Məhkəmə qərarları › İş №2(002)-1387/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1387/2022

31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1387/2022 31.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahdan 16 may 2007-ci il tarixdə Nicat adlı bir uşaqları doğulmuşdur. Aralarında olan nikah pozulmuş və uşaq onun himayəsində saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçü 130 manat məbləğində alimentin tutulması qət edilmişdir. Həmin pulla uşağın tələbatını ödəməkdə çətinlik çəkir. 2022-ci ildən uşaqların yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Odur ki, uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını istəyir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, 2(002)-3433/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq, cavabdeh X2 16 may 2007-ci iİ tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bundan başqa Cavabdeh məhkəməyə göndərdiyi etirazında iddianı qəbul etməyərək, yeni ailə qurmasını, özünün işsiz olmaqla iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə imkanın olmamasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, 2(002)-3433/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh tutulan alimentin məbləği artırılaraq, Cavabdeh 16 may 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, alimentin tutulmasının əvvəli həmin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, onların həmin nikahdan 1 uşaqlarının olması, həmin uşağın ananın yanında qalması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, onun normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 16.05.2007-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, 2(002)-3433/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh 43,16 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilsin. 16.05.2007-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, 2(002)-3433/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 43.16 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar