Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7809/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1363/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına qarşı əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə orta əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbləri barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının 18 mart 2021-ci il tarixli, K-17 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması, cavabdehdən onun xeyrinə 18 mart 2021-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, 10000 manat maddi və 15000 manat mənəvi ziyana görə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov, iş № 2(002)-1363/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülki iş üzrə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının 18 mart 2021-ci il tarixli, K-17 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv olunmuşdur. Həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, o, 26.06.2004-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır, 17 illik əmək stajına malikdir, uzun müddət neft sahəsində işləmişdir, ali təhsilli mütəxəssisdir. Əmək müqaviləsi bağlamaqla 12.03.2010-cu il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına Təcrübəçi – kiçik sahə işçisi – qazma zamanı karotaj (MV05) vəzifəsinə işə qəbul edilmişdir. Sonradan vəzifədə irəli çəkilmiş, sonuncu vəzifəsi Maili qazma üzrə sahə mütəxəssisi olmuşdur. 2021-ci ilin mart ayının 6-da Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının qərarına əsasən növbəti dəfə dənizə işə getməmişdən əvvəl digər iş yoldaşları ilə birlikdə Bakı şəhərində yerləşən “Hilton” otelinə karantin məqsədilə yerləşdirilmişlər. Həmin gün ad günü keçirən dostları ona zəng edərək şənliyə qatılmasını istəmişlər. O isə dostlarına hal hazırda “Hilton” otelində karantinə alındığını və bu səbəbdən ad günündə iştirak edə bilməyəcəyini bildirmişdir. Uşaqlıqdan dost olduğu Həcər adlı xanım içkili idi və ondan israrla ad gününə qoşulmasını tələb edirdi, gəlməsə otelə baş çəkəcəyini bildirirdi. Lakin o, bir daha ona karantinlə əlaqədar məclisdə iştirak edə bilməyəcəyini izah etmişdir. Həmin gün gecə, yəni mart ayının 7-də saat təqribən 01.00-01.30 radələrində Həcər ona zəng edərək oteldə olduğunu dedi və qaldığı otağın nömrəsini istədi, eyni zamanda əgər qapını açmasa bütün otaqların qapısını döyəcəyini bldirdi. Qapını açaraq dəhlizə baxdı, qapını bağlamaq istəyirdi ki, Həcər küncdən gəlib otağına girdi. O, Həcərin içəri keçməsinə mane olmağa çalışsa da, xeyri olmadı. Həcərdən oteli tərk etməsini tələb etdi. Bir dəqiqə keçməmiş otelin təhlükəsizlik xidmətinin işçiləri gəldilər. O, ilk növbədə otel işçilərinə karantin rejiminin olmasına baxmayaraq Həcərin sərbəst şəkildə onun otağına gəlməsinə şərait yaratdıqlarına görə narazılığını bildirdi. Təhlükəsizlik xidmətinin tələbindən sonra Həcər otağı tərk edib getdi. Xüsusi olaraq qeyd etmək istəyir ki, o, Həcərə otağının nömrəsini verməmişdir. Həcər otağın hansı mərtəbədə olduğunu haradan öyrənib sualına aydınlıq gətirərək bildirir ki, həmin gün qardaşı ona təzyiq dərmanı gətirmişdi. O, telefonda qardaşına qaldığı otağın nömrəsini demişdi ki, dərmanı otel işçilərinə verəndə hansı otağa çatdırmaq lazım olduğunu desin. Qardaşı qaldığı otağın nömrəsini unutduğundan dostlarına yalnız otağın yerləşdiyi mərtəbəni demişdir. Hadisə barədə birbaşa rəisi olan Zamiq Səlimova gecə saatları olduğundan mesajla məlumat vermişdir. Bu hadisədən sonra əmək müqaviləsinə xitam verilmişdir. Hadisə ilə əlaqədar bildirmək istəyir ki, oteldə qaldığı müddətdə bütün karantin qaydalarına əməl etmişdir, hadisədə onun heç bir günahı yoxdur, Həcərin onun otağına qədər gəlməsinə görə məsuliyyəti mühafizəçilər daşımalıdır. O, Həcərin otağa gəlməsini təşkil etməmişdir. Qeyd olunan əmri vermiş cavabdeh ona qarşı qərəzli olmuş və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir, hansı vəzifələrini yerinə yetirmədiyinə görə işdən azad olunmağı əsaslandırılmamışdır. Əmrdə onun hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Hesab edir ki, ona qarşı intizam tənbehi tətbiq olunarkən, bu maddənin şərtləri nəzərə alınmamışdır. Belə ki, işlədiyi vaxt ərzində heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. İşlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirməsi, həmişə yaxşı işçi kimi qiymətləndirilməsi, vəzifədə irəli çəkilməsi, hadisənin iş yerində və iş vaxtı ərzində olmaması, karantin qaydalarını pozduğuna görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməməsi, peşəkarlığı nəzərə alınmamışdır. Qeyd olunanlardan aydın olur ki, cavabdehin 18 mart 2021-ci il tarixli, K-17 saylı əmri qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. Qanunsuz olaraq işdən azad edildiyinə görə, əmrin ləğvi ilə yanaşı məcburi işburaxma üçün əmək haqqı da ödənilməlidir. Həmçinin iddia ərizəsində qeyd etdiyi kimi maddi və mənəvi ziyana görə cavabdehdən pul tutulmalıdır. Maddi ziyanla bağlı həmçinin qeyd edir ki, əmək müqaviləsinə xitam verilməklə həyat sığortası üzrə ödənişlər dayandırılmışdır və müvafiq ödənişləri özü həyata keçirməlidir. Dəymiş ziyanla əlaqədar maddi ziyanın əvəzi kimi 10000 manat, mənəvi zərərə görə 15000 manat məbləğində pul tələb edir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərinə etiraz edərək izahatında bildirmişdir ki, cavabdehin işçiləri arasında COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün hazırlanmış xüsusi planın iddiaçı tərəfindən pozulması müəssisədaxili intizam qaydalarının kobud pozulması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı və cavabdeh arasında imzalanmış Əmək Müqaviləsinin 3.1-ci maddəsinə əsasən, işçinin vəzifə və öhdəlikləri menecment tərəfindən müəyyən olunmalıdır. İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrinin və burada göstərilmiş əmək funksiyalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün çalışmalıdır. Bu vəzifə və öhdəliklərə işəgötürənin bütün yazılı və şifahi təlimatlarına əməl etmək də daxildir və bunlarla məhdudlaşmayacağı da qeyd olunmuşdur. Bu o deməkdir ki, iddiaçının razılığı ilə onun üzərinə əlavə öhdəliklər və vəzifələr də qoyula bilər. İddiaçı bu cür razılığını 17 avqust 2020-ci il tarixində COVİD-19 X7 X2 imzalamaqla vermişdir. Karantin Razılığına əsasən, İddiaçı həmin razılıqda göstərilən şərtlərə və xüsusi plana əməl etmədiyi təqdirdə, bunun işdən çıxma da daxil olmaqla intizam məsuliyyətinə səbəb olacağını başa düşmüş və öz razılığını bildirərək öz imzası ilə təsdiq etmişdir. Karantin qaydaları ilə iddiaçının üzərinə oteldə karantində olduğu müddətdə təcrid olmaq, hər hansı şəxslə təmasda olmamaq, öz otağını tərk etməmək, dəhlizə çıxmamaq vəzifələri qoyulmuşdur. Öz otağını tərk etməklə və dəhlizə çıxmaqla, həmçinin rəfiqəsini öz otağına buraxmaqla iddiaçı karantin qaydalarının şərtlərini kobud şəkildə pozmuşdur, bu da cavabdeh təşkilata əmək müqaviləsini ləğv etməyə hüquq və əsas verir. Bu səbəbdən, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehin 18 mart 2021-ci il tarixli K-17 nömrəli əmri qanunidir və iddiaçının bununla bağlı tələbləri əsassızdır. Bundan əlavə, iddaçı iddia ərizəsində rəfiqəsinin otelə gəlmək fikrinin ciddi olduğunu bilmədiyini və bu barədə xəbər tutanda rəfiqəsinin artıq mehmanxananın 18-ci mərtəbəsində olduğunu bildirmiş, rəfiqəsini görəndə çaşqınlıq içində olduğunu qeyd etmişdir. Cavabdeh təşkilat bu məsələni Hilton otelinin nümayəndələri, o cümlədən təhlükəsizlik xidmətinin əməkdaşları ilə müzakirə etmişdir. Məlum olmuşdur ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar həqiqətə uyğun deyildir. Belə ki, iddiaçının rəfiqəsi mehmanxananın girişində işçilərə 18-ci mərtəbəyə yox, 19-cu mərtəbəyə gedəcəyini bildirmişdir. Əgər iddiaçının rəfiqəsi işçilərə 18-ci mərtəbəyə gedəcəyini bildirsə idi, mühafizəçilər onu həmin mərtəbəyə buraxmayacaqdılar. Bundan əlavə, xanım qabaqcadan bilirdi ki, 19-cu mərtəbə normal qaydada fəaliyyət göstərir, yəni təcrid olunmuş mərtəbə deyil. Bu isə ona dəlalət edir ki, xanım iddiaçı tərəfindən təlimatlandırılmışdır. Belə ki, mehmanxanada qalmayan şəxsin bu məlumatı bilməsi qeyrimümkündür. Eyni zamanda iddiaçı rəfiqəsinin otelə gəlməsindən narahatlıq hissi keçirdiyini, qapını açıb rəfiqəsinə oteli tərk etməli olduğunu bildirəcəyini qeyd etmişdir. Bu məlumat da yanlışdır. Belə ki, iddiaçı qaldığı mərtəbənin dəhlizində rəfiqəsi gələnədək gözləmişdir, onun rəfiqəsinin oteli tərk etməsi barədə hər hansı cəhdi videogörüntülərdə müşahidə olunmur. Əksinə, iddiaçı xanımın otağa daxil olmasına heç bir narahatlıq keçirmədən şərait yaratmışdır. Eyni zamanda, iddiaçı mühafizəçilərə otaqda heç kəsin olmadığını bildirmişdir. Otelin dəhlizinə çıxmaqla və öz rəfiqəsinin otağa daxil olmasına şərait yaratmaqla, iddiaçı karantin razılığının şərtlərini pozmuşdur və bununla da iş yoldaşları, otel əməkdaşları, habelə Azərbaycan ictimaiyyəti üçün COVİD-19 virusuna yoluxma təhlükəsi yaratmışdır. İddiaçının bu eqoist hərəkətləri yazılı karantin razılığı ilə öz üzərinə götürdüyü vəzifələrinə tamamilə laqeyd yanaşmasını və digər şəxslərə ciddi zərər yetirə bilməsini göstərir. İddiaçı otelə karantin məqsədilə yerləşdirilmişdir, əgər o, öldürücü COVİD-19 virusunu dənizdə işləyən əməkdaşlar arasında yaysaydı, cavabdehə külli miqdarda ziyan vuracaq, bütün iş planını iflic edəcəkdi. Həmçinin iddiaçı oteldən kənarlaşdırıldığına görə, onun əvəz etməli olduğu işçi həddən artıq dənizdə saxlanmış və buna görə şirkət əlavə ziyana məruz qalmışdır. İddiaçı ona maddi və mənəvi ziyanın dəyməsi barədə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun şəkildə xitam verilmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələblərinin rədd olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, iddiaçı onun uşaqlıq dostudur. Özü subaydır və işləmir. Mübahisə yaranan gecə o, dostları ilə bacısı Sevdanın ad gününü qeyd edirmiş, həmin məclisdə bir qədər içki qəbul etmişdir. İddiaçını ad gününə dəvət etdikdə Ayxan karantində olduğunu və ad günündə iştirak edə bilməyəcəyini bildirdi. Daha sonra dostlarından Ayxanın hansı oteldə qaldığını öyrənmiş, sərxoş vəziyyətdə Ayxan üçün siqaret götürərək həmin otelə üz tutmuşdur. Otelə daxil olduqdan sonra otel işçilərinə 18-ci mərtəbəyə getdiyini bildirmiş, liftə minərək 18-ci mərtəbəyə qalxmışdır. Daha sonra Ayxana zəng edərək əgər otaq nömrəsini deməsə, bütün qapıları döyəcəyini bildirmişdir. Ayxan isə ona oteli tərk etməli olduğunu bildirmiş və koridorda ona niyə gəlmisən demişdir. Ayxanın qaldığı otağa daxil olduqdan dərhal sonra otel işçiləri tərəfindən qapı döyüldü və oteli tərk etməsi tələb edildi. Bir neçə dəqiqə onlara vaxt verdilər, daha sonra Ayxanın qaldığı otaqdan çıxaraq oteli tərk etdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, 06.03.2021-ci il tarixində gecə xidmətdə olarkən saat 01:00 radələrində bir nəfər qadının telefonla danışaraq otelə daxil olduğunu gördü. Qadın tələsik liftə doğru yaxınlaşdı və bu zaman o, xanıma yaxınlaşıb hara getdiyini soruşdu. Cavabında qadın ona otelin qonağı olduğunu və 19-cu mərtəbədə qaldığını söylədi. O, kamera otağında olan mühafizəçiyə xanımın hansı otağa qalxdığına nəzarət etməsi barədə göstəriş verdi. Təxminən 1-2 dəqiqə sonra kamera otağında olan mühafizəçi ona xanımın 1808 nömrəli otağa daxil olduğunu bildirdi. O, 18-ci mərtəbədə BP şirkətinin işçilərinin karantində olduğunu bilirdi və bu barədə gecə menecerinə məlumat verdi. Onlar gecə meneceri ilə birlikdə 1808 nömrəli otağa qalxıb qapını döydülər. Qonaq qapını açdıqdan sonra otaqda kənar bir nəfərin olduğunu bildirdilər və dərhal həmin şəxsin otağı tərk etməli olduğunu dedilər. Əvvəlcə qonaq otağa heç bir kənar şəxsin daxil olmadığını söylədi. Onlar qonağa kamerada həmin xanımın otağına daxil olduğunu gördüklərini dedikdə, qonaq onlardan xanımla beş dəqiqə söhbət etmək üçün vaxt istədi. Gecə meneceri qonağın xahişini nəzərə alıb onlara beş dəqiqə vaxt verdi. Bir qədər sonra xanım otağı onların nəzarəti altında tərk etdi. Xanımda hər hansı sərxoşluq əlaməti yox idi. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, işlədiyi müddətdə bütün göstəriciləri əla olmuşdur. Bu göstəricilər peşəkarlığın göstəriciləridir. Oteldə qaldığı müddətdə bütün karantin qaydalarına əməl etmişdir. O hadisədə də heç bir günahı yoxdur. Otel onun evi, yaşadığı mənzil deyil, ora kimin daxil olması və ya olmaması onun səlahiyyətində deyil. Kiminsə, o cümlədən də dostunun bu otelə daxil olmasına görə məsuliyyət daşımır, eyni zamanda otelin mühafizəçisi də deyil. Baş vermiş hadisədə heç bir günahı olmasa da, hadisədən dərhal sonra müdiriyyətə bu barədə məlumat vermişdir. Müdriyyətin onun məlumatından üç gün susmasının izahını cavabdeh verməlidir. İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialında Maili qazma üzrə sahə mütəxəssisi İİ (DV03-ESG) vəzifəsində işləmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı ilə İddiaçı arasında bağlanmış 17.08.2020-ci il tarixli COVİD-19 X7 öncəsi karantin razılığına əsasən İddiaçı həmin razılıqda göstərilən şərtlərə və xüsusi plana əməl etmədiyi təqdirdə, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq və işdən çıxma da daxil olmaqla intizam məsuliyyətinə səbəb olacağını başa düşdüyünü və razı olduğunu bildirirək öz imzası ilə təsdiq etmişdir. Həmin razılığa görə, işçilərin oteldə qaldığı müddət ərzində şirkətin bütün iş qaydaları işçilərə tətbiq edilməyə davam edir. "xxxx" MMC Hilton Baku tərəfindən Cavabdeh Şirkətinin vitse-prezidenti Kolton Tomasa ünvanlanan 17.03.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı 06.03.2021-ci il tarixində saat 12:14-də qeydiyyat şöbəsi işçisi Orxan Bayramov tərəfindən qeydiyyata alınmış və BP tərəfindən təyin edilmiş karantin müddəti haqqında məlumat məktubu/zərfi digər BP qonaqları kimi ona təqdim edilmişdir. 07.03.2021-ci il tarixdə saat 01:10 radələrində bir xanım mehmanxanaya daxil olaraq özünü 19-cu mərtəbədə yaşayan qonaqlardan biri kimi təqdim etmişdir. Lakin kamera nəzarəti zamanı xanımın “A” liftindən istifadə edərək BP qonaqlarının karantin müddətində yerləşdirilməsi üçün təyin olunmuş mərtəbəyə birbaşa qalxaraq 1808 nömrəli otağa daxil olduğu müşahidə olunmuşdur. BP tərəfindən müəyyən olunmuş karantin qaydalarına əsasən, bu hal karantin qaydalarının pozulması idi. Qeydiyyat üzrə nəzarətçi Ceyhun Şükür və mühafizə növbə rəhbəri Eyvaz Həsənov saat 01:15 radələrində mərtəbəyə qalxaraq qonaqdan otağı tərk etməsini xahiş etmişlər. İddiaçı Ceyhun Şükür və Eyvaz Həsənovdan ziyarətçi ilə qısa bir söhbət üçün üçdörd dəqiqə daha icazə vermələrini istəmişdir. Mehmanxana işçiləri dəhlizdə gözləmiş və qonaq mühafizə şöbəsinin iştirakı ilə saat 01:21-də mehmanxananı tərk etmişdir Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının 18.03.2021-ci il tarixli, K- 17 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 18.03.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi 10 mart 2017-ci il tarixli akt, Hilton mehmanxanasının aktı, 17 mart 2021-ci il tarixli Komissiya qərarı qeyd olunmuşdur. İddiaçı əmək müqaviləsinə qanunsuz xitam verildiyini əsas gətirərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. Onun tələbi işə bərpa edilməsi və ötürülmüş aylar üzrə ona əmək haqqının ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və gəldiyi nəticəni hüquqi cəhətdən Əmək Məcəlləsinin 10, 11, 70, 72, 186.2-ci, eləcə də MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı cavabdehlə 17.08.2020-ci il tarixli COVİD-19 X7 X2 imzalayarkən həmin razılıqda göstərilən şərtlərə və xüsusi plana əməl etməyi öhdəsinə götürmüş, əməl etmədiyi təqdirdə intizam tənbeh tədbirinin tətbiqi ilə bağlı xəbərdar edilmişdir. İddiaçının karantin qaydalarını bilərəkdən pozması iş materialları və şahid ifadəsi ilə tam təsdiqini tapmışdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunsuzluğa yol verilməsi apellyasiya baxışı zamanı öz təsdiqini tapmadı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının dəlillərinə verdiyi qiymətlə razılaşır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Cavabdeh isə əksinə, həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7809/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7809/2021
04.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək münasibətləri üzrə sair
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver