Məhkəmə qərarları › İş №2(002)-166/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-166/2023

11.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-166/2023 11.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh məhkəməyə müraciət edildiyi tarixdən hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının Cavabdeh ilə birgə nikahından xx.xx.2010-cu ildə X3 və xx.xx.2017-ci ildə X4 doğulmuşlar. Birgə nikahdan doğulmuş uşaqların doğumları qeydiyyat şöbəsində qeydiyyat haqqında akt qeydləri kitabında müvafiq olaraq xx.xx.2010-cu il tarixdə 923 nömrəli və xx.xx.2017-ci il tarixdə 361 nömrə ilə qeydə alınmışdır. Hər iki uşaq hal-hazırda iddiaçının himayəsindədir. Onların saxlanılması üçün xərclər iddiaçı və onun digər ailə üzvləri tərəfindən qarşılanır. Xüsusilə qeyd edir ki, hazırda o və Cavabdeh faktiki olaraq ayrı yaşayır və uşaqların saxlanılmaları üçün Cavabdeh tərəfindən ona hər hansı bir maddi dəstək göstərilmir. Hesab edir ki, cavabdehin saxlanılması üçün cavabdehdən aliment tutulmalıdır. Məhkəmə iclasında iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan 28 oktyabr 2008-ci il tarixli, 3413 akt qeydi ilə qeydə alınmış nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 28 oktyabr 2008-ci il tarixdə Bakı Nikah evinin Səadət Sarayında 3413 nömrli akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarında olan 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 888200 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci il tarixdə Bakı şəhərində X4 anadan olmuşdur. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ № 441877 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2010-cu il tarixdə Bakı şəhərində X3 anadan olmuşdur. İş materiallarında olan Bakı 4 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02053 nömrəli “mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı məcburi mediasiya mərhələsindən keçmiş və 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İstinad edilən maddi normalara görə tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin məbləği hər ay 150 manat müəyyən olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilsə də, cavabdehin ödəmə qabiliyyəti və uşaqları saxlamağın hər iki valideynin öhdəliyi olması nəzərə alınmaıdır. Məhkəmə, AM-nin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment xx.xx.2022-ci il tarixdən etibarən tutulmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.2-ci maddəsinə müvafiq olaraq iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində pul ödənilmiş, lakin iddiaçı həmin məbləği tələb etmədiyindən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki Cavabdeh 56 manat dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsini və MPM-in 112.1.3-cü, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəməyə müraciət olunan xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 56 manat dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar