Məhkəmə qərarları › İş №2(002)-1769/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1769/2020

02.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1769/2020 02.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli iş 2(002)-1658/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində hər uşağa görə hər ay 154 manat sabit pul məbləğində tutulan alimentin tutulma qaydası dəyişdirilərək, xx xxx 2010-cü il təvəllüdlü Tağızadə Nərmin Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(002)-1658/2018 saylı qətnaməsi ilə onunla cavabdeh arasında xx xxxx 2008-ci il tarixdə Bakı “Nikah evi” ndə 1564 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx xxxx 2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğlu və xx xxx 2010-cü il təvəllüdlü Tağızadə Nərmin Rövşən qızı anaları İddiaçı yanında saxlanılması və xx xxxx 2018-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan sonra cavabdeh yenidən məhkəməyə müraciət edərək xx xxxx 2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğlunun onun himayəsinə verilməsi və aliment öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixli 2(002)-2659/2019 saylı qətnamə ilə yetkinlik yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğlu atası Cavabdeh himayəsinə verilməsi, xx xxxxxxxx 2018-ci il tarixli. 2(002)-1658/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə xx xxxx 2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğluna münasibətdə xitam verilməsi qət edilmişdir. Hazırda uşaqların atası Cavabdeh Cabbar Qaryağdı oğlu adına 9 № li X1 tar ixtisası üzrə müəllim vəzifəsində işləyir və onun aylıq qazancı 1218 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiaçının hal-hazırda işləmədiyini, ödənilən alimentin uşağın xərclərini qarşılamadığını, cavabdehin hazırda rəsmi iş yerinin olduğunu, bu barədə müvafiq arayış aldıqlarını, məhkəməyə təqdim olunduğunu, cavabdehin rəsmi iş yerinin və əmək haqqı, qazancının olduğunun aşakr olduğunu, bu halların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz verərək, öz izahatında iddia tələbi ilə razı olmadığını, birgə nikahdan olan övladlarından birinin onunla birgə yaşadığını, ona görə də müvafiq məhkəmə qətnaməsi əsasında 100 manat təyin edildiyini, ancaq iddiaçının heç həmin alimenti ödəmədiyini, rəsmi iş yerinin olduğinu qəbul etdiyini, ancaq əmək haqqı məbləğinin dəyişkən olduğunu, aliment ödəməkdən heç vaxt yayınmadığını, ancaq iddiaçının hər dəfə belə məhkəməyə müraciət etməsi ilə razı olmadığın, bu halların nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(002)-1658/2018 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2008-ci il tarixdə Bakı “Nikah evi”ndə 1564 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx xxxx 2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğlu və xx xxx 2010-cü il təvəllüdlü Tağızadə Nərmin Rövşən qızı anaları İddiaçı yanında saxlanılması və xx xxxx 2018-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)- 2659/2019 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx xxxx 2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğlu atası Cavabdeh himayəsinə verilməsi, xx xxxxxxxx 2018-ci il tarixli. 2(002)-1658/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə xx xxxx 2009-cu il təvəllüdlü Tağızadə Bəylər Rövşən oğluna münasibətdə xitam verilməsi qət edilmişdir. Bakı şəhəri Mədəniyyət Baş İdarəsi 1 saylı Maliyyə və iqtisadi Regional Bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Cabbar Qaryağdı oğlu adına 9 № li X1 tar ixtisası üzrə müəllim vəzifəsində işləyir və onun aylıq qazancı 1218 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla alimentin miqdarı azaldıla və artırıla bilər. Həmin məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarın 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan 1 uşağının olması və yetkinlik yaşına çatmamış uşağın anasının yanında qalması, həmçinin onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında rəsmi nikah pozulmuş, həmin nikahdan olan övladları xx xxx 2010-cü il təvəllüdlü Tağızadə Nərmin Rövşən qızı anasının himayəsindədir. Məhkəmə qətnaməsi əsasında həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı hər ay ödənilən 154 manat alimentin məbləğinin uşağın maddi tələbatlarının və ehtiyaclarının ödənilməsi üçün kifayət etmədiyini, ona görə də uşağı saxlamaqda çətinlik çəkdiyini, uşağın tələbatlarının hər ay artıdığını, özünün isə həm uşağın tələbatlarının, həm məişət ehtiyaclarının ödənilməsində çətinlik çəkdiyini, cavabdehin isə rəsmi iş yerinin, aylıq qazancının aşkar və məlum olduğunu əsas gətirərək,uşağın saxlanması üçün cavabdehin qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment ödənilməsi tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh Cabbar Qaryağdı oğlu adına 9 № li X1 tar ixtisası üzrə müəllim vəzifəsində işləyir və onun aylıq qazancı 1218 manat təşkil edir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, iddiaçı işləmir, ona görə də, məişət xərclərini, həm də uşağın artan tələbatlarını ödəməkdə çətinlik çəkir, uşağının həm maddi və digər zəruri xərclərin günü-gündən artdığını, aldığı 154 manat sabit pul məbləğində alimentin məbləğinin isə həmin xərcləri ödənilməsində kifayət etmədiyini, özünün isə təkbaşına bunları etməkdə çətinlik çəkdiyini, cavabdehin rəsmi iş yerinin və aylıq qazanca malik olması halının məlum, aşkar olduğunu, ona görə də alimenti miqdarının dəyişdirilərək məhz cavabdehin rəsmi qazancına uyğun müəyyən edilməsini bildirmişdir. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi cavabdehin rəsmi iş yerinə və aylıq qazanca malik olması halına istinad edərək, müvafiq məhkəmə qətnaməsi əsasında sabit pul məbləğində təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, məhz cavabdehin rəsmi qazancının və aylıq gəlirlərinin hissəsi miqdarında təyin edilməsini tələb etmişdir. Bu halda, məhkəmə cavabdehin rəsmi iş yerinin olması və aylıq əmək haqqı alması halının aşkar olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda ödənilməli olan dövlət rüsumunun qiyməti 30 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, həmçinin, hazırki iş alimentin tutulması haqqında iddianın qiymətinin 500 manatdan çox olduğunu nəzərə alaraq, habelə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx xxx 2010-cü il təvəllüdlü Tağızadə Nərmin Rövşən qızınınn yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(002)-1658/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay bir uşağa görə qazancının və başqa gəlirlərinin 1\4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxx 2010-cü il təvəllüdlü Tağızadə Nərmin Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(002)- 1658/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay bir uşağa görə qazancının və başqa gəlirlərinin 1\4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilməli 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar