Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1962/2024 17.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «işdənçıxarma ilə bağlı son haqq-hesabın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işdənçıxarma ilə bağlı son haqq-hesabın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin üzərinə cavabdeh tərəfindən ona ödənilməmiş işdənçıxarma ilə bağlı son haqqhesabın hesablanması vəzifəsini qoymaqla həmin vəsaitin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, son haqq-hesabla bağlı 1.500 manat pul vəsaitinin Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdən Cavabdeh MMC-də xadimə vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Lakin heç bir səbəb və əsas olmadan istifadə edilməyən məzuniyyət haqqı, həmçinin işdən çıxarma ilə bağlı son haqq-hesab hesablanaraq ona ödənilməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə şifahi qaydada müraciət etsə də, hal-hazıradək həmin vəsait ona ödənilməmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Bu səbəbdən, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh MMC-də xadimə vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı işlədiyi müddətdə hər ay 439.20 manat əmək haqqı almışdır. İddiaçının xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə yalnız sonuncu il üzrə istifadə edilməmiş 14 məzuniyyət günü olmuşdur ki, həmin məzuniyyət günlərinə görə də onun son haqq-hesabı hesablanaraq, iddiaçıya məxsus əmək haqqı kart hesabına işdən çıxarkən tam köçürülmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. Bu səbəbdən, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının özünün və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi: - ilk dəfə tərəflər arasında xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh MMC-yə xadimə vəzifəsinə işə qəbul edilmişdir. İlk müqavilə 7 il 7 ay 1 günlük, yəni xx.xx.2023-cü il tarixədək bağlanmışdır. Sonradan xx.xx.2022-ci il tarixdə tərəflər arasında olan həmin əmək müqaviləsi tərəflərin razılığı ilə yenilənmiş və bundan sonra əmək münasibətləri 11 mart 2024-cü il tarixinədək davam etmişdir. Əmək Müqaviləsinə əsasən işçinin aylıq əmək haqqısı 439 manat 20 qəpik həddində müəyyən edilmişdir; - iddiaçı işdən azad olunmamışdan öncə sonuncu dəfə 03 may 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək əmək məzuniyyətində olmuşdur; - iddiaçı işəgötürənə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək öz xahişi ilə işdən azad olunmasını xahiş etmiş, işəgötürənə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir; - işəgötürən iddiaçının müraciətini nəzərə alaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 11 mart 2024-cü il tarixli 96/k nömrəli əmrlə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (öz xahişinə) əsasən xitam vermişdir. İşçinin xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üzrə yalnız sonuncu ilə görə istifadə edilməmiş 14 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir; - işəgötürən tərəfindən iddiaçının son haqq-hesabı müvafiq şəkildə işdən azad edilən günü hesablanaraq iddiaçının maaş kartına köçürülmə yolu ilə ödənilmişdir. İddiaçı hazırda işdən azad olunarkən qanunvericiliyin tələblərinin işəgötürən tərəfindən pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan öncə iddiaçı mediasiya təşkilatına müraciət etmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatının 13 may 2024-cü il tarixli, MŞB/3/2024-00294 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, yuxarıda qeyd olunan tələblər barədə mübahisə üzrə tərəflər xx.xx.2024-cü il tarixdə saat 10:00-dan 10:30-dək müddət ərzində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasına dəvət edilmişlər. İddiaçı mediasiya sessiyasında iştirak etsə də, cavabdehin nümayəndəsi mediasiya sessiyasına gəlməmişdir. Bu səbəbdən, qeyd olunan arayış verilmişdir. İddiaçı tərəf 50 manat mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Hazırda iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, işəgötürən tərəfindən işdən azad edilərkən son haqq-hesabı düzgün hesablamamışdır, bu səbəbdən iddiaçıdan 1.500 manat pul vəsaitinin ödənilməsini tələb edir. Lakin iddiaçı iddianın əsası kimi istinad etdiyi həmin hala dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi rəsmi sənədlərdən görünür ki, işəgötürən tərəfindən öz xahişi ilə işdən azad edilmiş işçinin əmək qanunvericiliyində təsbit olunmuş hüquqları pozulmamış, qanuna müvafiq qaydada son haqq-hesab hesablanaraq iddiaçıya ödənilmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-4-cü hissələrinə əsasən, Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. İşin rəsmi və faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə tam riayət etməklə, iddiaçı ilə əmək müqaviləsinə xitam vermiş və iddiaçını qanuna müvafiq şəkildə işdən azad etmişdir. Yəni iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (öz xahişinə) əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Beləliklə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, bu zaman iddiaçının qanunla qorunan hüquqları pozulmamış, işçiyə istifadə edilməmiş 14 məzuniyyət gününün son haqq-hesab düzgün hesablanmış və işdən çıxarılan günü ona rəsmi şəkildə ödənilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən iddiaçıya hər hansısa bir məbləğdə ödənilməmiş son haqq-hesabla bağlı borcun və ya əmək haqqı borcunun olması faktı müəyyən edilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «işdənçıxarma ilə bağlı son haqqhesabın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işdənçıxarma ilə bağlı son haqq-hesabın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1962/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1962/2024
17.09.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver