Məhkəmə qərarları › İş №2(002)-1653/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1653/2021

23.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1653/2021 23.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçınun və cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı istehlakçı hüququnun bərpası və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı istehlakçı hüququnun bərpası və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, istehlakçı hüququnun bərpa olunaraq cavabdeh "xxxx" MMC tərəfindən X6 9 markalı telefona görə rəsmiləşdirilmiş 08.01.2021-ci il tarixli, 22198121 nömrəli müqavilənin ləğv edilməsi, X6 9 markalı telefonun cavabdehə geri qaytarılması, mənəvi zərərə görə 5000 (beş min) manatın və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, 08 yanvar 2021-ci il tarixdə "xxxx" MMC-nin X4 Şəbəkəsindən özü üçün X6 9 markalı mobil telefonu onlayn şəkildə sifariş etmişdir. Pandemiya ilə bağlı mağazaya getmədən məhsulun onlayn sifarişi daha təhlükəsiz və rahat olduğu üçün mağazanın bu təklifindən yararlanmışdır. Aralarında 08.01.2021-ci il tarixli, 22198121 nömrəli müqavilə bağlanmışdır. Telefon kuryer vasitəsi ilə ona çatdırılarkən qutusu açıq şəkildə olmuşdur. O, bir qədər diqqətsizlik edərək kuryerin təqdim etdiyi sənədləri, o cümlədən malı qüsursuz olaraq təhvil aldığını təsdiq edən aktı imzalamışdır. Lakin kuryer telefonu təhvil verib getdikdən sonra telefonun üzərində cızıqlar və korpusunun yuxarı hissəsində batıq olduğunu aşkar etmişdir. Bununla əlaqədar bir gün sonra telefon mağazasına zəng vurub mövcud vəziyyəti bildirmiş, lakin cavabdeh təşkilat telefonu geri götürməyəcəklərini bildirmiş, bununla bağlı servisə müraciət etməsi məsləhət görülmüşdür. O da məcburiyyət qarşısında qalıb həmin telefonu diaqnoz qoyulması üçün servis mərkəzinə götürmüşdür. Həmin servis mərkəzi tərəfindən ona 14.01.2021-ci il tarixli, üzərində “malda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlıq-malda mexaniki zədənin aşkar edildiyi” qeyd olunan akt təqdim olunmuşdur. Dəfələrlə cavabdeh təşkilatla danışıqlar aparmaqdan, get-gəldən yorulmuşdur. Baş verənlər nəticəsində əsəb sarsıntıları keçirmişdir. Dəfələrlə mağazanın müdiriyyətinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə etdiyi şikayətlərin nəticəsi olmadığından məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahat verərək bildirdi ki, iddiaçı tərəf cavabdeh "xxxx" MMC ilə bağladığı 08.01.2021-ci il tarixli müqaviləyə əsasən X6 9 markalı telefon almışdır. Telefon ona qüsursuz şəkildə təhvil verilmiş, bu barədə iddiaçı özü təhvil-təslim aktını imzalamışdır. Sonradan servis xidməti tərəfindən verilmiş aktda göstərildiyi kimi istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlıq-mexaniki zədə aşkar olunmuşdur. Həmin zədənin cavabdeh təşkilatın təqsiri üzündən yaranması sübuta yetirilməmişdir, həmin zədəyə görə cavabdeh məsuliyyət daşıya bilməz. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 08.01.2021-ci il tarixli, 22198121 saylı müqavilənin və ona əlavənin surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış həmin müqaviləyə əsasən "xxxx" MMC İddiaçı 507,6 manat dəyərində X6 9 markalı telefonu satmışdır. İş materiallarında olan 08.01.2021-ci il tarixli, İddiaçı tərəfindən imzalanmış təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı 08.01.2021-ci il tarixli, 22198121 saylı müqaviləyə əsasən X6 9 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan Texniki Xidmət Mərkəzi tərəfindən tərtib edilmiş 14.01.2021-ci il tarixli aktdan görünür ki, X6 9 markalı telefonda istehlakçı tərfindən istifadə nəticəsində yaranmış nasazlıq-malda mexaniki zədə aşkar edilmiş, istehlakçı tərəfindən istifadə qaydaları pozulduğu üçün istehsalçı tərəfindən verilən zəmanət ləğv olunmuşdur. İş materiallarında olan 08.01.2021-ci il tarixli zəmanət talonunun surətindən görünür ki, malda qüsurun istehlakçı tərəfindən yaranması (o cümlədən mexaniki zədələr və s.) müəyyən olunarsa, zəmanət talonu tərtib olunmur və təmir ödənişli şəkildə həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İddiaçı ünvanladığı 11.03.2021-ci il tarixli məktubun surətindən görünür ki, araşdırma zamanı alınan telefonun mağazanın rəsmi servis mərkəzində müayinə edildiyi, qüsurun mexaniki təsir nəticəsində yarandığı və müvafiq rəyin surətinin Dövlət Xidmətinə təqdim edildiyi bildirilmiş, ona "xxxx" MMC-nin mövqeyi ilə razılaşmadığı təqdirdə məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2021-ci il tarixli, 3/1151 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən mobil telefon cihazının üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədə vardır. Həmin zədə kənar predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik əzilmə (batıq) zədəsidir. Hazırda “İddiaçı sahibliyində olan X6 9 3GB/64GB markalı mobil telefonda mövcud xarici mexaniki zədənin (qüsurun) 08.01.2021-ci il tarixindən əvvəl, yoxsa sonra yarandığı müəyyən edilsin” suali müvafiq metodika olmadığından cavablandırılmamışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, iş materiallarında olan yazılı sübutlara və ekspert rəyinə əsasən müəyyən edildi ki, tərəflər arasında 08.01.2021-ci il tarixdə X6 9 markalı telefona dair alqı-satqı müqaviləsi bağlanmış, qeyd olunan telefon 08.01.2021-ci il tarixdə iddiaçıya təhvil verilmiş və iddiaçı həmin tarixli təhviltəslim aktını imzalamaqla əşyanı tam qüsursuz aldığını təsdiq etmişdir. Lakin iddiaçı elə həmin tarixdə əşyada qüsurun (mexaniki zədənin) olduğunu aşkar etdiyini və həmin qüsurun malın ona təhvil verilənədək yarandığını iddia edərək, 08.01.2021-ci il tarixli müqavilənin ləğv edilməsini və X6 9 markalı telefonun cavabdehə geri qaytarılmasını tələb etməkdədir. Məhkəmə iddiaçı tərəfin dəlillərinə məhkəmə baxışında tədqiq olunan sübutlara əsasən hüquqi qiymət verərək müəyyən edir ki, iddiaçı tərəfin dəlilləri 08.01.2021-ci il tarixli təhvil-təslim aktı və ekspert rəyi ilə təkzib olunduğundan, bununla da iddia tələbinin əsası olan hallar sübuta yetirilmədiyindən, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Bundan əlavə, məhkəmə müəyyən edir ki, iddia tələbi mənəvi zərər hissəsində də əsassızdır. Belə ki, iddiaçı mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və ya hərəkətsizlik ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, məhkəmə müəyyən edir ki, iddia tələbi təmin edilmədiyindən, ekspertiza xərci iddiaçı tərəfdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı istehlakçı hüququnun bərpası və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 64 (altmış dörd) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar