Məhkəmə qərarları › İş №2(002)-1660/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1660/2021

21.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1660/2021 21.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment tutulması və birgə xərclərdə iştiraka cəlb olunma» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment tutulması və birgə xərclərdə iştiraka cəlb olunma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 12.08.2017-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması və Cavabdeh uşağın müalicəsi üçün hər ay əlavə xərclərə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 12.08.2017-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması və Cavabdeh uşağın müalicəsi üçün hər ay 100 manat əlavə xərclərə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 22 avqust 2016-cı il tarixdə Şamaxı rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Birgə nikahlarından doğulmuş 12.08.2017-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızı adlı bir azyaşlı uşaqları var. Nikahları İmişli Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(036)-198/2021 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahlarından doğulmuş 12.08.2017ci il təvəllüdlü Həsənova Nuray Həsən qızı onun himayəsinə verilmişdir. Cavabdeh bu günə kimi birgə nikahlarından doğulmuş Həsənova Nuray Həsən qızının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Nuray onun himayəsindədir və uşağın maddi ehtiyacını qarşılamaqda çətinlik çəkir. Həmçinin, övladı «budlarının anadangəlmə çıxığı, hal-hazırda hər iki bud çanaq oynaqlarının displariyası diaqnozu ilə müalicə alır. Hesab edir ki, uşaq xəstə olduğundan cavabdeh olan atası övladının müalicəsi ilə bağlı əlavə xərclərə də cəlb olunmalıdır. O da bir ata kimi xəstə övladının müalicə xərclərinin ödənilməsində iştirak etməlidir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İmişli Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2(036)-198/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikaha xitam verilməsi» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 22 avqust 2016-cı il tarixdə Şamaxı rayon Qeydiyyat şöbəsində 01 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 17.08.2017-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızı anası İddiaçı himayəsində saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 1 övladlarının olması, uşağın iddiaçının yanında qalmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, 17.08.2017-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızının sağlamlıq durumu qənaətbəxş deyil, qoyulmuş diaqnoz üzrə uzunmüddətli müalicəyə ehtiyacı var. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh bir valideyn kimi uşağın saxlanılması üçün uşağın qarşısında olan maddi öhdəliklərini hazırda yerinə yetirmir. Həmçinin, uşağın sağlamlıq durumu ilə bağlı müalicəyə ehtiyacı var, bu müalicə diaqnozun spesifikliyi nəzərə alınmaqla uzunmüddətlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 17.08.2017-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 03.05.2021ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat, əlavə xərclərin ödənilməsinə cəlb olunmaqla hər ay 50 manat, cəmi 225 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, uşaqlara baxmaq hər iki valideynin borcudur və uşaqların bütün maddi qayğılarının yalnız bir valideynin üzərinə qoyulması ədalətsizdir, bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17.08.2017-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 03.05.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat, əlavə xərclərin ödənilməsinə cəlb olunmaqla hər ay 50 manat, cəmi 225 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar