Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2039/2021 13.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 Kəmaləddin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 Kəmaləddin oğluna və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə qarşı «mənzil kirayə müqaviləsinin ləğvi, cavabdehin mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma və iddiaçının istifadə (yaşayış) hüququ tanınmaqla mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Kəmaləddin oğluna və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə qarşı «mənzil kirayə müqaviləsinin ləğvi, cavabdehin mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma və iddiaçının istifadə (yaşayış) hüququ tanınmaqla mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.08.2020-ci il tarixdə Cavabdeh1 Kəmaləddin oğlu ilə Bakı şəhəri ünvan 1 ünvanına dair bağlanmış mənzil kirayə müqaviləsinin ləğv edilməsi; Cavabdeh1 Kəmaləddin oğlunun Bakı şəhəri ünvan 1 ünvanından istifadə hüququna xitam verilməklə çıxarılması; Bakı şəhəri ünvan 1 ünvanına dair onunla mənzil kirayə müqaviləsi bağlanması; onun və onunla birlikdə yaşayan 3 azyaşlı uşaqlarının Bakı şəhəri ünvan 1 ünvanından yaşayış və istifadə hüquqları tanınmaqla mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1991-ci ildə Ağdam rayonunda doğulmuşdur. 1993-cü ildən məcburi köçkündür, 1995-ci ildən 2017-ci ilədək ünvan 3 ünvanda məcburi köçkün kimi qeydiyyatda olmuşdur. 2017-ci ildən Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 1, AZMİU-nun 5 saylı yataqxanasına qeydiyyata düşmüşdür. 2011-ci ildə Ağdam rayonundan məcburi köçkün olan Cavabdeh1 Kəmaləddin oğlu ilə rəsmi qaydada ailə qurmuşdur, birgə nikahlarından 3 qızları doğulmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulub və uşaqlar onun yanında saxlanılıb. 31.08.2020-ci il tarixdə ailə tərkibləri, 3 azyaşlı övladı nəzərə alınmaqla Bakı şəhəri ünvan 1 onlara müvəqqəti yaşamaq üçün verilmişdir. Lakin həmin dövrdə onların ailə münasibətləri pozulmuşdur, nikahlarının pozulması məhkəmə prosesində idi. O və övladları bir gün belə həmin mənzildə olmamışlar, cehiz və digər məişət əşyaları Yasamal rayonundakı yataqxanadadır. Hazırda Bakı şəhəri ünvan 1 ünvandakı mənzildə əvvəlki həyat yoldaşı Cavabdeh1 və onun münasibətdə olduğu, məcburi köçkün olmayan Qax rayon sakini X3 yaşayır. O isə 3 azyaşlı övladı ilə birlikdə ünvan 5 ünvanda kirayədə yaşayırlar. Qeyd edir ki, Cavabdeh1 «Qobu Park 3» yaşayış kompleksi bina 33 mənzil 55 ünvandakı həmin mənzili təyinatı üzrə istifadə etmir, orada əxlaqsız qadınlarla seksual hərəkətlərlə məşğuldur. Digər tərəfdən cavabdeh 2006-cı ildə Ağdam rayonu Dördyol qəsəbəsində atası X1 ailə tərkibində dövlət tərəfindən evlə təmin edilib və Cavabdeh1 orada qeydiyyatdadır. Cavabdehlə ailəli olduğu zaman Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 1, AZMİU-nun 5 saylı yataqxanasında yaşamışlar və sonuncu dəfə 03.07.2019-cu il tarixdə cavabdeh onunla münaqişə edərək onu bıçaqlamış, elə həmin tarixdən də o və uşaqları həmin mənzildən dərhal çıxmışlar. Faktla bağlı hazırda Yasamal RPİ-də cinayət işi başlanaraq istintaq aparılır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 Kəmaləddin oğlu iddia ərizəsinin məzmunu ilə razı olmadığını, iddianı qismən qəbul etdiyini qeyd edərək izahatında bildirdi ki, iddiaçının övladları ilə mənzilə istifadə hüququnun tanınması və köçürülməsinə etiraz etmir. Lakin qalan hissədə iddianın rədd edilməsini xahiş edir. Çünki, qalan hissədə iddia əsassızdır. Onunla bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə, icarə müqaviləsinin iddiaçının adına bağlanmasına, onun mənzildən çıxarılmasına heç bir qanuni əsas mövcud deyil. Bu səbəbdən, məhkəmədən iddianın qismən təmin edilməsi, iddiaçının övladları ilə mübahisəli mənzildən istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülməsi, qalan hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, tərəflər 15.03.2011-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 16 saylı akt qeydi ilə nikah bağlayaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahdan üç övladı doğulmuşdur. Tərəflərin ailə münasibətləri pozulduğundan, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22.02.2021ci il tarixli 2(002)-310/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaqların atasından uşaqların anasının xeyrinə sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 14.07.2020-ci il tarixli 33/55 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu Park 3 yaşayış kompleksində yerləşən 33 saylı binanın 55 nömrəli 3 otaqlı mənzili 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, iki qızı – Fatimə, Safiya) Cavabdeh1 Kəmaləddin oğluna kirayə verilmişdir. Cavabdehə 3 otaqlı mənzil icarəyə verilərkən, onun ailə üzvlərinin sayı nəzərə alınmışdır. Mənzil icarəyə verilərkən, icarə müqaviləsində həmin mənzildən istifadə etməyə hüququ olan şəxslərin dairəsi göstərilmişdir. Həmin şəxslərin dairəsinə iddiaçı və tərəflərin birgə nikahdan doğulan övladları da daxildir. Cavabdeh1 Kəmaləddin oğlu iddianı iddiaçının və övladlarının mənzildən istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülməsinə dair hissədə iddianı qəbul edir. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı yuxarıda qeyd olunan hissədə etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın həmin hissədə təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Çünki, iş materiallarından göründüyü kimi, mənzilin icarədarı olan Cavabdeh1 Kəmaləddin oğlu müqavilə şərtlərinə riayət etmiş, müqavilə şərtlərini pozmamışdır. Xüsusi təyinatlı mənzilin icarəyə verilməsi barədə müqavilənin ləğv edilməsi, həmçinin cavabdehin mənzildən çıxarılması üçün heç bir qanuni əsas mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı övladları 16.01.2012-ci il təvəllüdlü X6, 06.12.2013-cü il təvəllüdlü X7 və 03.03.2017-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi «Qobu Park 3» yaşayış kompleksi 33 saylı binanın 55 saylı mənzilindən istifadə hüquqları tanınmaqla, onlar həmin mənzilə köçürülməlidirlər. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı övladları 16.01.2012-ci il təvəllüdlü X6, 06.12.2013-cü il təvəllüdlü X7 və 03.03.2017-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Qobu Park 3» yaşayış kompleksi 33 saylı binanın 55 saylı mənzilindən istifadə hüquqları tanınmaqla, onlar həmin mənzilə köçürülsünlər. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2039/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2039/2021
13.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver