Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2063/2022 10.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə qeyri-rəsmi nikahla ailə qurmuşdur. Birgə nikahdan doğulmuş iki uşaqları var. Cavabdehlə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan kəskinləşmiş, xasiyyətlərində uyğunsuzluq yaranmışdır. Cavabdeh həyat yoldaşı kimi ona hörmət etmir, ailənin saxlanması üçün heç bir müsbət davranış göstərmir. Uşaqlar onun himayəsindədir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, yazılı şəkildə iddiaya təqdim etdiyi etirazda qeyd edilənləri təkrarlamaq istəmir. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Onun ailəsi və bir övladı var. Ondan iddiaçının tələb etdiyi miqdarda aliment tutulacağı təqdirdə ailəsi və bir övladının maddi vəziyyəti ağırlaşacaq. O, hər bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment ödəyə bilər. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin faktiki münasibətlərindən doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı iki azyaşlı uşaqları vardır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh bir valideyn kimi uşaqların saxlanılması üçün uşaqlar qarşısında olan maddi öhdəliklərini yerinə yetirmir. Məhz bu səbəbdən, iddiaçı uşaqlarının maddi qayğılarını dilə gətirərək, hər ay yaşayış minimumu həddində aliment tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, o, X5 ilə 04 avqust 2015-ci il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində 576 saylı akt qeydi ilə nikah bağlayaraq ailə qurmuşdur, bu nikahdan doğulmuş 04 iyul 2016-cı il təvəllüdlü X6 adlı bir azyaşlı uşağı var, "xxxx" MMC-də təmizlik üzrə nəzarətçi vəzifəsində işləyərək aylıq əmək haqqı vergilər daxil 450 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçının hazırkı iddia tələbində qeyd edilən iki övladından başqa, rəsmi nikahdan doğulmuş daha bir övladı var, həmin övladının və ailəsinin qayğılarının da həll edilməsi vəzifəsi onun üzərinə düşür. Bu səbəbdən, cavabdehdən daha artıq məbləğdə aliment tutulması üçün obyektiv əsaslar mövcud deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2063/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2063/2022
10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver