Məhkəmə qərarları › İş №2(002)-1831/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1831/2022

04.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1831/2022 04.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-1555 /2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Rəsmi nikahlarından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 adlı üç uşaqları var. Cavabdehlə aralarında olan münasibətlər pisləşməklə, xx.xx.2017-ci il tarixdən nikahları pozulmuşdur. Hal-hazırda uşaqlar onun himayəsində yaşamaqla cavabdeh könüllü olaraq yardım etmir. O isə uşaqları tək saxlamaqda çətinlik çəkir. Cavabdeh yük avtomobili sürməklə fərdi qaydada işləyir və yaxşı, yəni 1.000 manatdan yuxarı gəlirə malikdir. O isə işləyə bilmir. Cavabdeh uşaqların ehtiyacları ilə heç maraqlanmır. Sonuncu dəfə keçən il, yeni il bayramında 90 manat pul vermişdir, həmin pul da uşağın hazırlığı üçün idi. Cavabdeh öz uşaqlarına çox etinasız yanaşır. Onun iki qızı var və bu gün sabah ailə qurası yaşdadırlar. Lakin bir ata olaraq vicdanı sızlamır ki, onun qızları var və qız uşaqlarının ehtiyacı oğlan uşağının ehtiyacından çoxdur. O, belə məsuliyyətsiz ata görməmişdir. Odur ki, alimenti məhkəmə vasitəsi ilə almaq istəyir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli, 2(002)-1555/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı X8 qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 13 sentyabr 2011-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 1002 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 analarının yanında saxlanmış, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X5 20 fevral 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq Sultanova (Babayeva) Gülnar Tarxan qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 3 uşaqlarının olması, uşaqların ananın yanında qalması, uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 yanvar 2022-ci il tarixli, 11548 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci müvafiq hesaba ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin ediməli, xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-1555/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 56 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, cavabdeh daha artıq məbləğdə aliment ödəməsi üçün kifayət qədər gəlirə malik deyil. Digər tərəfdən, uşağın saxlanılması üçün zəruri olan xərclərin yalnız bir valideyndən tutulması ədalət prinsipinə ziddir. Çünki, uşağa baxılması vəzifəsi hər iki valideynə şamil olunur. Uşağı həm ata, həm da ana maddi cəhətdən təmin etməlidirlər. İddiaçı əmək qabiliyyətli şəxsdir, övladları kifayət qədər böyük olmaqla, iddiaçının işləyərək gəlir əldə etməsinə maneə yaratmır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-1555 /2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 56 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar