Məhkəmə qərarları › İş №2(002)-1906/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1906/2022

10.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1906/2022 10.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «X3» MMC-yə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X4» MMC-yə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 2.820 manat borcun, 900 manat yol xərcinin, 390 manat bank faizlərinin və 2.500 manat maddi və mənəvi zərərə görə pul vəsaiti olmaqla, cəmi 6.610 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla 04 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən KP/AİC/09-18-07 saylı müqaviləyə əsasən "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Həmin vaxtdan o, mərmər-qranit zavodunda operativ katarakt vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixdə o, ərizəsi əsasında işdən çıxmışdır. Çıxmasına səbəb 2020-ci il tarixdə zavodda işlər dayanmışdır. Həmin vaxtdan ona hissə-hissə əmək haqqı ödənilmişdir. Zavodun ona 3.270 manat borcu qalmışdır. O, dəfələrlə zavoda müraciət etmişdir ki, övladının müalicəsinə görə ona qalan pulu verilsin. Zavod rəhbərliyi ona cəmi 450 manat pul ödəmişdir. Zavodun ona 2.820 manat borcu qalmışdır. O, dəfələrlə pulunu tələb etmişdir. Zavod isə bildirir ki, pul olanda ödəyəcəklər. Halbuki, onun himayəsində 2 övladı var, hər ikisi İ qrup əlildir. Onların hər ay müalicəsinə xeyli miqdarda pul lazımdır. Hesab edir ki, zavodda qalan puluna görə ona bank faizlərinə uyğun olaraq əlavə faizlər ödənilməlidir. Bundan əlavə, o, 10-15 dəfədən çox İmişli rayonundan şəhərə gəlmişdir. Hər gediş-gəlişi ona 60 manata başa gəlmişdir. O, yollara təxmini 900 manat pul xərcləmişdir. Ona maddi və mənəvi zərər vurduqlarına görə "xxxx" MMC-dən 2.500 manat tələb edir. Məcburiyyət qarşısında qaldığı üçün "xxxx" ASC-dən 26 % ilə 1.500 manat pulu uşaqlarının müalicəsinə görə kredit götürmüşdür. Həmin məbləğin faizi 390 manat hesab edir ki, "xxxx" MMC ona ödəməlidir. Göstərilən xərclər ümumilikdə 6.610 manat təşkil edir. O, İ qrup Qarabağ müharibəsi veteranıdır, İİ qrup mülki əlildir. Övladlarının hər ikisi İ qrup əlildir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qismən qəbul etdi, məhkəməyə ətraflı arayış təqdim edərək bildirdi ki, dünyanı «Covid-19» pandemiyası bürüdüyü gündən etibarən müəssisə öz fəaliyyətini tamamilə dayandırmış və bu günədək işə düşməmişdir. Elə bu səbəbdən də, müəssisənin debitor-kreditor, dövlət büdcəsinə vergi borcları və əmək haqqı borcları yaranmışdır. İsmayıl Mənsimov 27 avqust 2021-ci il tarixdən etibarən «X3» MMC-nin (keçmiş adı «X4» MMC) qanuni təmsilçisi kimi Dövlət reyestrində qeydiyyata düşmüşdür. İddia əriəsində adı gedən inzibati xəta isə İ.Mənsimovun təyinatından xeyli əvvəl baş vermişdir. Belə ki, İddiaçı 04 yanvar 2019-cu il tarixdə KP/AİC/09-18-07 saylı müqaviləyə əsasən işə qəbul edilmiş və 01 iyun 2021-ci il tarixdə öz xahişi ilə işdən azad olunsa da, müəssisədə yaranmış maliyyə çətinlikləri ilə bağlı qalıq əmək haqqı borclarını almamışdır. Bildirirlər ki, qalıq əmək haqqı borcu iddiaçının iddia ərizəsində göstərdiyi kimi 3.270 manat deyil, sabiq direktor Müşfiq İbadovun "xxxx" QSC-yə əmək haqqı borcları haqqında təqdim etdiyi sənəddə və mühasibatlıqda xx.xx.2021-ci il tarixə 2.258 manat 70 qəpik təşkil edir. İ.Mənsimovun rəhbərlik etdiyi son 11 ayda ştatda olan az saylı işçilərə (əsasən mühafizə olmaqla) "xxxx" QSC-dən alınmış kredit hesabına əmək haqqı ödənilmişdir. İddiaçı iki azyaşlı uşağının xəstə olduğunu nəzərə alaraq, kreditdən qalan xırda vəsaitlər hesabına xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 50 manat və xx.xx.2022-ci il tarixdə 100 manat olmaqla, ona əmək haqqı borclarından cəmi 550 manat ödənilmişdir. Hazırda İddiaçı 1.708 manat 70 qəpik ödənilməmiş əmək haqqı borcu qalmışdır. Eyni zamanda qeyd edir ki, «X3» MMC özəl müəssisə kimi fəaliyyətə başlamış, lakin 04 noyabr 2019-cu il tarixli, 8- 2(82)-36/2019 saylı məhkəmə qərarı ilə dövlətə olan kredit borcu hesabına mülkiyyət hüququ dövlətə keçməklə "xxxx" QSC BOKT-nin balansına verilmişdir. Hazırda müəssisənin özəlləşdirilməsi prosesi həyata keçirilir. Bu isə o deməkdir ki, özəlləşmə həyata keçirilərkən birinci növbədə vergi borcları və işçilərin qalıq əmək haqqı borcları ödəniləcəkdir. Qeyd olunanların nəzərə alınmasını və məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçı 04 yanvar 2019-cu il tarixli KP/AİC/09-18-07 saylı müqaviləyə əsasən işə qəbul edilmiş, 01 iyun 2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2021-ci il tarixə cavabdehin iddiaçıya əmək haqqı üzrə 2.258 manat 70 qəpik borcu qalmışdır. Cavabdehin əmək haqqı üzrə ödəniş edə bilməməsi pandemiya səbəbli işin dayanması olmuşdur. Daha sonra isə ödəniş edilə bilməməsinə səbəb olmuş yaranmış durum məhkəməyə təqdim edilmiş arayışda ətraflı şəkildə göstərilmiş, məhkəməyə bununla bağlı sənədlər təqdim olunmuşdur. Cavabdeh tərəf özündən asılı olmayan maliyyə çətinliklərinə rəğmən iddiaçıya müxtəlif vaxtlarda cəmi 550 manat ödəniş etmişdir. Bu günə, əmək haqqı üzrə qalıq borc məbləği 1.708 manat 70 qəpik təşkil edir. İşin qeyd olunan faktiki hallarını cavabdeh tərəf də etiraf edir. Cavabdeh tərəf iddianı qalan hissələrdə qəbul etmir və bildirir ki, cavabdeh iddiaçıya ödənilməli əmək haqqını qəsdən yubatmamış, həmin vəsaitdən saxlamaqla istifadə etməmiş, hər hansı gəlir əldə etməmiş, iddiaçıya hər hansı hərəkət və ya hərəkətsizliklə hər hansı ziyan vurmaq niyyətində olmamışdır. Bu səbəbdən, iddia tələbi qalan hissələrdə əsassız olmaqla, təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 2-ci bəndinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçıya əmək haqqı qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə ödənilməli olsa da, əmək fəaliyyəti ilə bağlı ona ödənilməli olan əmək haqqı tam və vaxtında ödənilməmiş, cavabdehin iddiaçıya bu günədək 1.708 manat 70 qəpik əmək haqqı borcu qalmışdır. İddiaçı ona yuxarıda qeyd edilən məbləğdən artıq əmək haqqı borcunun olmasına, həmçinin ona cavabdeh tərəfindən maddi və mənəvi zərər vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1.708 manat 70 qəpik əmək haqqı borcu cavabdeh «X3» MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Eləcə də, mediasiya sessiyasına görə ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki, Bakı şəhəri 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 07 may 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/3-01068 saylı arayışdan göründüyü kimi, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia qalan hissədə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1.708 manat 70 qəpik əmək haqqı borcu cavabdeh «X3» MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Mediasiya sessiyasına görə ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.708 manat 70 qəpik əmək haqqı borcu və mediasiya sessiyasına görə ödənilmiş 50 manat xərc cavabdeh «X3» MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar