Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1478/2022 14.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(002)-1262/2011 saylı, aylıq aldığı əmək haqqının hər ay 1/4 hissəsinin tutularaq Cavabdeh ödənilməsi qət edilən alimentin, həyat şəraitində dəyişikliklər olduğuna görə azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Mütəllimova (keçmiş ər soyadı Cəfərova) İlahə Zakir qızı ilə ailə həyatı qurmuş, nikahları xx.xx.2009-cu il tarixli 528 saylı akt qeydi ilə Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü övladları X4 doğulmuşdur. Ailə həyatı qurduqdan sonra aralarında münasibətlər əvvəllər yaxşı olsa da, sonralar cavabdehin müəyyən hərəkətləri ucbatından münasibəti pozulmuş, rəsmi nikahları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(002)-58/2012 saylı qətnaməsi ilə (hakim X8) xx.xx.2009-cu il tarixli, 528 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, yetkinlik yaşına çatmayan X1 üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(002)-1262/2011 saylı qətnaməsi ilə (hakim X8) əmək haqqına yönəldilərək həmin tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında tutularaq xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cəfərova (qızlıq soyadı Mütəllimova) İlahə Zakir qızına ödənilməsi müəyyən olunmuşdur. Qeyd edir ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi cavabdehə 124.818 manat aliment ödənişi etməsinə baxmayaraq, bu günə kimi övladı ilə görüşə bilməmişdir. O, cavabdehə qarşı «valideynlik hüquqlarının həyata keçirilməsi» tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə (hakim X8) iddia qismən təmin edilmiş, ona xx.xx.2010-cu il təvəllüdlü X4 ilə hər həftənin şənbə və bazar günləri saat 16:00-dan 18:00-dək iddiaçının faktiki yaşadığı qardaşına məxsus Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda uşağın anasının və ya anasının tapşırığı ilə istənilən digər bir şəxsin iştirakı ilə ünsiyyətdə olmaq hüququ verilməsinə baxmayaraq, 11 ildən çoxdur ki, o, oğlu Hüseynlə ünsiyyətdə ola bilmir, çünki oğlunun anası İlahə, Hüseynin nənəsi Zərnişan və babası Zakir tərəfindən maneələr törədilir və görüşmələrinə imkan vermirlər. Azərbaycan Respublikası MPM-in 15-ci maddəsinin (məhkəmə aktlarının məcburiliyi) tələblərinə əməl edilməmiş, icra məmurunun icra üsulunun həyata keçirilməsinə maneə törədilmiş və törətməkdə davam edirlər. Alimentin ödənilməsi zamanı ödənilən məbləğin çox olduğu səbəbindən Ailə Məcəlləsinin 55-ci maddəsinə əsasən aliment ödəyən valideynin tələbi ilə ödənilən məbləğin 50 % hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi və yığılan məbləğin uşağın həyat şəraitinin daha da yaxşılaşdırılması, təhsili, sağlamlığı üçün xərclənməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ciddi şəkildə bu tələbin məhkəmədə əleyhinə olmuşdur. Hal-hazırda oğlu X4 Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi 223 saylı orta məktəbdə təhsil alır və onun ödədiyi aliment məbləği uşağın heç bir təhsilində, heç bir həyat şəraitinin, elminin daha da yüksək inkişafında istifadə olunmur. Onun ödəniş etdiyi aliment məbləğinin düzgün şəkildə xərclənməsi olardısa, hal-hazırda övladı Bakının ən gözəl, inkişaf etmiş təhsil liseylərində təhsil almalı idi. Ödənilən yüksək məbləğdə (hətta bir ayı 2.800 manat) alimentin hara və hansı şəkildə övladı üçün düzgün şəkildə xərclənməsi haqqında Cavabdeh və valideynləri tərəfindən bu günə kimi heç bir məlumat verilməmişdir. Əvəzində bütün bu sualları verməsi üçün övladını bu günə qədər (11 ildir) ondan gizlətməyə çalışmış, onun təlim-tərbiyəsində iştirak edib, onun təhsili ilə yaxından maraqlanmasına imkan verməmişlər. Bundan əlavə, övladı X2 onun işlədiyi BP şirkəti tərəfindən "xxxx" Sığorta Şirkəti tərəfindən 50.000 manat məbləğində həyat və sağlamlığı sığorta olunmuşdur. Belə ki, Hüseynin ehtiyacı olarsa bütün tibbi və sağlamlıq xərcləri, müayinələri, dərmanlar, müalicələr şirkət tərəfindən qarşılanır və cavabdehin övladının sağlamlığı üçün əlavə heç bir xərc çəkməsinə ehtiyac görülmür. Yuxarıda qeyd edilənlər, ödənilən aliment məbləğinin yüksək olması, bu günə qədər aliment olaraq ödənilmiş olan 124.818 manat məbləğin hara xərclənməsinin gizlədilməsi, bundan başqa övladı ilə ünsiyyətdə olub, ona xərclənməli olan yüksək məbləğdə olan alimentin digər şəxslərin bilə-bilə şəxsi maraqları üçün sui-istifadə edilərək mənimsənilməsində onda müəyyən şübhələr yaranmış və dəqiq bilir ki, cavabdeh və valideynləri tərəfindən mənimsənilərək öz şəxsi maraqları üçün xərclənmişdir. Bu məbləğin qarşılığında oğlu daha yüksək səviyyəli təhsil mərkəzində təhsil almaq, daha çox elmi fənnlərdən, xarici dil bilikləri üzrə hazırlıq alıb, daha da savadlı olmaq əvəzində, heç bir inkişafına doğru xərclənməmişdir. Övladının hər zaman öz atası ilə görüşməsinə qarşı çıxıb, ona daha çox psixoloji zərbələr vuraraq, Hüseynin onunla ünsiyyətdə olmasına şərait yaratmamışlar. Hesab edir ki, Cavabdeh aliment olaraq övladının saxlanılması üçün onun hesabına köçürülən məbləğləri öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bütün bunların araşdırılmasına və aşkara çıxarılaraq qanuna uyğun qaydada ölçü götürülməsinə ehtiyac vardır. Bu araşdırmaların aparılması, müzakirələrin və yekun məhkəmə qərarının uzun zaman alacağını bilib, xahiş edir ki, işə baxılıb, son qərar qəbul edilənə qədər onun ailə vəziyyətinin və hazırda banklara olan borclarını, himayəsində olan yaşlı, əlil anasını və iki körpə övladlarının vacib xərclərini nəzərə alaraq, övladı X1 üçün Cavabdeh ödədiyi aliment məbləğinin müvəqqəti 500 manat edilməsinə qərar verilsin. O, Cəfərova (qızlıq soyadı Hüseynova) Nəcifə Kamil qızı ilə yenidən ailə həyatı quraraq, xx.xx.2014-cü il tarixli 1065 nömrə ilə rəsmi nikaha daxil olaraq, Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmiş, həmin nikahdan əkiz uşaqları - xx.xx.2021-ci il təvəllüdlü X6 və X7 doğulmuşlar. O, həyat yoldaşı, iki azyaşlı övladı və yaşlı xəstə anası onun himayəsində yaşayır, ailədə tək qazanc (gəlir) gətirən odur. Əlavə olaraq, müxtəlif banklardan müxtəlif kredit götürmüş və ödəməkdə davam edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbinin təmin edilməsinə razı deyil. Bildirir ki, o, iddiaçı ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə Hüseyn adlı bir uşaqları doğulmuşdur. İddiaçı ilə aralarında bağlanmış nikah məhkəmənin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşağın saxlanması üçün iddiaçının əmək haqqına yönəldilməklə hər ay qazancının (başqa gəlirinin) 1/4 hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, aliment ödəməsinə baxmayaraq uşağı ilə ünsiyyətdə ola bilmir. Əslində məhkəmənin qətnaməsi ilə iddiaçıya uşağı ilə ünsiyyət hüququ verilmiş və məhkəmə qətnaməsində qeyd edilən vaxtda da uşaqla ünsiyyətdə ola bilər və buna heç kim mane olmur. Eyni zamanda, iddiaçı guya ödədiyi alimenti onun uşağın təhsilinə və yaşayış üçün lazım olan digər xərclərin ödənilməsini təmin etmir. Əslində o da bir valideyn kimi, uşağının inkişaf edilməsinə çalışır və övladı üçün bütün lazım olan şəraiti yaratmışdır. Uşaq 6-cı sinifdə oxuyur, hazırlıqlara gedir, vaxtlı-vaxtında gəzintilərə aparır, şahmata gedir. Uşağın bütün yaşayış üçün lazım olan əyləncələrini təmin edir. Əgər belə olmasa idi, uşaq 12 yaşındadır və hansı valideynlə yaşamasını da özü müəyyən edə bilər. İddiaçı verdiyi alimentin məbləğindən narahatdır və həmin pulu uşağına ödəmək istəmir. Belə ki, iddia ərizəsində də qeyd etdiyi kimi, ailə qurmuş və iki övladı doğulmuşdur. Həmin uşaqlar kimi onun oğlunun da atasının qazancının 1/4 hissəsi məbləğində pulla təmin edilməli və qazancı qeyri-sabit və dəyişkən olmadığı halda, yəni işlədiyi halda hansı əsasa görə aliment sabit pul məbləğində ödənilməlidir? Onlar ailə qurarkən iddiaçı həmin işdə işləmiş və yüksək əmək haqqı almışdır. Uşaq həmin səviyyədə yaşamış və hazırkı vaxtda da həmin şəraitdə yaşaması təmin edilməlidir. Göründüyü kimi, aliment verməyə borclu olan iddiaçının qazancı qeyri-müntəzəm, dəyişkən deyil, qazancının bir hissəsini naturada almır, hazırda iş yeri mövcuddur və bu da alimentin vaxtlı-vaxtında ödənilməsinə heç bir maneə yaratmır. Hansı əsasa görə iddiaçının alimentin sabit pul məbləğində tutulması tələbi aydın deyil. İddiaçının tələbi tamamilə əsassız olmaqla, təmin edilə bilməz və o, alimentin sabit pul məbləğində tutulmasına razı deyil. Əgər iddiaçı vaxtında uşağına baxsa idi, o, aliment tələbinə dair məhkəməyə müraciət etməzdi. İddiaçı aliment müəyyən ediləndən sonra iki il müddətində alimenti ödəməmiş, buna görə də borcları yaranmışdır. İddiaçı aliment müəyyən edilən ilk gündən alimentin azaldılmasına çalışmış, buna görə də, müxtəlif tələblərlə məhkəmələrdə dəfələrlə iddialar qaldırmış və heç bir iddia tələbi də təmin edilməmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə X3 İddiaçı qarşı «aliment» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı əmək haqqına yönəldilməklə xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 ödənilməsi, xx.xx.2010-cu il təvəllüdlü X2 adına bank hesabı açılması, tutulacaq alimentin 50 faizinin hər ay azyaşlı X2 adına açılacaq bank hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qətnaməsi ilə İ.Cəfərovanın apellyasiya şikayəti təmin olunaraq iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 sentyabr 2011-ci il tarixli qətnaməsi xx.xx.2010-cu il təvəllüdlü X2 adına bank hesabının açılması, tutulacaq alimentin 50 faizinin hər ay həmin bank hesabına köçürülməsi hissəsində ləğv edilmiş, qətnamə İddiaçı əmək haqqına yönəldilməklə xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 ödənilməsi hissəsində dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2012-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 sentyabr 2011-ci il tarixli qətnaməsi xx.xx.2010-cu il təvəllüdlü X2 adına bank hesabının açılması, tutulacaq alimentin 50 faizinin hər ay həmin bank hesabına köçürülməsi hissəsində ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2012-ci il tarixli, 2(102)-3616/2012 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2012-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Mütəllimova (Cəfərova) İlahə Zakir qızına qarşı «alimentin 50 % məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi» tələbinə dair iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2017-ci il tarixli, 2(102)-2759/2017 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Mütəllimova (Cəfərova) İlahə Zakir qızının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı Mütəllimova (Cəfərova) İlahə Zakir qızına qarşı «alimentin 50 % məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi» tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin 1 uşaqlarının olması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş 15 aprel 2022-ci il tarixli, MŞB/3-00615 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:00-11:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İddiaçı yeni ailə qurmasına və ikinci nikahdan iki övladının doğulmasına dair şəhadətnamələrin surətlərini məhkəməyə təqdim etmişdir. İddia ərizəsində iki övladının yeni doğulması və himayəsində yaşlı, xəstə anasının olmasını, banklara borcu olmasını qısa şəkildə bildirən iddiaçı aliment məbləğinin azaldılmalı olmasını əsasən yuxarıda qeyd edilənlərlə deyil, yüksək əmək haqqı aldığı üçün əmək haqqının 1/4 hissəsinin böyük məbləğ təşkil etməsi, övladının saxlanması üçün ödədiyi alimentin təyinatı üzrə xərclənməsinə şübhə etməsi, həmin məbləğlərin uşağın saxlanılması üçün deyil, cavabdehin və sonuncunun ailə üzvlərinin şəxsi qayğılarının həll edilməsinə sərf edilməsi barədə məlumatı olması, uşağın onunla görüşməsinə maneə yaradılması ilə əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıdan xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının azaldılması üçün hər hansı əsas yoxdur. İddiaçı maddi vəziyyətinin pisləşməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iddiaçı rəsmi şəkildə işləməklə, kifayət qədər əmək haqqı alır və xeyrinə tutulması qət edilən aliment məbləği əmək haqqından çıxıldıqdan sonra, ikinci nikahından doğulan övladlarının qayğılarını həll etmək üçün kifayət qədər vəsait qalır. İddiaçı anasının xəstə və yaşlı olması, onun himayəsində olması, pensiya təminatının olmamasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu cür sübutlar məhkəməyə təqdim edilsə idi belə, bu, aliment miqdarının azaldılması üçün əsas təşkil etməyəcəkdi. Belə ki, iddiaçının ikinci dəfə ailə qurması və övladlarının doğulması, himayəsində xəstə və yaşlı anasının olması, banklardan şəxsi məqsədləri üçün müxtəlif məbləğlərdə borc alması, xeyrinə aliment tutulması qət edilən uşağın əvvəlki vəziyyətə nisbətən daha az aliment məbləği ilə təmin edilməsi qənaətinə gəlmək üçün əsas deyil. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1478/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1478/2022
14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver