Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-15/2022 04.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, İddiaçı Möhsün oğlunun Cavabdeh qarşı «müqavilənin ləğvi, müqavilə üzrə ödənilmiş pulun, əldən çıxmış faydanın və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Möhsün oğlu 11 may 2017-ci il tarixdə Cavabdeh qarşı «müqavilənin ləğvi, müqavilə üzrə ödənilmiş pulun, əldən çıxmış faydanın və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli X5 Müqavilənin ləğv edilməsi, xx.xx.2016-cı il tarixli X5 Müqavilə üzrə əldə edilmiş gəlirin yarısı, yəni 120.000 manat məbləğində pul vəsaiti, müqavilə bağlanarkən onun tərəfindən cavabdehə ödənilən 100.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 220.030 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə «X5» müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh icarə müqaviləsi əsasında istifadəsində olan Abşeron rayonu Qobustan otlaq ərazisi «Kiçik ağıl» adlanan hissəsində yerləşən, sahəsi 2,50 ha olan daş karxanası sahəsini, eyni zamanda həmin ərazidə yerləşən 3 ədəd daş kəsən mişardan və digər zəruri avadanlıqlardan ibarət olan daş karxanası avadanlığını, o isə 100.000 manat məbləğində pul vəsaitini təqdim etməyi öhdələrinə götürmüşlər. Bundan başqa, müqavilənin 2-ci bəndinə əsasən tərəflər birgə fəaliyyət üzrə mühasibat hesabatını, o cümlədən bu fəaliyyətlə bağlı birgə xərclərin hesabatını aparmağı öhdələrinə götürmüşlər. O, müqavilənin şərtlərinə uyğun olaraq 100.000 manat məbləğində pul vəsaitini cavabdehə təqdim etməklə üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməyərək, X5 müqavilənin bağlanmasından 8 aya yaxın vaxt keçməsinə baxmayaraq heç bir məbləğ ona ödənilməmiş və eyni zamanda həmin 8 ayın mühasibat hesabatı və fəaliyyətlə bağlı birgə xərclərin hesabatı müqavilənin 2-ci bəndinin tələbinə əsasən ona təqdim edilməmişdir. Göründüyü kimi, birgə fəaliyyətdən əldə olunan gəlir açıq-aşkar ondan gizlədilmişdir. Halbuki müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər Abşeron rayonu Qobustan otlaq ərazisi «Kiçik ağıl» adlanan hissəsində yerləşən, sahəsi 2,50 ha olan daş karxanası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlirin 50 faizin 50 faizə (yəni, yarı) bölüşdürülməsi barədə razılığa gəlmişlər. Hesab edir ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfinidən yerinə yetirilmədiyindən onun tərəfindən müqavilə üzrə ödənilən 100.000 manat məbləğində pul vəsaiti və 8 ay ərzində əldə edilmiş gəlirin yarısı ona ödənilməlidir. Onda olan məlumata əsasən, həmin daş karxanasının ərazisində aylıq qazanc orta hesabla 30.000 manat məbləğində təşkil etmişdir. Bu məbləğ, orta bazar qiymətinə də uyğundur. Odur ki, 8 ay ərzində orta hesabla 240.000 manat gəlir əldə edilməsi nəzərə alındıqda, 120.000 manat məbləğində pul vəsaiti ona ödənilməli idi. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər icra edilmədikdə və ya lazımi qaydada icra edilmədikdə, təqsirli tərəf digər tərəfə onların çəkdiyi zərəri özünün şəxsi vəsaiti hesabına ödəyir. O, müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini cavabdehdən tələb etmiş, bununla bağlı ona dəymiş ziyanın ödənilməsi üçün dəfələrlə şifahi müraciət etsə də, cavabdeh tərəfindən heç bir əməli tədbir görülməmişdir. Son olaraq xx.xx.2017-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı Möhsün oğlu əvvəlki məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, o, hazırkı iş üzrə əsl tərəf deyil. Tam məsuliyyətlə bildirir ki, o, iddiaya cavab verməli olmayan şəxsdir. İşin mahiyyəti tam başqadır. Əvvəllər tanımadığı İddiaçı Möhsün oğlu ilə onun nəinki heç bir alış-verişi, hətta ötəri tanışlığı belə olmamışdır. İddiaçı Möhsün oğlu tanışı X3 tanışıdır. Bu iki şəxs arasında hər-hansı alış-verişdən onun heç vaxt xəbəri olmamışdır. Bir gün, xx.xx.2016-cı il tarixdə X6 ondan xahiş etmişdir ki, İddiaçı Möhsün oğlu ilə notariat kontoruna gedib müəyyən sənədlərə imza etsin. O da Ş.Qazaxovun ağsaqqal kimi sözünü yerə salmamışdır. Lakin ortada hansı müqavilə və məqsədlərin dayanmasından heç bir məlumatı olmamışdır. Onun buna savadı, biliyi, kimdənsə 100.000 manat almağa qabiliyyəti yoxdur. Əgər bir insan digərinə 100.000 manat verirsə, yəqin ki, onların saatlarla telefon danışıqları mobil nömrələrində öz əksini saxlamalı idi. Bu isə onun anlayışına tam yaddır. Məlumata görə, İddiaçı Möhsün oğlu X1 xahiş etmişdir ki, ona Abşeron rayonu Udulu ərazisindəki karxanaya işıq çəkmək, həmçinin sənədləşdirmə işlərində yardımçı olsun. Əgər vəsait qoysa Qazaxov Şirvan adlı-sanlı karxana mütəxəssisi kimi İddiaçı Möhsün oğlunu özünə şərik götürəcəkdir. Nəticədə Hüseynov X7 Qazaxovdan xahiş etmişdir ki, ona standart müqavilə versin. Çünki, İddiaçı Möhsün oğlunun İcra başçısı işləyən qardaşına bu işi bitmiş iş kimi qələmə verərək aldadıb, 100.000 manat pul alsın. İşin mahiyyəti bundan ibarətdir. Bu səbəbdən, məhkəmədən iddia ərizəsinin geri qaytarılmasını, əsl cavabdeh X2 ifadə vermək üçün məhkəməyə dəvət edilməsini, xx.xx.2016-cı il tarixdə notarial qaydada bağlanmış X8 müqavilənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 02 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda 3M-598 reyestr saylı X5 müqavilə bağlanmışdır. Müqaviləyə əsasən tərəflər (Cavabdeh və İddiaçı Möhsün oğlu) birləşərək icarə müqaviləsi əsasında Cavabdeh istifadəsində olan Abşeron rayonu Qobustan otlaq ərazisi «Kiçik ağıl» adlanan hissəsində yerləşən, sahəsi 2,50 ha olan daş karxanasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 50 %-in 50 %-ə nisbətində bölüşdürülməsi barədə razılığa gəlmişlər. Müqavilənin 1-ci bəndində nəzərdə tutulan məqsədi həyata keçirmək üçün birinci tərəf olan Cavabdeh icarə müqaviləsi əsasında istifadəsində olan həmin daş karxanası sahəsini, eyni zamanda həmin ərazidə yerləşən 3 ədəd daş kəsən mişardan və digər zəruri avadanlıqdan ibarət olan daş karxanası avadanlığını, ikinci tərəf olan İddiaçı isə 100.000 manat məbləğində pul vəsaiti təqdim edir. Müqavilənin digər bəndlərində tərəflərin vəzifələri və s. müqavilə üzrə münasibətlər tənzimlənir. İddiaçı həmin müqaviləyə və cavabdeh tərəfindən müqavilə öhdəliklərinə riayət edilməməsinə əsaslanaraq, onunla cavabdeh arasında bağlanmış müqavilənin ləğv edilməsi, müqavilə üzrə əldə edilmiş gəlirin yarısının, müqavilə bağlanarkən onun tərəfindən cavabdehə ödənilən məbləğin və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırır ki, o, əsl müqavilə tərəfi deyil, müqaviləyə imza etsə də, müqavilənin mahiyyətini anlamır, müqavilə üzrə iddiaçıdan pul vəsaiti almamışdır və s. Məhkəmə cavabdehin iddiaya etirazında qeyd etdikləri ilə bağlı vurğulayır ki, tərəflər arasında notarial qaydada müqavilə bağlanarkən, cavabdehin müqavilə bağlamağa səlahiyyətinin olub-olmaması yoxlanılmışdır. Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-8220 saylı, 30700001 kodlu şəhadətnamədən göründüyü kimi, müqavilə predmeti olan torpaq sahəsi mişar daşı istehsalı məqsədi ilə cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Müqavilə bağlanarkən tərəflərə müqavilə bağlanmasının hüquqi nəticələri izah edilmiş, müqavilə həm iddiaçı, həm cavabdeh tərəfindən imzalanmışdır. Bundan əlavə, müqaviləyə cavabdeh tərəfindən iddiaçıdan 100.000 manat məbləğində pul vəsaitinin nağd şəkildə alınmasına dair 02 sentyabr 2016-cı il tarixdə qeyd edilmiş və cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh iddiaya etirazında müqavilənin etibarsız olduğunu bildirsə də, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2(103)-14244/2019 saylı qətnaməsindən göründüyü kimi, həmin iş üzrə cavabdeh İddiaçı Möhsün oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli 2(007)-2299/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdehlər Bakı şəhəri 50 saylı Notariat kontoruna və İddiaçı Möhsün oğluna qarşı «müqavilənin və qeydin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, tərəflər arasında bağlanmış əqdlə bağlı mübahisəyə hüquqi qiymət verilmişdir, hazırda mübahisələndirilə və sübut edilə bilməz. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Möhsün oğlu pretenziya qaydasına riayət edərək, Cavabdeh müqavilə üzrə öhdəlikləri və vəzifələrini icra etməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri (müqavilənin 1.1-ci bəndi üzrə), həmçinin müqavilənin 2-ci bəndində təsbit olunmuş vəzifələri yerinə yetirməmişdir. Bu səbəbdən, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, müqavilə üzrə ödənilmiş 100.000 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında 02 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış 3M-598 reyestr saylı X5 müqavilə ləğv edilməli, müqavilə üzrə ödənilmiş 100.000 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı Möhsün oğlunun xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilə bağladıqdan sonra 8 ay ərzində əldə edilmiş gəlirlərin həcmin barədə mötəbər sübutlar (Vergi orqanından alınmış arayış və s. ciddi hesabat sənədləri) məhkəməyə təqdim edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı Möhsün oğlu arasında 02 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış 3M-598 reyestr saylı X5 müqavilə ləğv edilsin. Müqavilə üzrə ödənilmiş 100.000 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı Möhsün oğlunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №2(002)-15/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-15/2022
04.04.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver