Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1506/2024 22.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli, 8İ-2417 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh Balaǝhməd oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə icra qeydi verilərək, ondan X2 xeyrinə ödənilməmiş 12000 manat pulun tutulması qeyd olunmuşdur. Halbuki, onunla X6 arasında 16 yanvar 2024-cü il tarixli borc müqaviləsi bağlansa da, həmin borc üzrə qəbzlə 2200 manat və 510 manat ödəmiş, qalan borcu isə X2 anası X3 ödəmişdir. Belə ki, əslində onun İbayeva Minarə ilə alveri olmaqla birlikdə qızıl alıb-satmışlar, sonradan pul gecikdiyinə görə notariat qaydasında formal olaraq borc müqaviləsi onun qızı Ceyranla bağlanmışdır. Həmin gün İbayeva Ceyran ilə iki notariat kontorunda borc müqaviləsi bağlanmışdır, bu isə onu göstərir ki, bağlanmış müqavilə formal olmuş, əslində pul olmamışdır. O, həmin pulu vaxtlı vaxtında İbayeva Minarəyə ödəmişdir və hər dəfə Minarə gəlib işlədiyi "Sədərək" Ticarət mərkəzindən pulu götürüb aparmışdır. Hazırda Ceyrana vǝ onun anasına heç bir borcu yoxdur. Qanunun tələbinə görə borc mübahisəsiz olduqda icra qeydi verilə bilər. Notarius isə bunu nəzərə almamışdır. Bundan əlavə, ona icra qeydindən əvvəl hər hansı bildiriş verilməmişdir. O, icra qeydi barədə başqa bir işlə bağlı Qaradağ rayon İcra şöbəsində olarkən təsadüfən məlumat almışdır. Vaxtında bildiriş verilsəydi, əsassız müqaviləni və tələbi mübahisələndirə bilərdi, hazırda isə əsassız icra qeydinə əsasən artıq icra işi başlanmışdır. Borc barədə mübahisənin olması və icra qeydindən əvvəl ona bildirişin verilməməsi icra qeydinin ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan notarial qaydada bağlanmış 16 yanvar 2024-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, X1 Tahirə Eyvaz qızına xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində borc pul vermişdir. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-2417 saylı icra qeydinin surətindən görünür ki, İddiaçı 12000 manat borc pul vəsaiti və 25 manat dövlət rüsumu olmaqla, cəmi 12025 manat pul tutularaq X4 ödənilməlidir. İş materiallarında olan M.İbayeva tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, 16 yanvar 2024-cü il tarixli müqavilə üzrə borc 20 gün müddətində ödənilmədiyi təqdirdə, borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı qeyd olunmuşdur. Bildiriş xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində qeydə alınmışdır. Bildirişə göndərilmə barədə poçt qəbzi əlavə edilsə də, onun borcluya çatdırıldığını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. İş materiallarında olan ünvan 1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, həmin tarixdə icra qeydi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən məhkəmə sorğusu əsasında əldə edilmiş xx.xx.2024-cü il tarixli, 8İ-2417 saylı icra qeydinin verilməsinə əsas olan sənədlərin tədqiqinə əsasən müəyyən edildi ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə edilməli olduğu halda, qanunvericiliyin həmin tələblərinə əməl edilməmişdir. Belə ki, bildirişin surətindən görünür ki, həmin bildiriş xx.xx.2024-cü il tarixdə poçtla göndərilmiş, elə həmin tarixdə də ünvan 2 ünvanda olmaması poçt qəbzində qeyd olunmamışdır. Bildirişin borcluya çatdırıldığını təsdiq edən hər hansı sənəd isə icra qeydi verilərkən ümumiyyətlə mövcud olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli, 8İ-2417 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1506/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1506/2024
22.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver