Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1553/2023 08.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 880 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, iddiaçı cavabdehlə faktiki nikahda olmuş, nikahları xx.xx.2011-ci il tarixdə rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 adında dörd uşaqları doğulmuşdur. Hazırda tərəflər arasında münasibətlərdə gərginlik yaranmışdır, cavabdeh uşaqların saxlanmasında iddiaçıya heç bir köməklik göstərmir. İddiaçı işləmir, cavabdeh isə fərdi qaydada işləməklə müəyyən gəlirə malikdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, qeyri-rəsmi sürücü kimi işləməklə aylıq cəmi 400-500 manat qazancı olur, həmçinin şəkər xəstəsidir. Birgə nikahdan olan uşaqların saxlanması üçün hər ay hər uşağa 150 manat aliment ödəyə bilər. Öz qazancı və anasının pensiyası ilə çətinliklə də olsa, bu barədə qəbul edilmiş müvəqqəti təminat tədbirini icra etməyə başlamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ No 720793 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 25 oktyabr 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra qadına Muradova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ No 766596 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ No 766597 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Abşeron rayonunda anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ No 144961 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə Abşeron rayonunda anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ No 793079 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, azyaşlı uşaqların yaşı, mənafeyi, sayı, iddiaçının işləməməsi, cavabdehin gəlirləri barədə konkret sübutların təqdim edilməməsi, daimi iş yerinin və qazancının olmaması, hər uşağa görə 150 manat alimentin təyin edilməsi ilə bağlı müvəqqəti təminat tədbiri barədə 16(002)-33/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı tərəflərin mübahisələndirməməsi nəzərə alınaraq, iddia qismən təmin edilməli, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, dörd uşağa görə cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1553/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1553/2023
08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver