Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1859/2024 24.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o- İddiaçı, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahdan xx.xx.2015-ci il tarixdə Gülər adlı və xx.xx.2019-cu il tarixdə Rəhman adlı övladları dünyaya gəlmişlər. Cavabdehlə bir həyətdə yaşasa da cavabdeh ailəyə maddi köməklik göstərmir, biganə yanaşır. O məcburiyyət qarşısında qalıb uşaqları təkbaşına saxlayır. Bu isə, onun üçün çox çətindir. Öz valideynlərindən kömək istəməkdən çox utanır. Cavabdehin ailəsinə və uşağına bu formada biganəliyi yolverilməzdir.Hazırda cavabdehlə birgə nikahdan olan övladlarının saxlanılmasında çətinlik çəkir və hesab edir ki, övladlarının saxlanması üçün o da, maddi cəhətdən köməklik göstərməlidir.Qanunun tələbinə müvafiq olaraq, mediasıya qurumuna müraciət etsə də, mübahisənin məhkəmədən kənar həlli yolu mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, aralarında olan nikah hələ pozulmamışdır. Faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh işləyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İ seriyalı 963187 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında xx.xx.2014-cü il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 466 saylı akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı 516818 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarında olan AZEMİS X1 tərəflərin qohumluq münasibətləri ilə bağlı verilmiş sorğuya cavabdan görünür ki, tərəflərin xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı iki uşaqları var. İş materiallarında olan AZEMİS X1 cavabdehin gəlir məlumatları ilə bağlı verilmiş sorğuya cavabdan görünür ki, Rzayev X7 Neft Şirkəti “AZNEFT” İstehsalat Birliyində “maşinist” vəzifəsində çalışır və əmək haqqısı 814,52 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayışdan görünür ki, tərəflər aralarında olan ailə mübahisəsi ilə bağlı ilkin mediasiya sessiyası prosesi keçirilmişdir. Məhkəmə araşdırması əsasında məlum olmuşdur ki, tərəflər arasında olan nikah pozulmamışdır, lakin faktiki ayrı yaşayırlar. Onların birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqları var. Hazırda iddiaçı iddia edir ki, cavabdeh ailəsinin və uşaqlarının maddi təminatını qarşılamır və bu səbəbdən birgə nikahdan olan uşaqların saxlanması üçün cavabdehdən aliment tələb edir, cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. «Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə işin hallarını, uşaqların əsaslı mənafeyini, tərəflərin maddi vəziyyətini, yuxarıdakı qanun normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, aliment sabit pul məbləğində, bir uşaq üçün 200, iki uşaq üçün 400 manat məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə təyin edilməli və iddia tələbi qalan hissədə rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bu halda iddiaçı cavabdehin qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin tutulması iddianın tam şəkildə təmin edilməsi cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Həmçinin uşağı saxlamaq hər iki valideyinin vəzifəsidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Qeyd edilənləri, uşaqların əsaslı mənafeyini və uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay bir uşağa 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı və iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla iki uşaq üçün cəmi 400(dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-1859/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1859/2024
24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver