Məhkəmə qərarları › İş №2(002)-1458/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1458/2020

17.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1458/2020 17.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 170 manat, cəmi 340 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(002)-294/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh aralarında olan nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 Səidə Rəşid qızının himayəsində və yanında saxlanılmış və xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilmişdir. Lakin o vaxtdan 4 ildən artıq çox keçməsinə baxmayaraq cavabdeh alimenti miqdarında ödəməkdən yayınır. Bəhanə edir ki, o heç yerdə işləmir. Cavabdeh 2 uşağa görə ayda 100 manat son 2 ayda 60-80 manat ödəyir ki bununla da iki uşağın saxlanılması qeyri-mümkündür. Cavabdeh onlara maddi heç bir yardım etməməyi onu məhkəməyə müraciət etməyə məcbur etdi. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Daha sonra İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(002)-294/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki,cavabdehlə alimentin miqdarı ilə bağlı razılıq əldə etmişlər və bununla bağlı o, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Həmin ərizənin nəzərə alınmasını və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək, iddianı tam qəbul etdiyini, iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan və həmçinin, cavabdeh iddianı etiraf etdiyindən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(002)-294/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh aralarında olan nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 Səidə Rəşid qızının himayəsində və yanında saxlanılmış və xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2985/16 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(002)-294/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ İİİ seriyalı 394892 nömrəli və AZ İİ seriyalı 441920 nömrəli doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflərin iki övladları var. Məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə iki uşaq üçün aliment tutulmuşdur, hazırda iddiaçı alimentin miqdarının artırılmasını, həmçinin sabit pul məbləğində tutulmasını tələb edir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment məbləğinin artırılması ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment məbləğinin artırılması) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment məbləğinin artırılması ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məbləğinin artırılması tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(002)-294/2016 saylı qətnaməsi ilə aliment qazancın və başqa gəlirlərinin müəyyən hissəsi şəklində təyin edildiyindən, hazırki iş üzrə cavabdehin müntəzəm gəlirləri olmaması səbəbindən alimentin ödənilməsi mümkün olmadığından, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(002)-294/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 100 (yüz) manat, iki uşağa görə 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(002)-294/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 100 (yüz) manat, iki uşağa görə 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar