Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1622/2025 04.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «cavabdehlərin hərəkətlətinin qanunsuz hesab edilməsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi həyatın toxunulmazlığı hüququnu pozmağa cəhd etməklə ona vurduqları mənəvi zərərin qarşılığı olaraq Cavabdeh2 500 manat, Cavabdeh1 500 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun razılığı olmadan, maddi vəsait müqabilində şəxsi həyat haqqında məlumatların əldə edilməsi məqsədi ilə hakerə sifariş vermələri ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi; cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona vurduqları mənəvi zərərə görə hər birindən 500 manat olmaqla, cəmi 1.000 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Təcili və X1 Stansiyası PHŞ-nın 15 saylı bölməsinin anestezisti Cavabdeh2 və sanitar avtomobil sürücüsü Cavabdeh1 maddi vəsait müqabilində onun istifadəsində olan mobil telefonda şəxsi həyata dair olan məlumatların (yazışma və s.) ələ keçirilməsi məqsədi ilə hakerə sifariş vermişlər. Bu haqda ona məlumatı özünü təqdim etməyən və sifarişi qəbul etmiş haker vermişdir. Məlumatı əldə etdikdən sonra dərhal 31 iyul 2023-cü il tarixdə şikayət ərizəsi ilə rəhbərliyə müraciət etmişdir. Araşdırmanın nəticəsi olaraq həqiqətən sözügedən cavabdeh şəxslərin qeyd olunan əməli törətdikləri məlum olmuş, bu barədə Cavabdeh1 etirafedici izahat verərək tapşırığı ona digər Cavabdeh2 verdiyini bildirmişdir. Törətdiyi bu mənəviyyatsız əmələ, habelə əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə Cavabdeh2 müəssisə rəhbərliyinin 04 sentyabr 2023-cü il tarixli əmrinə əsasən «töhmət» növündə intizam tənbehi ilə cəzalandırılmışdır. Eyni zamanda, hər iki cavabdeh barəsində hüquq-mühafizə orqanlarına törətdikləri iyrənc əmələ görə şikayət etmiş, şikayətlərinə biganə yanaşıldığından mümkün olan nəticənin əldə edilməsi xeyli zaman hesabına gerçəkləşmişdir. Etdiyi şikayətlərlə bağlı ən son Binəqədi RPİ 5-ci PB-də aparılmış araşdırmanın nəticəsi olaraq hər iki şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən tədbir görülmüş, bu haqda ona 18 yanvar 2025-ci il tarixli məktubla məlumat verilmişdir. Qeyd olunan mənəviyyatsız əməlləri ilə hər iki şəxs ona mənəvi zərər vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədi və izahatında bildirdi ki, həqiqətən iddia ərizəsində qeyd edilən hərəkətlərə yol vermişlər. Xakerə pul ödəmişlər və iddiaçının şəxsi məlumatlarının əldə edilməsini istəmişlər. Belə ki, iddiaçı ilə münasibətləri pozulmuşdur. Xaker yenidən pul istədiyindən və onlar sonuncuya pul vermədiklərindən, xaker iddiaçıya olanlar barədə məlumat vermişdir. İddianı xakerə müraciət etmələrinə dair hissədə qəbul edir. Lakin mənəvi ziyanın vurulmasına və bu ziyana görə ondan pul tutulmasına dair hissədə iddianı qəbul etmir. Öncəki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədi və izahatında bildirdi ki, doğrudan da xakerə pul ödəmişlər və iddiaçının şəxsi məlumatlarının əldə edilməsini istəmişlər. Belə ki, iddiaçı ilə münasibətləri pozulmuşdur. Xaker yenidən pul istədiyindən və onlar sonuncuya pul vermədiklərindən, xaker iddiaçıya olanlar barədə məlumat vermişdir. İddianı xakerə müraciət etmələrinə dair hissədə qəbul edir. Lakin mənəvi ziyanın vurulmasına və bu ziyana görə ondan pul tutulmasına dair hissədə iddianı qəbul etmir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Binəqədi RPİ 5-ci PB-nin 18 yanvar 2025-ci il tarixli məktubundan, eləcə də, arayışından görünür ki, vətəndaş Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı xırda xuliqanlıq hərəkətləri etdiklərinə görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi rəhbər tutularaq barələrində qanuna müvafiq tədbir görülmüşdür. Qeyd olunmuşdur ki, vətəndaş İddiaçı müraciəti əsasında Binəqədi RPİ 5-ci PB-də araşdırma aparılmış, izahatlar alınmışdır. Araşdırma zamanı Cavabdeh2 və Cavabdeh1 izahatlarında aralarında yaranmış mübahisə ilə əlaqədar İddiaçı ilə telefon əlaqəsi saxladıqları zaman, əsəbləşdikləri üçün özlərindən asılı olmayaraq onu nalayiq ifadələrlə təhqir etdiklərini, bir daha belə hallara yol verməyəcəklərini bildirmişlər. İnzibati xətaya yol verdikləri təsdiq olunduğu üçün, Cavabdeh2 və Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında xakerin (şəxsiyyəti məhkəməyə bəlli deyil) səs yazıları dinlənilmiş və iddia ərizəsində qeyd olunanların həqiqətə uyğun olduğu təsdiq olunmuşdur. İş materiallarında olan digər sənədlərdən görünür ki, işəgötürən tərəfindən iddiaçının iddia ərizəsində qeyd edilən hallarla bağlı müvafiq araşdırma aparılaraq, Cavabdeh2 və Cavabdeh1 barəsində müvafiq tədbir görülmüşdür. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 130 manat dövlət rüsumu ödənilmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər iddiaçının şəxsi məlumatlarını qanunsuz yolla əldə etmək üçün xakerə müraciət olunmuş, bunun müqabilində xakerə pul ödənilmiş, xaker əlavə pul tələb etmiş, cavabdehlər xakerə əlavə pul ödəməmiş, bu səbəbdən xaker olub-bitənlər barədə iddiaçını məlumatlandırmışdır. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 26-ı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konustitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Şəxsin şərəfi, ləyaqəti təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. Üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qeyd olunan qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində isə Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. İşin təkzibedilməz faktiki hallarından göründüyü kimi, cavabdehlər iddiaçının barəsində şəxsi və ailə həyatının sirrini, şəxsi və ailə toxunulmazlığını pozan məlumatların əldə edilməsinə cəhd etmişlər, həmin məlumatları əldə edi bilməmişlər, lakin iddiaçı bundan xəbər tutmuş, stress keçirmiş, ona qarşı edilən bu hərəkətlər şüurundə mənfi psixi reaksiyaya səbəb olmuş, mahiyyət etibarı ilə ona mənəvi ziyan vurulmuşdur. İddiaçı şəxsi və ailə həyatının sirrinin yayılmasından qorxu hissi keçirmiş, baş vermiş halla bağlı iş yerinə və hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmış, adının bu və ya digər şəkildə araşdırmalar zamanı hallanması nəticəsində mənəvi iztirab çəkmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı əsaslıdır. Göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 maddi vəsait müqabilində iddiaçının şəxsi həyatı haqqında məlumatların əldə edilməsi məqsədi ilə hakerə sifariş vermələrində ifadə olunan hərəkətləri qanunsuzdur. İddiaçıya bu hərəkətlərlə bağlı mənəvi zərər vurulmuşdur. Vurulmuş mənəvi zərərə görə hər cavabdehdən tələb olunan pul vəsaitinin həcminə münasibətdə məhkəmə hesab edir ki, tələb olunan məbləğ işin faktiki hallarına uyğundur (adekvatdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 maddi vəsait müqabilində iddiaçının şəxsi həyatı haqqında məlumatların əldə edilməsi məqsədi ilə hakerə sifariş vermələrində ifadə olunan hərəkətləri qanunsuz hesab edilməli, vurulmuş mənəvi zərərə görə 500 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 65 manatı Cavabdeh2, vurulmuş mənəvi zərərə görə 500 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 65 manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 maddi vəsait müqabilində iddiaçının şəxsi həyatı haqqında məlumatların əldə edilməsi məqsədi ilə hakerə sifariş vermələrində ifadə olunan hərəkətləri qanunsuz hesab edilsin. Vurulmuş mənəvi zərərə görə 500 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 65 manatı Cavabdeh2, vurulmuş mənəvi zərərə görə 500 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 65 manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1622/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1622/2025
04.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver