavasitə şərait yaratmış, otelin əməkdaşlarına əvvəlcə otaqda kənar şəxsin olmadığını bildirmiş, daha sonra xanımın bir müddət onun otağında qalmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə iclasında müəyyən edildi ki, mövcud pandemiya şəraiti, COVİD-19 virusunun insan həyatı üçün ciddi təhlükəsi və əmək kollektivində sürətlə yayılma riski, işçinin iş öncəsi karantinlə bağlı yazılı öhdəlikləri, o cümlədən qarşılıqlı razılıqla karantin şərtlərinin pozulmasının işdən azad olunma ilə nəticələnə biləcəyinin müəyyən edilməsi, işəgötürənin dənizdə işləyən əməkdaşlarının səhhəti və ümumi iş fəaliyyəti ilə bağlı riskləri nəzərə alınaraq, əmək müqaviləsinə xitam verilməsi barədə 18.03.2021-ci il tarixli, K-17 saylı əmrin qanunsuzluğu barədə iddiaçı tərəfin dəlilləri əsassız hesab olunmalı, bu səbəbdən əmrin ləğvi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq işçinin əsas vəzifələridir. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəf cavabdehin hərəkətləri nəticəsində maddi zərərə məruz qalması barədə məhkəməyə hər hansı konkret, mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə maddi ziyan barədə iddia tələbini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də əsassızdır. Belə ki, iddiaçı mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkət ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına qarşı əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə orta əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbləri barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar