Məhkəmə qərarları › İş №2(002)-1452/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1452/2020

12.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1452/2020 12.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İlk iddia tələbi üzrə İddiaçı nümayəndəsi və vəkili X6 iştirakı ilə, İlk iddia tələbi üzrə İddiaçı ilk iddia tələbi üzrə Cavabdeh qarşı «aliment» tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı "nikahın pozulması və uşaqların atanın himayədə qalması" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2018-ci təvəllüdlü X1 və xx xxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 170 manat ümumlikdə 340 manat məbləğində sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi, xx xxx 2018-ci təvəllüdlü X1 və xx xxxx 2019-cu il təvəllüdlü X2 üç yaşına çatanadək Cavabdeh əlavə olaraq hər ay hər uşağa görə 100 manat ümumilikdə 200 manat məbləğində sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia tələbi üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun cavabdehlə aralarında müvəqqəti narazılıq yaranmış və o, hazırda müvəqqəti olaraq ata evində yaşayır. Cavabdeh ona məxsus olan cehiz əşyalarını çölə tökdüyü üçün məcbur qalıb cehiz əşyalarını gətirmiş lakin əmlaklarını götürərkən ona məxsus olan zinət əşyalarını ona verməmişlər. Hazırda uşaqlar onun himayəsində yaşayırlar. Cavabdeh müəyyən gəlirə malik olsa da, uşaqlara heç bir maddi yardım göstərmir. O isə uşaqları tək böyüdür və böyük çətinlik çəkir. O, uşaqların təlabatını təkbaşına ödəyə bilmir. Hal-hazırda uşaqları azyaşlı olduğuna görə işləyə bilmir və həmçinin, onun qalmağa yeri yoxdur. Uşaqlarla birlikdə müvəqqəti olaraq ata evində yaşayır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə aralarında xx xxxxxx 2018-ci ildə bağlanmış nikahın pozulmasını və nikah pozularkən birgə nikahdan doğulmuş övladları xx xxx 2018-ci təvəllüdlü X1 və xx xxxx 2019-cu il təvəllüdlü X2 onun yanında saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, onun bir neçə xəstəliyi olduğu halda əldə etdiyi az məbləğdə qazanc hesabına uşaqlarına maddi yardım etmək istəsə də, ilk iddia üzrə İddiaçı sağlam olduğu halda işləmək istəmir. Onun səhhətində ciddi problemlər olduğu üçün əmək qabiliyyəti yoxdur, heç bir işlə məşğul ola bilmir. Bildirir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə birgə yaşamağa başladıqdan bir müddət sonra onun ailəyə qarşı laqeyd münasibəti olduğunu görmüşdür. Beləliklə də buna görə də ailədə söz-söhbət olmağa başlamış və evlilikləri bitmişdir. Hal-hazırda nikahları formal xarekter daşıyır. O uşaqlarının xətrinə ailəni qoruyub saxlamaq üçün cavabdehin hərəkətlərinə göz yumub onu bağışlasa da, cavabdeh bundan nəticə çıxarmamışdır. Uşaqları hal-hazırda cavabdehin valideynləri ilə birgə yaşayırlar. O hesab edir ki, cavabdeh və onun valideynləri ilə birgə yaşamaları onları tərbiyəsi və təhsili üçün təhlükəlidir. Qeyd olunan halların nəzərə alınaraq, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İlk iddia tələbi üzrə İddiaçı nümayəndəsi və vəkili X10 ərizə verərək, qarşılıqlı iddia ərizəsinin mahiyyəti üzrə baxılmasını xahiş etdi, həmçinin bildirdi ki, ilk iddia üzrə İddiaçı boşanmağa razı olduğunu, lakin xx xxx 2018-ci il təvəllüdlü X1 və xx xxxx 2019-cu il təvəllüdlü X2 onun himayəsində saxlanmasını, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə 170 manat olmaqla, 340 manat sabit piul məbləğində aliment, uşaqların 3 yaşına çatanadək saxlanılması üçün hər uşağa əlavə olaraq 100 manat olmaqla, 2000 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia tələbi üzrə Cavabdeh və onun vəkilinə, işə üçüncü şəxs qismində cəlb edilmiş Qaradağ Rayon Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq,onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ilk iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İlk iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixdə verilmiş, AZ-İV 111308 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixdə verilmiş, AZ-İV 304959 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş xx xxx 2020-ci il tarixdə verilmiş nikah akt qeydindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx xxxxxx 2018-ci ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə Əmiraslanov, arvada Əmiraslanova soyadı verilmişdir. İş materiallarına Cavabdeh xəstəliyi ilə bağlı ambulator, stosianar xəstənin tibbi kartasından çıxarış və ambulator kitabçadan çıxarış əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli 5/592 nömrəli məktubuna əlavə olunmuş Qəyyumluq və himayədarlıq məsələləri üzrə Komissiyanın rəyin məzmunundan görünür ki, İddiaçı Cavabdeh Qaradağ rayonu, Korgöz qəsəbəsi, AZNS ev 93 ünvanında anası ilə birgə yaşayır. Mənzil iddiaçının mərhum atası X3 məxsusdur, yaşayış sahəsi 40 m2 olan ev iki otaqlıdır. İddiaçı Cavabdeh şifahi məlumatına əsasən o, hal-hazırda “AAS Ekol” şirkətində operator işləyir və onun orta aylıq əmək haqqı 500 (beş yüz) manat təşkil edir. İddiaçı Cavabdeh anası Korgöz qəsəbəsi 197 saylı məktəbdə xadimə işlədiyi üçün onun işdə olduğu vaxtlarda azyaşlıların qayğıları ilə iddiaçi Cavabdeh bacısı X5 məşğul olacaqdır. X5 ailəlidir dörd övladı var 2,3,4 və 7 yaşlarında. Cavabdeh İddiaçı Qaradağ rayonu, Korgöz qəsəbəsi, AZNS ev 84 ünvanında atası, anası və azyaşlılar xx xxx 2018-ci il təvəllüdlü X4 və xx xxxx 2019-cu il təvəllüdlü X7 ilə birgə yaşayır. Cavabdeh İddiaçı işləmir. Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiya”sı təqdim olunmuş sənədlərlə tanış olaraq, uşağın mənafeyi üçün xidmət etməsi baxımından, yuxarıda adıçəkilən BMT qətnaməsinin humanist prinsiplərini nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci və 61-ci maddələrinin tələblərinə uyğun azyaşlılar xx xxx 2018-ci il təvəllüdlü X1 və xx xxxx 2019-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında və himayəsində qalmasını daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən ər-arvadın nikahın pozulmasına razılığı olduqda, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər xx xxxxxx 2018ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahdan iki uşaqları xx xxx 2018-ci təvəllüdlü X4 və xx xxxx 2019-cu il təvəllüdlü X7 vardır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ailələri faktiki olaraq dağılmışdır. Nikah formal xarakter daşıyır və ailənin bərpasına ümid yoxdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hər iki tərəf nikahın pozulmasına razıdır. Bu halda məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan nikah pozulmalıdır. Bu halları nəzərə alaraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi nikahın pozulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından doğulmuş uşaqları xx xxx 2018-ci təvəllüdlü X4 və xx xxxx 2019-cu il təvəllüdlü X7 anaları İddiaçı yanında olmaqla, onunla birgə yaşayırlar. Eyni zamanda, məhkəmə araşdırması zamanı Qəyyumluq və himayədarlıq məsələləri üzrə Komissiyası tərəfin verilmiş rəydə xx xxx 2018-ci il təvəllüdlü X1 və xx xxxx 2019cu il təvəllüdlü X2 anaları İddiaçı yanında və himayəsində qalmasını daha məqsədəmüvafiq hesab etmişdir. Bu halda, məhkəmə tərəflərin birgə nikahdan olan uşaqların azyaşlı olması, ana nəvazişinə, ana qayğısına ehtiyaclarının olması halını, uşaqların üstün mənafeyini əsas götürərək, habelə müvafiq qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə alaraq, hesab edir ki, xx xxx 2018-ci il təvəllüdlü X4 və xx xxxx 2019cu il təvəllüdlü X7 anaları İddiaçı yanında və himayəsində saxlanılmalıdır. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi uşaqların himayədə qalması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə İlk iddia tələbi üzrə İddiaçı ilk iddia tələbinin uşaqların saxlanması üçün aliment tutulması hissəsi ilə bağlı hesab edir ki, ilk iddia tələbi alimentin tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Plenum qərarında qeyd edilmişdir ki, məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahdan olan uşağının ilk iddia tələbi üzrə iddiaçının himayəsində və yanında qalması halı əsas götürülməklə,ilk iddia tələbi alimentin tutulması hissəsində də təmin edilməlidir. Həmçinin, məhkəmə tutulacaq alimentin miqdarının müəyyən edilməsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehin aylıq qazancını və digər gəlirlərini müəyyən etmək mümkün olmamışdır. Bu halda, məhkəmə hesab edir ki, qeyd olunan halların cavabdehdən tutulmalı olan alimentin miqdarının müəyyən olunmasında nəzərə alınması, habelə uşaqların üstün mənafeyi, azyaşlı olması, daim qulluq və qayğıya ehtiyacının olması halları, tutulacaq alimentin məbləğinin uşaqlar üçün müvafiq qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğinin əsas götürülməklə müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iddia tələbinin uşaqların üç yaşına çatanadək iddiaçının özünə hər ay bir uşaq üçün 100 manat, cəmi 200 sabit pul məbləğində alimentin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,ilk iddia tələbi üzrə iddiaçı iddia tələbinin 200 manat məbləğində əlavə olaraq alimentin tutulması hissəsində iddia tələbinin əsası kimi tərəflərin birgə nikahdan olan övladlarının azyaşlı olduğundan, onun bütün qayğıların təkbaşına çəkdiyindən, buna görə də heç bir yerdə işləyə bilmədiyindən, heç bir gəlirə malik olmadığından həm özünün, həm də uşağın yeməyi, geyimi və digər maddi tələbatalrının, ehtiyaclarının ödənilməsində çətinlik çəkməsi kimi hallara istinad etmişdir. Bu halda, məhkəmə tərəflərin birgə nikahdan olan övladlarının azyaşlı olması, uşaqların ilk iddia tələbi üzrə iddiaçının himayəsində qalması, habelə iddiaçının uşağa daim qulluq etmək, onu saxlamaq, baxmaq və qayğısına qalmaq kimi öhdəliklər daşıdığını əsas gətirərək, hesab edir ki, iddia tələbi məhz bu hissədə əsaslı olmaqla təmin edilməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı ilk iddia tələbi üzrə iddiaçı tərəflərin birgə nikahdan olmuş uşaqların saxlanamsı üçün hər ay əlavə olaraq bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində əlavə xərc tələb olunduğunu bildirsə də, məhz qeyd olunan məbləğdə əalvə xərcin çəkilməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.Məhkəmə bu halda tutulacaq alimentin məbləği ilə bağlı hesab edir ki, uşaqların üç yaşına çatanadək iddiaçının xeyrinə tutulacaq alimentin məbləği müəyyən edilərkən, tərəflərin maddi və ailə vəziyyəti, habelə cavabdehin tərəflərin birgə nikahdan olan olan övladının saxlanması üçün aliment ödəmək öhdəliyi daşıması və digər diqqətə layiq olan halları nəzərə alaraq, ilk iddia tələbi üzrə cavabdehdən ilk iddia tələbi üzrə iddiaçının xeyrinə uşaqları üç yaşına çatanadək hər ay əlavə olaraq bir uşağa görə 25 manat olmaqla, cəmi 50 manat məbləğində aliment tutulması məqsədəmüvafiqdir. Ailə Məcəlləsinin nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququnu təsbit edən 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx xxxx 2020-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd olunan halları əsas götürərək, habelə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia və qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə Qaradağ rayonu Qeydiyyat şöbəsində 12 nömrə ilə bağlanmış nikah pozulmalı, xx xxx 2018-ci il təvəllüdlü X1 və xx xxxx 2019-cu il təvəllüdlü X2 ilk iddia tələbi üzrə İddiaçı yanında və himayəsində saxlanılmalı, ilk iddia tələbi üzrə Cavabdehxx xxx 2018-ci il təvəllüdlü X1 və xx xxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 sabit pul məbləğində aliment tutularaq ilk iddia üzrə İddiaçı xeyrinə ödənilməli, ilk iddia tələbi üzrə Cavabdehxx xxx 2018-ci təvəllüdlü X1 və xx xxxx 2019-cu il təvəllüdlü X2 3 (üç) yaşı tamam olanadək hər ay bir uşaq üçün 25 manat olmaqla, cəmi 50 manat sabit pul məbləğində aliment tutularaq ilk iddia üzrə İddiaçı xeyrinə tutulmalı, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu tərəflərə aid eidlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia və qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə Qaradağ rayonu Qeydiyyat şöbəsində 12 nömrə ilə bağlanmış nikah pozulsun. xx xxx 2018-ci il təvəllüdlü X4 və xx xxxx 2019-cu il təvəllüdlü X7 ilk iddia tələbi üzrə İddiaçı yanında və himayəsində saxlanılsın. İlk iddia tələbi üzrə Cavabdehxx xxx 2018-ci il təvəllüdlü X1 və xx xxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 sabit pul məbləğində aliment tutularaq ilk iddia üzrə İddiaçı xeyrinə ödənilsin. İlk iddia tələbi üzrə Cavabdehxx xxx 2018-ci təvəllüdlü X1 və xx xxxx 2019-cu il təvəllüdlü X2 3 (üç) yaşı tamam olanadək hər ay əlavə olaraq, bir uşaq üçün 25 manat olmaqla, cəmi 50 manat sabit pul məbləğində aliment tutularaq ilk iddia üzrə İddiaçı xeyrinə ödənilsin. Qaradağ Rayon Məhkəməsinin 2(002-1452\2020 saylı xx.xx.2020-cu il tarixli qərardadı ilə təyin edilmiş müvəqqəti alimentin tutulması və məbləğ arasındakı fərq nəzərə alınsın. Aliment xx.xx.2020-ci il tarixdən tutulsun. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İlk iddia tələbi və qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar