Məhkəmə qərarları › İş №2(002)-1494/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1494/2021

26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1494/2021 26.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilib miqdarını dəyişdirərək 14.11.2007-ci il təvəllüdlü X2 və 17.10.2008ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində, cəmi 200 manat sabit pul məbləğində pul tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdehlə 19 dekabr 2006-ci il tarixində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur.Birgə nikahdan 3(üç) uşaqları,(14 noyabr 2007-ci il təvəllüdlü X4,17 oktyabr 2008-ci il təvəllüdlü X9 oglu və 07 fevral 2010-cu il təvəllüdlü X5) anadan olmuşdur.Ailə qurduqları ilk vaxtlarda ər-arvad münasibətləri normal olsada,lakin sonradan münasibətlərində anlaşılmazlıqlar olduğuna görə rəsmi nikahları Qaradağ rayon məhkəməsinin 2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuşdur.Qətnamə üzrə uşaqlar onun yanında saxlanılmaqla ,uşaqlara görə alimentdə alırdı.Lakin sonradan cavabdeh uşaqları ondan zor gücünə alaraq ,uşaqları yanında uzun müddət yanında saxlamış və uşaqlara psixoloji təsir göstərərək ,uşaqlarda analarına qarşı nifrət hissi oyatmışdır.Bu azmış kimi cavabdeh onu məhkəməyə verərək uşaqların onun yanında olmasında olduğuna görə ondan aliment pulu tələb etmişdir.Beləki 20.06.2019-cu il tarixli Qaradağ rayon məhkəməsinin qətnaməsi üzrə 14.11.2017-ci il təvəllüdlü X2 və 17.10.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.05.2019-cu il tarixdən başlayaraq ,Cavabdeh xeyrinə cavabdeh Mahmudova(Əzimova)Bəsti İsmayıl qızından hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində ,cəmi 320 manat sabit pul məbləğində aliment tutulur.,Onun maddi vəziyyəti heç də qənaətbəxş deyil.Günəmuzd kafedə günü 7(yeddi)manata qabyuyan işləyir.Ondan əlavə pandemiya ilə əlaqədar onun aylıq gəliri azalmışdır.Lakin buna baxmayaraq o bir ana kimi gücü çatdığı qədər uşaqlarına aliment pulu göndərir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında uşaqları ilə görüşmədiyini, ünsiyyət saxlamadığını, aliment borcunun olduğunu, hər ay alimenti ödəməkdə çətinlik çəkdiyini, ona görə də belə bir tələb irəli sürdüyünü, restoranda xadimə (qab yuyan) işlədiyini, arada iş olanda işlədiyini, iş olmayanda işləmədiyini, maddi imkanının olmadığınıaylıq maddi imkanı hansı məbləğə çatır onu ödədiyini, uşaqların başqa heç bir işləri ilə maraqlanmadığını bildirərək, qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, üç uşağa görə aylıq 510 manat ödəməli olduğu halda, iddiaçının alimenti ödəmədiyini, uşaqların üçünə də özünün baxdığını, bütün maddi və mənəvi ehtiyaclarının hamısını özlərinin ödədiyini, ana kimi iddiaçının uşaqların saxlanmasında heç bir köməkliyinin olmadığını, oğlunun işlədiyini, evdə tək işləyən şəxsin oğlunun olduğunu, onun özünün isə elə uşaqları saxlamaqla məşğul olduğunu, onların yeməyi-içməyi, bütün digər gündəlik tələbatlarının ödənilməsində ancaq özllərinin iştirak etdiyini bildirərək, alimentin məbləğinin azaldılmasına razı olmadığını, maddi vəziyyətlərində də buna əsas olan heç bir dəyişikliyin olmadığını, oğlunun həmin işdə işlədiyini, əmək haqqı məbləğinin artırılmadığını, əlavə gəlir yerlərinin olmadığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1504\2019 saylı qətnaməsi ilə İddiaçı 14.11.2017-ci il təvəllüdlü X2 və 17.10.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.05.2019-cu il tarixdən başlayaraq ,Cavabdeh xeyrinə cavabdeh Mahmudova(Əzimova)Bəsti İsmayıl qızından hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində ,cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış iki uşağının saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə sabit pul məbləğində aliment tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Qeyd edilən hüquq normasından görünür ki, alimentin miqdarı dəyişdirilməsinin əsası tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bu dəyişiklilər özünü tərəflərin birinin səhhəti, ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Məhkəmələr yalnız təqdim edilmiş sübutlar əsasında araşdırma aparır. Bu sübutları təqdim etmək mülki iş üzrə tərəflərin vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçıdan yetikinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay cəmi 320 manat məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilən alimentin miqdarının azaldılaraq, alimentin məbləğinin hər ay cəmi 200 manat məbləğində müəyyən edilməsi tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilən alimenti ödəməkdə çətinlik çəkməsi, maddi vəziyyətinin ağır olması kimi hallarına istinad etmişdir. Həmçinin, məhkəmə araşıdrması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən onun maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsi halına, habelə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilən alimentin məbləğinin azaldılmasına əsas olan hər hansı hala dair, başqa sözlə iddia tələbinin əsası kimi istinad olunan hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsi halını, habelə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilən alimentin məbləğinin azaldılmasına əsas olan hər hansı halı müəyyən etmək mümkün olmammışdır. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, habelə uşaqların üstün mənafeyini əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarın 8.12-ci bəndində qeyd olunmuşdur ki,alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan halları nəzərə alaraq, habelə ailə qanunvericiliyinin normalarını, uşaqların üstün mənafeyini əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar