Məhkəmə qərarları › İş №2(002)-2023/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2023/2024

29.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2023/2024 29.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında notariat qaydasında təsdiqlənmiş, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin tam hissədə Cavabdeh1 hədiyyə etmişdir.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, torpaq sahəsi üzərində hüququn növü xüsusi mülkiyyət olmaqla, 0,03 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 150.50 m2 olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 22-ci Lökbatan küçəsi, ev 38 xüsusi mülkiyyət formasında Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 04/6278 nömrəli, “Texniki pasporta” əsasən hüquqi sahibi Cavabdeh1 məxsus olan (reyestr nömrəsi **********43-10301) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 22-ci Lökbatan küçəsi, 38 nömrəli evin əsas göstəriciləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.

4. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziya məktubuna əsasən, o İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha torpaq sahəsini tam mülkiyyət pay şəklində xx.xx.2022-ci il tarixdə oğlu Cavabdeh1 Mamed oğluna bağışlanması müqaviləsi əsasında hədiyyə etmişdir. Həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. Sonradan səhhətində yaranmış xəstəliyi ilə bağlı, keçirdiyi ağır əməliyyatların nəticəsində oğlunun ona baxması müqabilində bağışlama müqaviləsi əsasında mülkiyyətində olan torpaq sahəsini oğluna hədiyyə etmişdir. Belə ki, oğlu onu aldadaraq ona baxacağına, onun qayğısına qalacağına söz vermişdir. Bir müddət oğlu onun qayğısına qalmış, xəstəli ilə maraqlanmışdır. Lakin sonradan bilmədiyi səbəbdən oğlu Cavabdeh1 onunla mübahisə etməyə başlamış, ona qarşı nalayiq ifadələr işlətmiş, onunla maraqlanmamış və onu torpaq sahəsinə buraxmamışdır. O dəfələrlə bununla əlaqədar məhəməyə müraciət edəcəyini bildirsə də, onun xəbərdarlıqlarına məhəl qoymayaraq ona qarşı olan əməllərini davam etmişdir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə hədiyyə edilmiş əmlakı İddiaçı geri qaytarılmasını təmin edilməsi, əks halda həmin müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddia tələbi

5. İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin etibarsız hesab olunması və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh1 verilmiş çıxarışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha torpaq sahəsini tam mülkiyyət pay şəklində xx.xx.2022-ci il tarixdə oğlu Cavabdeh1 bağışlama müqaviləsi əsasında hədiyyə etmişdir. Həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. Sonradan səhhətində yaranmış xəstəliyi ilə bağlı, keçirdiyi ağır əməliyyatlar nəticəsində oğlunun ona baxması müqabilində bağışlama müqaviləsi əsasında mülkiyyətində olan torpaq sahəsini oğluna hədiyyə etmişdir. Oğlu onu aldadaraq ona baxacağına, onun qayğısına qalacağına söz vermişdir. Bir müddət oğlu onun qayğısına qalmış, xəstəliyi ilə maraqlanmamışdır. Lakin sonradan bilmədiyi səbəbdən oğlu Cavabdeh1 onunla mübahisə etməyə başlamış, ona qarşı nalayiq ifadələr işlətmiş, onunla maraqlanmamış və onu torpaq sahəsinə buraxmamışdır. O dəfələrlə bununla əlaqədar məhkəməyə müraciət edəcəyini bildirsə də, onun xəbərdarlıqlarına məhəl qoymayaraq ona qarşı olan əməllərini davam etmişdir. Bütün bunların nəticəsində cavabdeh tərəfindən tamamilə aldadıldığını başa düşdü. Buna görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilir.

7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2, 337.2, 337.4, 673.4, 673.1, 667.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 60, 13, 26.2-ci maddələrinə istinad etmişdir.

8. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdeh oğludur, özü iki dəfə ailə həyatı qurub. Cavabdeh ilk nikahından doğulub. İlk həyat yoldaşından boşanıb, ikinci həyat yoldaşı cavabdehə də atalıq edib. Cavabdehin 52 yaşı, uşaqları və nəvəsi var. Onu 1996-cı ildə evləndirdi, ona beşotaqlı ev alıb verdi. Həmin evi o təmir etdi. Cavabdehə dəfələrlə kömək edib. O, onların evinə bir dəfə də olsun çörək almayıb. Özü xəstədir, altı əməliyyat olunub. Xəstəxanada olan zaman oğlu yanına bir dəfə gəlib. Ancaq onun həyat yoldaşı bir dəfə də onunla maraqlanmayıb. O da oğluna torpaq sahəsini bir şərtlə vermişdi. Şərti o idi ki oğlu onunla maraqlanacaq, ona baxacaq, onun qayğısına qalacaq. Amma cavabdeh onunla maraqlanmadı, onun qayğısına qalmadı. Əksinə oğlu ona düşmən oldu, onu evdən qovdu. Bunu həyat yoldaşının sözü ilə edir. Belə ki, o, qızı və nəvəsi barışmaq və münasibətlərini düzəltmək üçün fevral ayında onun evinə getmiş və oğlu və həyat yoldaşı onları evdən qovdular. Oğlu qızının toyuna onu çağırmamışdı. Oğlu ilə 2019-cu ildən danışmır, lakin 2021-ci ilə qədər zəif də olsa münasibəti olub. Cavabdeh onu aldadıb bağışlama müqaviləsini imzalatdırdı, sonra onunla danışmadı. Evdə keçmiş həyat yoldaşı, yəni cavabdehin atası və ögey qardaşı yaşayır. Nəvələri onunla danışmır. Cavabdehin baldızları gəlinini qızışdırır. Cavabdeh şərtə əməl etmədiyinə torpaq sahəsinin geri qaytarılmasını istəyir. Torpaq sahəsinə ehtiyacı var, 320 manat pensiya alır.. Bağışlama müqaviləsini imzalayarkən notariat ofisinin nümayəndəsi ona dedi ki, “evi oğluna bağışlayırsan”. O da həmin vaxt buna etiraz etmədi, səs-küy salmadı və müqaviləni imzaladı. İddiaçı tərəf iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia tələbini müdafiə edir. İddiaçı cavabdeh üçün illərlə əziyyət çəkib. Onun üçün torpaq sahəsini alıb, həmin sahədə ev tikib. İddiaçı torpaq sahəsini cavabdehə şərtlə bağışlayıb. Amma cavabdeh həmin şərtə əməl etməyib. İddiaçı xəstə olan zaman onunla maraqlanmayıb. İddiaçını evdən qovub. Cavabdeh iddiaçını evdən qovduqdan sonra o, bağışlama müqaviləsini ləğv etdirmək istəyib. Cavabdehin iddiaçıya göstərdiyi təzyiq müqavilənin etibarsız hesab edilməsi üçün əsasdır. Cavabdeh iddiaçını aldadıb, onunla maraqlanmayıb. İddiaçı əməliyyat olunub, onun o vaxt qayğıya ehtiyacı olub. Cavabdeh isə həmin vaxt iddiaçıya deyib ki, “sən evi ver, sənin qayğına qalacam”. Tələbin ifadə forması bağışlamanın etibarsızlığı kim müəyyən edilib, çünki hesab edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı normalarına əsasən aldadılma nəticəsində bağlandığından bağışlama etibarsız sayılmalıdır.

11. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia tələbini qəbul etmir. 1996-cı ildə anası o istəməsə də onu evləndirmiş, indiki həyat yoldaşını da elə anası bəyənmiş, lakin evləndikdən sonra gəlini ilə yola getməmişdirlər. Anası əvvəl ona beşotaqlı ev almışdı evləndirdikdə. 1998-ci ilə qədər həmin evdə yaşadı. Həmin evi satdı 80,000 manata satdı, Lökbatan qəsəbəsində 11000 manata torpaq sahəsi aldı və həmin sahədə indi yaşadığı evi tikməyə başladı. Torpaq sahəsini də özü könüllü olaraq yoldaşının adına saldırmaq istəmədiyi üçün anasının adına qeyd etdirmişdi. Anası buna razı deyildi. Onu o razı saldı. Əgər istəsəydi torpaq sahəsini öz adına qeyd etdirərdi. İddiaçı bildirir ki, o, evə bir dəfə çörək belə almayıb. Çünki anası öz həyat yoldaşı ilə birlikdə yaşayır, onun evə nəsə almağına ehtiyacları olmayıb. Hazırkı evi tikəndə də anası ona xırda köməkliklər edib, lakin evi özü 2013-cü ildə tikdirib. Belə ki, dizayner işləyir və daimi qazancı olmasa da sifarişlər götürür. İddiaçı ilə aralarında yaranmış soyuq münasibətin səbəbi, hər dəfə anasının evinə onu görməyə gedəndə onu uşaq kimi danlaması, ona “sən necə kişisən, həyat yoldaşını yanıma gətirə bilmirsən?" deməsi olmuşdur. Onun 52 yaşı var, onun onunla bu cür danışmağı xoşuna gəlmir. İddiaçı yoldaşı ilə dolana bilmir, özü ilə münasibəti normaldır, amma gəlini ilə yaxşı deyil. Hər dəfə evə gələndə və ya onunla telefonla danışanda evdə problem yaradır, evdəki abu-havanı korlayır. Oğlu xaricdə yaşayır, anası ona zəng edib deyir ki, “sənin anan belədir, atan belədir”. Bunlar uşağa psixoloji olaraq mənfi təsir edir. Torpaq sahəsinin bağışlanması məsələsi isə belə olub ki, xaricdə yaşayan oğlu ailə həyatı qurmaq istəyirdi. Buna görə o, ölkəyə qayıtdı. Onun evlilik məsələsi ilə bərabər, həm də hərbi xidmət məsələsi vardı. O, gəlinini evə qeydiyyata salmaq üçün tələsirdi. Ancaq torpaq sahəsi mülkiyyətində olmadığına görə onu evə qeydiyyata sala bilmirdim. O zaman anasına dedi ki, sən torpaq sahəsini mənə bağışla, gəlinimi evə qeydiyyata salım. O da buna razı oldu. Oğlu hal-hazırda hərbi xidmət üzrə tibbi komissiyadan müayinədən keçir. Toya çağırmamaq məsələsi isə belə oldu ki, o, oğlunun sünnət toyuna görə anasını çağırmışdı. Həyat yoldaşı ona yaxınlaşdı, onunla öpüşüb görüşdü, anası isə əli ilə onu itələdi və orada skandal yaratdı. Bundan sonra onu bir dəfə də toya çağırdı, gəlmədi. Bu səbəbdən, qızının toyunda anasını çağırmamışdır. Çünki toya gələn zaman orada problem yaşadır. Evdən qovmaq məsələsi isə belə oldu ki, nə o, nə də həyat yoldaşı iddiaçını evdən qovmayıb. O, qızı və nəvəsi ilə birlikdə evə gəlib, o, anasını içəri dəvət edib, həyat yoldaşı iddiaçının gəldiyini öyrənəndə əsəbləşdən özünü pis hiss etməyə başlayıb. Bu vaxt onlarda olan qardaşı həyat yoldaşını evdən aparıb. Bu zaman anası ilə yoldaşı arasında söz davası yaranmış, anası onu danlamağa və həyat yoldaşını pisləməyə başlayıb, o da anasının onu uşaq kimi danlamasından bezərək deyib ki, “evə hər dəfə gələndə problem yaradırsansa gəlmə”. Sadəcə bu sözləri deyib, onu evdən qovmayıb, yoldaşı onu təhqir etməyib. Heç kim iddiaçını təhqir etməyib və nalayiq ifadələr işlətməyib. Bağışlanma müqaviləsinin ləğv edilməsinə razı deyil. Ev onlara lazımdır. Qızının toyu olacaq. Özü dizayner işləyir. Daimi iş yeri yoxdur, işi olanda olur, olmayanda isə aylarla işsiz qalır. Hal-hazırda anasının adına olan torpaq sahəsi üzərində tikilən evdə ailəsi ilə birlikdə yaşayırlar. Həmin evə ciddi vəsait sərf edərək ərsəyə gətirmişdir. Anasının ona köməyini danmır. Lakin onun və ailəsini daimi konfliktlərə sürükləməsinə yol vermək fikrində deyildir. Anasının onun yaşadığı evə və torpağa ehtiyacı yoxdur. Anası İçərişəhər tərəfdə yerləşən evini də ona vermək istəyirdi, lakin o özü buna razı olmadı. Həmin evin ana bir bacısına verilməsini istədi. Torpağı bağışlamaqla bağlı da heç bir təzyiq göstərməmiş, şərt götürməmişdir. Müqavilə bağlanması prosesi yuxarıda dediyi səbəblərdən olmuş, heç bir aldatma, təzyiq olmamışdlr. Həyat yoldaşının hazırkı məhkəmə iclasından və ya onun məhkəmədə iştirak etməyindən xəbəri belə yoxdur. O, belə problemlərin olduğunu bilmir. Torpaq sahəsini anası bağışlayan zaman ona hər hansısa şərt qoşmayıb. Torpaq sahəsinin hər hansısa şərtlə bağışlanması məsələsi olmayıb. Anası sadəcə evi və torpağı ondan almaqla şantaj edir. Aralarında barışıq ola bilməz. “ASAN Xidmət” mərkəzinin nümayəndəsini müqavilənin bağlanması üçün gətirmişdi, çünki tələsirdi, oğlu xarici ölkəyə gedirdi. Cavabdeh tərəf iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

12. Cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, 43 saylı Notariat Ofisi məktub ünvanlayaraq məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1. Bağışlama, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

15. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarı: MM-in 673-cü maddəsi bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.2-ci maddəsi ilə konsensual bağışlama müqaviləsinin, hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi halları tənzimlənir. MM-in 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir.

16. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarı: ..nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Mülki Məcəllənin 673.1 və 673.2-ci maddələrində göstərilən halların baş verdiyi təqdirdə hədiyyə verənin imtina haqqında bildirişi birtərəfli qaydada hədiyyə alana göndərməsi ilə hədiyyə predmetini geri tələb etməsi qarşı tərəfin hüquqi vəziyyətinin dəyişməsi ilə nəticələnir. Hüquq doktrinasında isə belə bir hüququn (formalaşdırıcı hüququn) həyata keçirilməsi qarşı tərəfin iradəsindən asılı olmayaraq birtərəfli qaydada sonuncunun hüquqi vəziyyətində dəyişikliklərə səbəb olduğu nəzərə alınaraq, hüquqi müəyyənliyin təmin edilməsi baxımından həmin hüququn istifadəsi üçün müəyyən edilmiş müddət kəsici müddət kimi qəbul edilir. Əsaslandırma

17. İddia əsassızdır.

18. İşin faktiki halları bundan ibarətdir ki, iddiaçı cavabdehin anasıdır və xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiqlənmiş bağışlama müqaviləsi ilə mülkiyyətində olan 0.03 ha torpaq sahəsini cavabdehə bağışlamışdır. Cavabdeh həmin torpaq üzərində fərdi yaşayış evi inşa etdirməklə ailəsi ilə birlikdə həmin evdə yaşayır və daşınmaz əmlak üzərində mülkiyyət hüququ rəsmi dövlət qeydiyyatına alınmışdır.

19. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk növbədə, iddiaçının tələbinə uyğun gələn qanuni əsas düzgün müəyyən edilməli və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır.

20. İddia tələbi ifadə formasına görə “bağışlama müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” olsa da, iddia ərizəsinin hüquqi əsası kimi Mülki Məcəllənin həm “əqdin etibarsızlığını” ifadə edən 337, 339.2-ci maddələrinə istinad edilmiş, həm də 673-cü maddəsinə və “bağışlama barəsində vədin ləğvi və ya onun icrasından imtina” üçün əsas olan halları qeyd edilmişdir.

21. Məhkəmə tərəfindən iddiaçı tərəfə tələbinin müqavilənin hansı elementlərinin qüsurlu olması nəticəsində etibarsız olması və ya bağışlamaqdan imtina üçün əsasların mövcud olması barədə mövqeyini dəqiq müəyyən edilməsi üçün sual ünvanlanmış, iddiaçı tərəf müqavilənin iddiaçının aldadılması yolu ilə (oğulun anasına qayğı göstərməməsində ifadə edilən) iradəsinin zədələnməklə bağlandığından etibarsız hesab edilməli olmasını bildirmişdir. Bununla yanaşı, məhkəmə araşdırması gedişində iddiaçı və onun vəkilinin dəlilləri bundan ibarət olmuşdur ki, cavabdehin iddiaçıya qarşı etinasız və soyuq münasibəti, xəstəliyi ilə maraqlanmaması, evindən uzaqlaşdırması, nəvələrini ondan soyutması kimi hallara əsasən bağışlamaqdan imtina üçün əsaslar yaranmışdır.

22. Belə olan halda, ilk növbədə, əqdin etibarsızlığına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız sayılması üçün əsas yoxdur. Çünki, bağışlama müqaviləsi üzrə müqavilənin elementlərinin hər-hansı birinin qüsurlu olması müəyyən edilməmişdir. İddiaçı belə halı əsaslandıra və sübuta yetirə bilməmişdir.

23. Belə ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair öz iradəsi əsasında sərəncam verərək oğluna bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak onun adına qeydə alınmışdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, , vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

24. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının aldadılması, etibarından sui-istifadə edilməsi, zorakılıq, hədə-qorxu və ya ağır şərtlə müqavilənin bağlanması halı müəyyən edilməmişdir. Odur ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas olmadığından bu barədə iddia tələbi təmin edilə bilməz.

25. Məhkəmə hazırkı mübahisəyə “bağışlamaqdan imtina” institutunun tələbləri baxımdan da hüquqi qiymət verərək aşağıdakıları qeyd edir.

26. Bağışlama müqaviləsi həm real, həm konsensual müqavilə növündə bağlana bilər. Mülki Məcəllənin 668-ci maddəsindən aydın olur ki, bağışlama ilə bağışlama vədi fərqli müqavilələr olmaqla, birincisi real, ikincisi isə konsensual müqavilədir. Yəni bağışlama müqaviləsi ilə hüquq və öhdəliklər hədiyyə alan hədiyyəni qəbul edərək zənginləşdikdə (MM 668.1.1-668.1.4-cü maddələr), gələcəkdə bağışlama vəd edildikdə isə hüquq və öhdəliklər müqavilənin bağlandığı andan əmələ gəlir (MM 668.1.5).

27. Tərəflər arasında bağışlama müqaviləsi bağlandığı və torpaq sahəsi artıq cavabdehin mülkiyyətinə keçdiyi üçün burada “bağışlama vədinin ləğvi və ya icrasında imtina”dan, yəni Mülki Məcəllənin 673.2-ci maddəsindən söhbət gedə bilməz. Odur ki, məhkəmə iddiaçının “vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə (MM 673.2.2); vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda (MM 673.2.3)” ilə bağlı dəlillərini araşdırmır.

28. İddia ərizəsindən, izahatlardan və iddiaçının istinad etdiyi hallardan görünür ki, iddiaçı mahiyyət etibarilə “bağışlamaqdan imtinanı” əsaslandırmağa çalışdığından, mübahisəyə Mülki Məcəllənin 673.1-ci maddəsinin tələbləri üzrə hüquqi qiymət verilməlidir.

29. Mülki Məcəllənin 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinasının 3 əsasını müəyyən edir: 1. hədiyyə alanın hədiyyə verənə və ya onun yaxın qohumuna qarşı ağır cinayət törətməsi, 2. hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması və ya 3. bağışlama ilə bağlı öhdəliklərin əsassız olaraq icra olunmaması.

30. Birinci halın baş verməməsi işin mübahisəsiz halıdır.

31. Üçüncü hala münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə kimi müəyyən edilmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması onda ifadə olunur ki, hədiyyə alan hədiyyənin müqabilində hədiyyə verənin bəhrələnməsinə və ya hər hansı maddi təminat əldə etməsinə yönələn öhdəliklər daşımır və belə öhdəliyin nəzərdə tutulması istisna edilir. Bununla belə, Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

32. İddiaçı tərəf müqavilənin şərtlə bağlandığını bildirmiş və “cavabdehin mənim xəstəliyimlə bağlı əməliyyatımdan sonra mənə baxması müqabilində müqaviləni bağlamışam” ifadəsi işlətmişdir (MM 673.1.3). Lakin müqavilənin məzmununda onun hər hansı şərt və ya öhdəliklərin icra olunmasından asılı edilməsi halı müəyyən edilməmiş, iddiaçı bu barədə sübut təqdim etməmiş və cavabdeh müqavilənin hər hansı şərtlə bağlanmadığını bildirərək iddiaçının bu dəlilini təkidlə inkar etmişdir. Odur ki, bağışlamaqdan imtinanın həmin halının da hazırkı mülki işdə yaranmadığı müəyyən edilmişdir.

33. İkinci hala (MM 673.1.2) münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir:

34. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: - uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); - valideynlərin uşaqların əsas ümumi təhsil almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1, 60.2-ci maddələri)...

35. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir.

36. Odur ki, məhkəmə bu istiqamətdə araşdırma apararaq müəyyən etmişdir ki, tərəflər arasında ailə münasibətlərinin soyuq olması, ünsiyyətin kəsilməsi işin həqiqi halıdır. Lakin bu halın məhz cavabdehin ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələrini kobud pozmasından deyil, tərəflərin həyata baxışlarının, xarakterləri və dünyagörüşlərinin fərqli olmasından qaynaqlanması barədə məhkəmədə daxili inam formalaşmışdır.

37. Belə ki, iddiaçı oğlunun onun qayğısına qalmaması, onunla maraqlanmaması, oğlunun öz atası ilə münasibətinin yaxşı olmasına baxmayaraq onunla səmimi olmaması, torpaq sahəsinə və evə onu buraxmaması, gəlini ilə münasibətlərinin pis olması, danışmadıqları, nəvəsinin toyuna dəvət edilmədiyi, nəvələrinin onun zənginə cavab vermədiyini, artıq yaşlandığı üçün oğlundan maddi dəstək gözlədiyini, lakin oğlunun onun evinə bir çörək belə almadığı, gəlib-getmədiyi, yaşlananda oğlunun ona baxmayacağı hallarına istinad etmişdir.

38. Cavabdeh münasibətlərinin soyuq olmasını, anasıgilə getmədiyini, hər hansı maddi köməklik göstərmədiyini qəbul etmiş, lakin bunun iddiaçının davamlı təzyiqləri, onun ailəsinə müdaxilə etməsi nəticəsində baş verdiyini, anası ilə atasının çoxdan ayrılaraq hər ikisinin başqa şəxslərlə ailə həyatı qurduqlarını, öz həyat yoldaşını da anası ilə anasının həyat yoldaşının öz işlədikləri yerdən seçərək elçi getdiklərini, lakin ailə qurduqları günün səhərindən qayınana-gəlin arasında konfliktlərin başladığını, özünün isə anası ilə yola getmələri üçün evində dava salıb ailəsini məcbur edəcək xarakterdə insan olmadığını; əvvəllər hər cümə günləri anası ilə görüşmək üçün onun evinə getdiyini, lakin anasının “sən necə kişisən ki, arvadını yanıma gətirə bilmirsən” gileylərindən təngə gəlməsini; özünün uşaqlarından birinin toyu, oğlunun xaricdə təhsili və əsgərliyə getməsi məsələsi, yəni daxili ailə qayğıları ilə məşğul olduğunu, daimi işinin olmadığını, anasının isə pensiya aldığını, anasına qarşı aliment öhdəliyinin olmadığını, anasının onun maddi dəstəyinə ehtiyacının olmadığını; bağışlanan torpağa gəldikdə isə anasının evləndikdən sonra ona mənzil verdiyini, sonra həmin evi sataraq mübahisə predmeti olan torpaq sahəsini özünün aldığını və üzərində indi yaşadığı evi inşa etdirməyə başladığını, lakin torpağı 2014-cü ildə anasının adına özünün könüllü keçirtdiyini, indin də anasının həmin torpağı ondan almaq istədiyini, torpaq üzərində 150,5 kv.metr sahədən ibarət evin tikintisə 100.000 manatdan çox xərc çəkdiyini, anasının həmin evə xırda köməklik göstərdiyini, həmin evdə hazırda ailəsi ilə birlikdə yaşadığını, evin onun rəsmi mülkiyyətində olduğunu; evə buraxmamaq məsələsində isə həmin gün ata bir qardaşının onlarda olduğunu, anasının isə qızı və nəvəsi ilə birlikdə onlara gəldiyini, anasını qarşılayıb evə dəvət etdiyini və bu vaxt yoldaşının əsəbləşdiyini, buna görə, qardaşının sonuncunu evdən çıxarıb apardığını, bundan sonra isə anasının yenə onu danlamağa başladığını, nəticədə onun buna dözməyərək anasına “evə hər gələndə problem yaradacaqsansa gəlmə” dediyini, lakin anasını qovmadığını; övladının toyuna çağırmaması məsələsinə gəldikdə isə əvvəllər oğlunun kiçik toyunda yoldaşının yaxınlaşaraq iddiaçı ilə öpüşüb görüşmək istəyəndə anasının onu itələyərək toyda skandal yaratdığını, bundan başqa, anasının onun digər övladının toyuna çağırılsa da gəlmədiyini, məhz bu hadisələrdən sonra anasını toya çağırmamaq qərarına gəldiklərini; nəvəsinin iddiaçının zənginə cavab verməməsi ilə bağlı isə uşaqlarının birinin xaricdə təhsil aldığını, daha sonra əsgərlik məsələsi ilə bağlı məşğul olduğu bir vaxtda iddiaçının onlara zəng edərək həmişə atalarının əleyhinə gileyləndiydən, konfliklərdən danışdığını, uşaqların dünyagörüşünün fərqli olduğunu, belə hadisələrin onlara pis təsir etdiyini; məhkəmə araşdırması gedişində də anasıgilə gedərək barışmağa cəhd etməməsinin səbəbinin anasının bunu gələcəkdə ona qarşı istifadə edərək müqavilənin pozulmaması üçün barışdın deməklə ittiham edəcəyini, ümumiyyətlə bağışlamadan imtinanı da ona qarşı şantaj vasitəsi kimi istifadə etdiyini bildirmişdir.

39. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda ana və oğul arasında yaranmış münasibətlər dünya görüşü, dəyərlərin mühakiməsi kimi mövzularda fərqli yanaşmaların olması, qarşılıqlı olaraq anlaşmanın əldə edilməməsi və doğru ünsiyyətin qurulmaması nəticəsində yaranmışdır. Belə ünsiyyət modeli bağışlama müqaviləsindən sonra cavabdehdə anasına qarşı qəfil baş verən laqeydliyi və ya hədiyyə alanın hədiyyə verənə qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi nəticəsində baş verməmiş, illər ərzində qarşılıqlı hərəkət və hərəkətsizlik nəticəsində formalaşmaqla tərəfləri xarakterizə edən hala çevrilmişdir.

40. Odur ki məhkəmə, oğul ilə ana, qayınana ilə gəlin arasında baş verən bu klassik ailədaxili narazılığı “hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobud pozması” kimi qiymətləndirməməklə, cavabdeh tərəfindən iddiaçıya fiziki və psixoloji zərər vurulması halının sübut edilməməsi, cavabdehin ona bağışlanmış torpaq sahəsi üzərində artıq ev tikərək ailəsi ilə birlikdə orada yaşaması, daşınmaz əmlaka dair vahid sənəd prinsipi üzrə çıxarış əldə etməsi, eləcə də, iddiaçının tənha yaşamaması və bununla da, oğlunun daimi yardımına möhtac olması halının indiki işdə mövcud olmaması, cavabdehin isə öz ailəsinə və uşaqlarına baxmaq öhdəliklərinin də olmaqla anasına maddi yardım göstərə bilməməsinin hazırkı şəraitdə ağlabatan olması kimi halları birlikdə nəzərə alaraq hesab edir ki, hazırkı mülki işin hallarının iddiaçının torpaq sahəsinin bağışlanmasından imtinası üçün əsas verdiyi qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

41. Bununla yanaşı, Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulan bir illik müddətə riayət edilməsi məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin maddə bildirişin hədiyyə alana göndərilməsi üçün bağışlamaqdan imtina barədə əsasın hədiyyə verənə məlum olduğu gündən etibarən bir illik kəsici müddət müəyyən etmişdir. Yəni, əsasın hədiyyə verənə məlum olmasından bir il ərzində ərzində imtina haqqında bildiriş hədiyyə alana göndərilmədiyi halda hədiyyə verən imtina hüququnu itirir.

42. İş materiallarına pretenziya məktubu əlavə edilmiş, iddiaçı oğlunun onu evindən çıxartdığı gündən (2024-cü ilin fevral ayı) bağışlama üçün əsasın ona məlum olduğunu bildirmişdir. Lakin həmin bildirişin cavabdehə çatması barədə sübutlar işə əlavə edilməmiş, eyni zamanda, cavabdeh ona belə bir bildiriş gəlmədiyini qeyd etmişdir. Məhkəmə tərəflər arasındakı münasibətlərin soyuq olmasının bağışlama müqaviləsindən sonra yaranmamasını, əvəllər də münasibətlərin gərgin olmasının məhkəmə araşdırması nəticəsində müəyyən olmasını, bununla da, bir illik müddətin axımının başlanması tarixi ilə bağlı sübutetmə yükünün iddiaçı tərəfindən yerinə yetirilmədiyini, eyni zamanda bildirişin hədiyyə alana çatdırılmasına dair sübutların əlavə edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə bağışlamadan imtina bildirişi üçün nəzərdə tutulmuş kəsici müddət də hədiyyə verən tərəfindən ötürüldüyündən, onun bu hüququ itirilmişdir.

43. Gösərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, iddia tələbinin Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsi bağışlamaqdan imtina barədə tələbdən törəmə tələb olduğundan yuxarıdakı tələblər təmin edilmədiyi üçün sözügedən çıxarışın ləğvi üçün qanuni əsaslar müəyyən edilməmişdir.

44. Bundan başqa, iddia tələbinin cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı irəli sürülsə də, həmin orqanlar hazırkı iddia tələbinə cavab verən şəxs qismində çıxış etmirlər, həmçinin, iddia tələbləri rədd edildiyindən onlara qarşı hər hansı vəzifənin həvalə edilməsi məsələsi yaranmır. Məhkəmə xərcləri

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu (qiymətləndirilməyən iddialar üzrə) ödənilmişdir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbinə əsasən iddia təmin edilmədiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir.

47. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin etibarsız hesab olunması və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh1 verilmiş çıxarışının ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar