Məhkəmə qərarları › İş №2(002)-1713/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1713/2020

04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1713/2020 04.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2017-ci ildə doğulmuş X1 və xx xxxxxx 2019-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 170 manat, cəmi 340 sabit pul məbləğində alimentin tutulması, xx xxxxxx 2019-cu ildə doğulmuş X2 üç yaşına çatanadək hər ay əlavə olaraq 100 manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2015-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan iki uşaqları doğulmuşdur. xx xxxxx 2017-ci il təvəllüdlü X3 və xx xxxxxx 2019-cu il təvəllüdlü X4. Cavabdehlə aralarında narazılıq yaranmış və bu səbəbdən də dörd aydan artıqdır ki, ayrı yaşayırlar. Uşaqlar onun himayəsində yaşayırlar. Cavabdeh xanəndəliklə məşğul olmaqla toylara gedir və müəyyən gəlirə malikdir. Lakin uşaqlara heç bir maddi yardım göstərmir. O isə uşaqları tək saxlayır və böyük çətinlik çəkir. O, uşaqların tələbatını tək başına ödəyə bilmir. Həmçinin birgə nikah dövründə aldıqları avtomobil cavabdehdədir və o avtomobili sənədsiz idarə edir. Hal-hazırda uşaqlar azyaşlı olduğundan onun işləmək imkanı yoxdur. O uşaqlarla birgə müvəqqəti olaraq ata evində yaşayır. Onların ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Artıq nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, caavbdehlə aralarında rəsmi nikahın pozulmadığını, birgə nikahdan iki övladının olduğunu, hər ikisinin onun himayəsində olduğunu, cavabdehin onunla birgə yaşamadığından, habelə uşaqların azyaşlı olduğundan özünün heç bir yerdə işləyə bilmədiyindən uşaqlara qulluq edilməsi və onun bütün maddi-mənəvi tələbatlarını təkbaşına ödədiyini, uşaqların saxlanmasında , bütün bunlar etməkdə isə çətinlik çəkdiyini, ona görə də qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədiyini, iddiaçı ilə hazırda da rəsmi nikahda olduqlarını, həmin nikahdan iki uşaqlarının olduğunu, hazırda ayrı yaşadıqların, uşaqlarının iddiaçının himayəsində olduğunu, ailəsini maddi imkana uyğun olaraq saxlamaqdan boyun qaçırmadığını, aylıq gəlirinin 500- 600 manat olduğunu, toylarda müğənni kimi işlədiyini, karantin rejimi olduğu üçün aylıq qazancının hazırda olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seryalı 390129 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixdə nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan 577\69 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışının məzmunundan aydın olur ki, X3 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atasə Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: könüllü uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); məcburi -məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər xx xxxxxx 2015-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, hazırda da rəsmi nikhada olmaqla, onların birgə nikahdan iki övladı- xx xxxxx 2017-ci il təvəllüdlü X3 və xx xxxxxx 2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Həmçinin, məhkəmə iclasında tərəflərin verdiyi izahatından aydın olur ki, tərəflərin birgə nikahdan olan hər iki övladı hazırda iddiaçının himayəsində olmaqla, onunla birgə yaşayırlar. İddiaçı iddia tələbinin əsası kimi uşaqların onun himayəsində olmasına baxmayaraq, cavabdehin könüllü şəkildə uşaqların saxlanması üçün heç bir maddi yardım göstərməməsi, özünün isə uşağı saxlamaqda çətinlik çəkməsi, özünün heç bir yerdə işləmədiyini, uşaqların həm sağlamlıqlarının, həm maddi və digər tələbatlarının ödənilməsində çətinlik çəkməsi kimi hallara istinad etmişdir. Bu halda, qeyd olunan halları nəzərə alaraq, habelə ailə qanunvericiliyinin normalarını əsas götürərək, məhkəmə hesab edir ki, iddiaçı onun himayəsində olan tərəflərin birgə nikahdan olan övladlarının saxlanması üçün aliment təyin edilməsi tələbi ilə haqlı olaraq məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə təyin edilən alimentin miqdarının müəyyən edilməsi ilə bağlı ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin aylıq qazancının və ya digər gəlirə malik olmamasının müəyyən edilməsi mümkün olmadığından ailə qanunvericiliyinin tələbinə əsasən tərəflərin rəsmi nikahdan olan övladlarının saxlanması üçün ödənilməli olan alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləği şəklində müəyyən olunmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, alimentin miqdarı müəyyən edilərkən, qanunveriicliklə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumun məbləği, habelə uşağın normal inkişafının təmin edilməsi ilə bağlı bir sıra hallar, habelə onun saxlanması və böyüdülməsi ilə bağlı artan tələbatlarının, maddi təminatının, uşaqların təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsi kimi halların uşaqların üstün mənafeyi baxımından nəzərə alınması məqsədəmüvafiqdir. Ona görə də qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan bu hissədə tam təmin olunmalıdır. Məhkəmə iddia tələbinin uşaq üç yaşına çatanadək iddiaçının özünə hər ay sabit pul məbləğində 100 manat məbləğində alimentin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia tələbinin 100 manat məbləğində əlavə olaraq alimentin tutulması hissəsində iddia tələbinin əsası kimi tərəflərin birgə nikahdan olan övladının azyaşlı olduğundan, onun bütün qayğıların təkbaşına çəkdiyindən, buna görə də heç bir yerdə işləyə bilmədiyindən, heç bir gəlirə malik olmadığından həm özünün, həm də uşağın yeməyi, geyimi və digər maddi tələbatalrının, ehtiyaclarının ödənilməsində çətinlik çəkməsi kimi hallara istinad etmişdir. Bu halda, məhkəmə tərəflərin birgə nikahdan olan övladının azyaşlı olması, uşağın iddiaçının himayəsində qalması, habelə iddiaçının uşağa daim qulluq etmək, onu saxlamaq, baxmaq və qayğısına qalmaq kimi öhdəliklər daşıdığını əsas gətirərək, hesab edir ki, iddia tələbi məhz bu hissədə əsaslı olmaqla təmin edilməlidir. Həmçinin, iddiaçı hazırki iş üzrə uşağın əlavə olaraq 100 manat məbləğində aylıq xərcinin olduğunu bildirsə də, həmin məbləğdə xərcin zəruri olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə hazırki iş üzrə tutulacaq alimentin məbləği ilə bağlı hesab edir ki, uşaq üç yaşına çatanadək iddiaçının xeyrinə tutulacaq alimentin məbləği müəyyən edilərkən, tərəflərin maddi və ailə vəziyyəti, habelə cavabdehin tərəflərin birgə nikahdan olan olan övladının saxlanması üçün aliment ödəmək öhdəliyi daşıması və digər diqqətə layiq olan halları nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə uşaq üç yaşına çatanadək hər ay əlavə olaraq 20 manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Ailə Məcəlləsinin nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququnu təsbit edən 85.1.1ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx.xx.2020-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda ödənilməli olan dövlət rüsumunun qiyməti 30 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, həmçinin, hazırki iş alimentin tutulması haqqında iddianın qiymətinin 500 manatdan çox olduğunu nəzərə alaraq, habelə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə qeyd olunan halları əsas götürərək, habelə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxx 2017-ci il təvəllüdlü X1 və xx xxxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat, əlavə olaraq xx xxxxxx 2019-cu il təvəllüdlü X2 3(üç) yaşı tamam olanadək 20 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməli, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxx 2017-ci il təvəllüdlü X1 və xx xxxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx xxxxxx 2019-cu il təvəllüdlü X2 3(üç) yaşı tamam olanadək hər ay əlavə olaraq 20 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aliment xx.xx.2020-cu il tarixdən tutulsun. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar