Məhkəmə qərarları › İş №2(002)-1725/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1725/2021

25.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1725/2021 25.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən 23 iyun 2008-c i ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, o, Cavabdeh ilə 27 aprel 2007-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan 23 iyun 2008-ci ildə Aysu adlı bir uşaqları doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 mart 2010-cu il tarixli qətnaməsi ilə nikahları pozulmaqla Cavabdeh bir uşağın saxlanması üçün 70 manat sabit pul məbləğində alıment tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(002)-1543/2017 saylı qətnaməsi ilə Cavabdeh 23 iyun 2008-ci il tarixdə doğulmuş Aysu adlı uşağın yetkinlik yaşına çayana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda həmin pulla uşağın tələbatını ödəmək mümkün olmamaqla cavabdeh könüllü olaraq uşağın saxlanması üçün heç bir maddi yardım etmir. O, isə uşağını həmin pulla saxlamaqda çətinlik çəkir. Cavabdehdən aliment tutulmasına dair məhkəmə qətnaməsindən xeyli müddət keçməklə bu müddət ərzində yaşayış minimumu ölkədə artmış və hazırda 175,00 manat təşkil edir. Odur ki, cavabdehdən 23 iyun 2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(002)-1543/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilərək, Cavabdehun aylıq qazanc və gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə olaraq hər ay 127 manat 50 qəpik sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini bununla əsaslandırılmışdır ki, Cavabdeh işləməklə müəyyən gəlirə və qazanca malikdir. Belə olan halda aliment ancaq cavabdehin qazanc və gəlirlərinin ¼ hissəsi miqdarında tutularsa bu uşağın mənafeyinə uyğun deyildir. Bu səbəbdən hesab edir ki, aliment cavabdehin qazanc və gəlirindən, eləcə də sabit pul məbləğində tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə birgə nikahdan 23 iyun 2008-ci ildə Aysu adlı bir uşaqları doğulmuşdur. İddiaçı ilə nikahları pozulmaqla məhkəmənin 30 mart 2010-cu il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün 120 manat məbləğində aliment ödəyir. İddiaçı onun uşaqla görüşməsinə icazə vermir. O, dülgər-xarrat olmaqla ayda 250 manat əmək haqqı alır. Həmin pulu da güçlə ödəyə bilir. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş fiziki şəxs X4 tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli arayışdan görünür ki, X5 ünvan 1 ünvanında yerləşən dülgər sexində dülgər-xarrat vəzifəsində çalışır və aylıq əmək haqqının məbləği 250 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1543/2017 saylı 01.05.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 23.06.2008-ci ildə doğulmuş Aysu adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, həmin nikahdan 1 uşağının olması, həmin uşağın ananın yanında qalması, onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X1 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi, 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) 1/3 hissəsi, 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, tərəflərin birgə nikahından 23 iyun 2008-ci il tarixdə Aysu adlı bir uşaqları doğulmuşduir. Tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqları anasının himayəsində olmaqla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 mart 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(002)-1543/2017 saylı qətnaməsi ilə Cavabdeh 23 iyun 2008-ci il tarixdə doğulmuş Aysu adlı uşağın yetkinlik yaşına çayana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin aliment məbləğinin artırılaraq cavabdehdən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də cavabdehin qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulmasını xahiş etmiş, cavabdeh isə hazırda dülgər sexində dülgər-xarrat vəzifəsində işləməklə maddi gəlirə malikdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, onun normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(002)-1543/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilərək, Cavabdeh aylıq qazanc və gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə olaraq hər ay 127 manat 50 qəpik sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Alimentin tutulmasının əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, işə baxılması ilə bağlı 30 (otuz) manat məhkəmə məsrəfi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(002)- 1543/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. Cavabdeh aylıq qazanc və gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə olaraq hər ay 127 manat 50 qəpik sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulmasının əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İşə baxılması ilə bağlı 30 (otuz) manat məhkəmə məsrəfi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar