Məhkəmə qərarları › İş №2(103)-9747/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9747/2021

22.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9747/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 Kəmaləddin oğluna qarşı “mənzil kirayə müqaviləsinin ləğvi, cavabdehin mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması, iddiaçının mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 3” yaşayış kompleksi, bina № 33-də yerlşən 55 №-li mənzilə (bundan sonra – mənzil) dair cavabdeh ilə bağlanmış mənzil kirayə müqaviləsi ləğv edilsin, cavabdehin mənzildən istifadə hüququna xitam verilsin, cavabdeh mənzildən çıxarılsın, mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlansın, iddiaçı və onun 3 azyaşlı uşağının mənzilə yaşayış və istifadə hüququ tanınsın və onlar mənzilə köçürülsün. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, iddiaçının və onun 3 uşağının mənzilə istifadə hüququ tanınsın və onlar mənzilə köçürülsün, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin bir hissəsi - iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmaldır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər keçmiş ər-arvaddır. Onların nikahı 15.03.2011-ci il tarixdə bağlanıb, 22.02.2021-ci il tarixli qətnamə ilə pozulub. Nikahdan 3 uşaq var. Uşaqlar 2012, 2013 və 2017-ci il təvəllüdlüdür. Mənzil məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsinə aidir, bu fond isə xüsusi təyinatlı mənzil fonduna daxildir. 14.07.2020-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Deprtamenti (kirayəyə verən) ilə cavabdehin (karayəçinin) arasında mənzilə dair 33/55 nömrəli kirayə müqaviləsi bağlanıb. İddiaçı və 3 uşaq həmin müqavilədə kirayəçinin ailə üzvləri kimi göstərilib. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvinin əsaslarını Mənzil Məcəlləsinin 100-cü maddəsi müəyyən edib. Hazırkı işdə həmin əsaslar mövcud deyil. Ona görə də kirayə müqaviləsinin ləğv edilməsi barədə tələb təmin edilə bilməz. Bu tələb təmin edilmədiyinə görə həmin tələbdən asılı olan digər tələblər - cavabdehin (kirayəçinin) mənzildən çıxarılması və mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanması barədə tələb də təmin edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar