Məhkəmə qərarları › İş №2(002)-1705/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1705/2020

19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1705/2020 19.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(002)-279/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin həcminin artırılması, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2001-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X6, xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı 4 uşaqları var. Cavabdehlə aralarında olan nikah Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlardan xx xxxx 2007-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X7 onun himayəsində saxlanılmaqla Cavabdeh iki uşağın saxlanılması üçün qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iki uşaq onun, ikisi isə cavabdehin himayəsində yaşayır. Cavabdeh iki uşağın saxlanılması üçün cəmi 180 manat aliment ödəyir. Cavabdeh müəyyən gəlirə malik olsa da, uşaqlara başqa heç bir maddi yardım göstərmir. O isə cavabdehin ödədiyi 180 manatla uşaqları saxlamaqda böyük çətinlik çəkir. O, uşaqların digər tələbatını təkbaşına ödəyə bilmir. Hazırda uşaqların yaşayış minimumu 170 manatdır, cavabdehdən həmin məbləğdə pulun tutulmasını istəyir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyib, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-279/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, X4 Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə X9 arasında xx xxxx 2001-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində 241 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2004-cü il təvəllüdlü X3 ataları Cavabdeh himayəsində saxlanılmış, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X7 anaları X4 himayəsində saxlanılmış, xx xxxxxx 2016-cı il tarixdən başlayaraq Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X5 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 4 uşaqlarının olması, 2 uşağın ananın, 2 uşağın isə atanın yanında qalması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 170 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin ediməli, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(002)-279/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək iqtidarında olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, uşaqlara baxmaq hər iki valideynin vəzifəsidir və uşaqların maddi qayğılarının həll edilməsinin yalnız bir valideynin üzərinə qoyulması ədalətsizdir. Bundan başqa, cavabdehin himayəsində saxlanılmış uşaq da var və onun qayğılarının həll edilməsi cavabdehin üzərindədir. Bu da, işə baxılarkən nəzərə alınmalı haldır və ədalət prinsipi bunu tələb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(002)-279/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar