Məhkəmə qərarları › İş №2(002)-1552/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1552/2025

21.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1552/2025 21.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində alimentin tutulması; xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq 200 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Sonradan cavabdehlə ailə münasibətləri pozulmuşdur, hal-hazırda ayrı yaşayırlar. Birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı üç uşaqları var. Cavabdeh onları atıb getmişdir, həmin vaxtdan heç bir maddi köməklik göstərmir. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çətindir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, iddia tələbi vicdanlılıq prinsipinə tamamilə ziddir. O, heç bir yerdə işləmir və buna görə də, hər-hansı daimi qazanc yeri və başqa gəliri yoxdur. İddiaçının onun ailəsini atıb getməsi və heç bir maddi köməklik göstərməməsi ilə bağlı mülahizəsi də uydurmadır. O, istər birlikdə yaşayan zaman, istərsə də cavabdehlə münasibətləri faktiki kəsildikdən sonra uşaqlarının qayğısına qalmaqda davam etmiş, onların saxlanılması üçün əldindən gələn yardımı göstərmişdir. Ailə qanunvericiliyinin tələblərinə görə hər iki valideyn uşaqlarını saxlamağa borcludur. İddiaçının ondan heç bir gəlir yerinin olmamasını nəzərə almadan, kifayət qədər yüksək məbləğdə aliment tələb etməsi hüquqdan sui-istifadədir. Bu səbəbdən, daha aşağı məbləğdə alimentin tutulmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı qismən qəbul etdi, cavabdehin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixdə verilmiş AZ-T seriyalı 011253 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında nikah 07 sentyabr 2017-ci il tarixdə Astara rayon Suparibağ kənd icra nümayəndəliyində 11 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Bəhlulzadə soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı 3 övladları var. Bakı 9 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00507 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixə saat 15.00-a təyin edilmiş mediasiya prosesinə gəlsə də, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçının bildirdiyinə görə, cavabdeh övladlarının saxlanılması üçün maddi yardım göstərmir. Bu səbəbdən, iddiaçı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında cavabdehdən aliment tələb edir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 20 dekabr 2024-cü il tarixdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 15 saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə 8.4-1-ci bənd əlavə edilmişdir. 8.4-1-ci bənddə formalaşdırılmış hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məlumdur ki, ölkə üzrə müəyyən edilən minimum əmək haqqı 2025-ci il üçün 400 manat təşkil edir. Hazırki mülki iş üzrə iddia ərizəsi məhkəməyə 19 mart 2025-ci il tarixdə verildiyindən, məhkəmə hesab edir ki, aliment təyin edilərkən 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, bir uşağa görə 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,62 mislində (246 manat / 400 manat = 0,615 misli, yuvarlaşdırdıqda 0,62 misli) aliment tutulmalıdır. Eləcə də, alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən başlanmalı, sonrakı artımlar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində (246 manat / 400 manat = 0,615 misli, yuvarlaşdırdıqda 0,62 misli) olmaqla, cəmi 1,86 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 98,56 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1, 84.2, 84.2.2-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehin buna zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh vergi ödəyicisi kimi ********** nömrəli VÖEN-lə vergi ödəyicilərinin dövlət reyestrində qeydiyyata alınmışdır. Onun həmin VÖEN üzrə fəaliyyəti xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək aktiv olmuş, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aktiv olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmış, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək aktiv olmuş və xx.xx.2025-ci il tarixdən dayandırılmışdır. Göründüyü kimi, cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, bəzi dövrlərdə VÖEN üzrə fəaliyyət göstərmiş, çox dövrlərdə isə fəaliyyət göstərməmişdir. Cavabdehin maddi vəziyyəti ondan iddiaçının xeyrinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2, 84.2.2-ci maddəsinə əsasən aliment tutulmasına imkan vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində (246 manat / 400 manat = 0,615 misli, yuvarlaşdırdıqda 0,62 misli) olmaqla, cəmi 1,86 misli həddində sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 98,56 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar