Məhkəmə qərarları › İş №2(002)-2085/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2085/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2085/2020 25.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, tərcüməçi X8, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X9, Cavabdeh2, Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X7, cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinin (kontorunun) nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 8 saylı notariat kontoruna, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışların ləğvi, miras əmlaka payların qanun üzrə vərəsələr arasında bərabər müəyyən edilməsi tələbləri barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 8 saylı notariat kontoruna, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışların ləğvi, miras əmlaka payların qanun üzrə vərəsələr arasında bərabər müəyyən edilməsi tələbləri barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 4 saylı evin 2 saylı mənzilinə dair Bakı şəhəri 8 saylı notariat kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx xxxxxxx 2012-cil il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh1 adına verilmiş çıxarışın və xx xxxxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 4 saylı evin 2 saylı mənzilindən mərhum X5 məxsus ½ payın onun qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1 və İddiaçı arasında bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 4 saylı evin 2 saylı mənzilinə dair Bakı şəhəri 8 saylı notariat kontoru tərəfindən anası Cavabdeh2 və bacısı Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx xxxxxxx 2012-cil il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh1 adına verilmiş çıxarışın və xx xxxxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, mərhum X3 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 4 saylı evin 2 saylı mənzilinin mərhumun qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1 və İddiaçı arasında bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 4 saylı evin 2 saylı mənzili mərhum atası X5 məxsus olmuşdur. Atası xx xxx 2006-cı il tarixdə vəfat etmişdir. O isə illərlə Rusiya Federasiyasında yaşamış, sənədlərində problem olduğu üçün vaxtında Bakıya gələ bilməmişdir, bir neçə il əvvəl Azərbaycan Respublikasına qayıtmışdır. Atası vəfat etdikdən sonra onun xəbəri olmadan atasına məxsus olan mənzil ½ hissədə bacısı Cavabdeh1, ½ hissədə anası Cavabdeh2 mülkiyyətinə keçmişdir. Onun isə bundan heç bir xəbəri olmamış, bu yaxınlarda onun payının qanunsuz olaraq mənimsənilməsindən xəbər tutmuşdur. Bundan xəbər tutana qədər isə mənzilin ½ hissədə mərhum atasının, ½ hissədə anasının adına olduğunu, vərəsəlik işinin açılmadığını bilmişdir. Belə ki, evdə olan xx.xx.2012-ci il tarixli çıxarışda mənzilin mülkiyyətçiləri kimi hər biri ½ payla anası və mərhum atası qeyd olunmuşdur. Sonradan xx.xx.2020-ci ildə yeni çıxarış alınan zaman mənzilin anası və bacısına məxsus olduğunu bilmişdir. Bu haqsızlığı öyrənən kimi bir ay keçməmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin öyrənmişdir ki, anasına notariat kontorunda müəyyən sənədlərə imza etdirmişlər. Anası həmin sənədlərin mahiyyətini və məzmununu bilməsə də, qızı Tatyanaya və notariusa inanıb imzalamışdır. Tatyananın mülkiyyətçi olduğunu anası bilməmiş, mənzilin yarısının onun adına keçdiyini, yarısının mərhum ərinin adında qaldığını hesab etmişdir. Həmçinin notariat kontorunda Azərbaycan Respublikasında olmadığı üçün onun vərəsə kimi varlığı barədə heç bir məlumat verilməmişdir. Nəticə olaraq, 2012-ci ildə Bakı şəhəri 8 saylı notariat kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Anasına verilən şəhadətnamədə qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 4 saylı evin, 2 saylı mənzilinə ½ hissədə payçı anasıdır, digər ½ hissə isə açıq saxlanılmışdır, görünür daha sonra bacısı Tatyana digər ½ hissədə paya sahib olmuşdur. Bundan sonra onlar daşınmaz əmlak üzərində hüquqları rəsmiləşdirilməklə paylı mülkiyyət hüququ üzrə müvafiq çıxarışlar almışlar. O, mərhum atasının vərəsəsi olmaqla daimi olaraq həmin evdə qeydiyyatda olsa da vərəsəlik işi barədə ona heç bir məlumat və ya çağırış verilməmiş, heç bir prosesdən xəbəri olmamış, yalnız bu yaxınlarda vərəsəlik işinin açıldığını, anası və bacısının mübahisəli mənzilə bərabər paylarının olduğunu, vərəsə kimi öz hüquqlarının pozulduğunu bilmişdir. Əvvəlcə mənzilin birgə nikah dövründə əldə edildiyini fikirləşərərk yalnız ½ payı mübahisələndirmiş, lakin məhkəmə baxışı zamanı arxiv sənədlərinə əsasən mübahisəli mənzilin atasının adına özəlləşdirildiyini və yalnız atasına məxsus olduğunu öyrənmiş, bu səbəbdən iddia tələblərini dəqiqləşdirmişdir. Əslində atası sağlığında mənzilin ona qalmasını istədiyini bütün ailə üzvlərinə bildirmişdi, bacısı ilə isə qətiyyən yola getmirdi. Hazırda bacısı anası ilə də yola getmir, ona baxmır və evdən çıxarmağa çalışır. Anasına faktiki özü baxır, halbuki onun mənzil üzərində payı haqsız olaraq mənimsənilmişdir. Hesab edir ki, həm qanun, həm ədalət baxımından atasından miras qalmış mənzilə qanun üzrə vərəsələrin hər birinə 1/3 hissədə olmaqla bərabər pay hüququ müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X11 iddiaçının izahatına uyğun izahat verdi və iddia tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahat verərək bildirdi ki, o, iddia tələblərini qəbul edir. Belə ki, mərhum həyat yoldaşı X6 2006-cı ildə vəfat etdikdən 6 (altı) il sonra, yəni 2012-ci ildə vərəsəlik işi ilə bağlı o və qızı Tatyana Bakı şəhəri 8 saylı notariat kontoruna müraciət etmişlər. Həmin vaxt onlar notariusda oğlunun varlığını gizlətmişlər. Çünki, həmin vaxt qızı gələcəkdə onun 1/2 hissədə payının oğluna qalacağını və buna etiraz etməyəcəyini bildirmişdir. Ona notariat kontorunda müəyyən sənədlərə imza etdirmişlər. O, həmin sənədlərin mahiyyətini və məzmununu bilməsə də, qızına və notariusa inanıb imzalamışdır. Sənədləşmələrin nəticəsi olaraq aldığı çıxarışda 1/2 hissə onun, 1/2 hissə isə mərhum həyat yoldaşının payı kimi göstərilmişdir. X1yıtdıqdan sonra evdə daim həmin çıxarışı görmüşdür. Oğlunun 2012-ci ildə vərəsəlik işinin açılmasından, mərhum atasının miras payının qızı ilə onun arasında bölünməsindən xəbəri olmamışdır. O, özü mənzilə dair yeni çıxarışı xx.xx.2020-ci il tarixdə almışdır. Bu yaxınlarda qızı ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən və yeni çıxarışı aldıqdan sonra baş verənlərdən xəbər tutmuşdur. Həqiqət naminə bildirmək istəyir ki, əri sağlığında mənzilin oğluna qalmasını istəmiş, qızı ilə qətiyyən yola getməmişdir. Oğlu sənəd probleminə görə vaxtında Bakıya gələ bilməmiş, nəticədə mirasdan haqsız olaraq məhrum olmuşdur. Hazırda qızı onunla da yola getmir. Yuxarıda qeyd olunanlara əsasən, iddianın əsaslı hesab edilməklə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X10 izahat verərək bildirdi ki, iddia tələblərinə qəti etiraz edir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının vərəsə kimi həmin mənzilə hüquqları miras qoyan, yəni atası X4 öldüyü xx xxx 2006-cı il tarixdə yaranmış və 6 (altı) ay müddətində davam etmişdir. Bu müddət ərzində iddiaçı qanunvericiliyin tələbinə əsasən ya miras açıldığı yer üzrə notariat kontoruna müraciət etməli, ya da əmlakı faktiki qəbul etməsini nümayiş etdirməli idi. İddiaçı bunlardan heç birini etməmiş, ümumiyyətlə 25 ildən artıq bir zamanda notariat kontoruna nə mirasın qəbul edilməsi, nə də miras əmlakdan imtina etməsi ilə bağlı müraciət etmişdir. Atası 2006-cı ildə vəfat etsə də, onun hüzrünə gəlməmiş, 25 ildən artıq müddətdə Rusiya Federasiyasında yaşamış, bir dəfə də olsun Azərbaycana gəlməmişdir. İddiaçının mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsinə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək hüququnu həyata keçirməyə mane olan hallar ümumiyyətlə nə iddia ərizəsində göstərilmiş, nə də iş materialları ilə sübut olunmuşdur. Qeyd edir ki, mirasın qəbulu dedikdə vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən müxtəlif hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmakın saxlanılması və normal təsərrüfat aparılması üçün edir: mirası lazımı vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir və s. İddiaçı qanunla göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə həmin hüququnu itirmişdir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, miras qoyanın vəfatından sonra mirası faktiki olaraq iddiaçının anası və bacısı olan digər vərəsələr qəbul etmiş və idarə etmiş, iddiaçı müddətləri ötürdükdən sonra mənzilin hazırki mülkiyyətçisi olan cavabdehlərin razılığı əsasında mənzilə qeydiyyata düşməklə yaşayır ki, bu da mirası qəbul etmə kimi qəbul edilə bilməz. Digər tərəfdən, iddiaçının 2012-ci ildən mənzilin kimlərin mülkiyyətində olduğundan məlumatı olmuşdur. Hesab edir ki, iddiaçının hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığı kimi, o, istər əqdin etibarsızlığı, istərsə də miras əmlaka payın tanınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürmüşdür. İddia müddətinin tətbiqi barədə ərizə təqdim etməklə Cavabdeh1 münasibətdə iddianın əsassız hesab edilməklə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinin (kontorunun) etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iş materialları ilə tanış olmuşdur. İş materiallarından və izahatlardan aydın olur ki, vərəsəlik işi açılanda iddiaçı Bakıda olmamış və onun varlığı cavabdehlər tərəfindən notariusa bildirilməmiş, ona görə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qanuna uyğun olaraq cavabdehlərə verilmişdir. Ona görə də iddia üzrə notariusun hərəkətlərində hər hansı nöqsan yoxdur, yaranmış problem tərəflərin ailə münasibətləri ilə bağlıdır. Qeyd olunanlara əsasən, mübahisənin məhkəmənin mülahizəsinə görə həll edilməsini xahiş edir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 193135 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxx 2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx xxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2006cı il tarixdə ölmüş X4 vərəsəsi ünvan 2 mənzil 2 ünvanında yaşayan həyat yoldaşı Cavabdeh2dır və o, həmin mənzildən ibarət miras əmlakdan ½ hissədə pay almalıdır, ½ hissə açıq saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 2 saylı mənzil Cavabdeh2 və X4 hər birinin ½ payı olmaqla xüsusi mülkiyyətlərindədir və bu barədə 1723 nömrəli reyestr kitabının 158331 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx xxxxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2006cı il tarixdə ölmüş X4 vərəsəsi ünvan 2 mənzil 2 ünvanında yaşayan qızı Cavabdeh1dır və o, həmin mənzildən ibarət miras əmlakdan ½ hissədə pay almalıdır, ½ hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 2 saylı mənzil Cavabdeh2 və Cavabdeh1 hər birinin ½ payı olmaqla xüsusi mülkiyyətlərindədir və bu barədə 1723 nömrəli reyestr kitabının 158331 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 2 2 saylı mənzil Cavabdeh2 və Cavabdeh1 hər birinin ½ payı olmaqla xüsusi mülkiyyətlərindədir, Cavabdeh2 barəsində qeydiyyat tarixi xx.xx.2020-ci ildir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 4 saylı evin 2 saylı mənzili hal-hazırda mülki iş üzrə cavabdehlər Cavabdeh1 adına ½ hissədə və Cavabdeh2 Abdulovnanın adına ½ hissədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 2 mənzil 2 X4 adına xx.xx.1997-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Sözügedən mənzilin ½ hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüquqları xx.xx.2012-ci il tarixdə, digər ½ hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüquqları xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır və mənzil hazırda həmin şəxslərin mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əlavə edilən sənədlərdən görünür ki, 1997-ci il tarixli forma-2 üzrə arayışa əsasən müqavilə üzrə icarədar V.Q.Volskiy, habelə onun ailə üzvləri (hazırki iddia üzrə iddiaçı olan oğlu, cavabdehlər olan həyat yoldaşı və qızı) həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuş, mənzil onların razılığı ilə V.Q.Volskiyin adına özəlləşdirilmiş, onun vəfatından sonra yuxarıda qeyd olunan vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında müvafiq çıxarışlar verilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 mənzil 2-də yaşayış yeri üzrə qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, ünvan 2 mənzil 2 mərhum X4 mülkiyyətinə xx.xx.1997-ci il tarixdə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin (hazırki iddia üzrə iddiaçı olan oğlunun, cavabdehlər olan həyat yoldaşının və qızının) razılığı ilə özəlləşdirmə qaydasında keçmiş, X6 xx xxx 2006-cı il tarixdə vəfat etmişdir. Həmin mənzilə dair Cavabdeh2 adına xx xxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamənin əsasında xx.xx.2012-ci il tarixli çıxarış alınmış, çıxarışda mülkiyyətçilər qismində hər biri ½ payla Cavabdeh2 və mərhum V.Volskiy qeyd olunmuşdur. xx xxxxxxxx 2012-ci il tarixdə digər Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və onun əsasında xx.xx.2012-ci il tarixli çıxarış alınmışdır. Cavabdeh2 adına xx.xx.2020-ci il tarixdə alınmış çıxarışda isə mülkiyyətçilər qismində hər biri ½ payla Cavabdeh2 və Cavabdeh1 qeyd olunmuşdur. Hazırda iddiaçı özəlləşmədən əvvəl və indi yaşayış yeri üzrə qeydiyyatda olduğu, atasından miras qalmış mənzilə dair qanun üzrə vərəsəlik hüququnun pozulduğunu və verilən sənədlərin qanunsuz olduğunu iddia etməklə, həmin miras əmlaka dair qanun üzrə vərəsələrin bərabər həcmdə (hər birinə 1/3 hissədə) paylarının müəyyən edilməsini tələb etməkdədir. Cavabdeh2 iddia tələbini etiraf etdiyi barədə yazılı ərizə təqdim etmiş, digər Cavabdeh1 isə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 etirazının və iddia müddətinin tətbiqi barədə ərizəsinin dəlillərini tədqiq edərək məhkəmə müəyyən edir ki, həmin dəlillər iş materialları və tərəflərin izahatları ilə təkzib olunur, həmçinin həmin dəlillər qanuni və ədalətli hesab oluna bilməz. Belə ki, mirasın açıldığı vaxtda iddiaçının Bakıda olmadığı, onun Bakıya bir neçə il əvvəl gəldiyi tərəflər arasında mübahisəsizdir. Digər tərəfdən, vərəsəlik işinin 2012-ci ildə açılması, Cavabdeh2 iddianı etiraf etməsi və onun izahatında notariusdan iddiaçının varlığının gizlədildiyinin qeyd olunması, xx.xx.2012-ci il tarixli çıxarışda mülkiyyətçilər qismində ½ payla yalnız Cavabdeh2 və mərhum V.Volskiyin göstərilməsi, sonradan Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli çıxarışda Cavabdeh1 ½ payla mülkiyyətçi kimi qeyd olunması halları, habelə iddiaçının qanun üzrə vərəsə qismində vərəsəliyə çağırılması barədə hər hansı mötəbər sübutun olmadığı, onun Bakıya qayıtdıqdan sonra mirasın artıq bölüşdürüldüyü, mübahisəyə əsas olan halların isə xx.xx.2020-ci il tarixli çıxarış əldə edildikdən sonra ortaya çıxdığı nəzərə alınaraq, iddia əsaslı hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ bəndinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Həmin Məcəllənin 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən, əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən, əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. X12 Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə (xüsusilə Delkur Belçikaya qarşı işi üzrə xx.xx.1970-ci il tarixli, Piersack Belçikaya qarşı işi üzrə xx.xx.1982-ci il tarixli, X13rşı işi üzrə xx.xx.1984cü il tarixli qərarlara) əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” Qərarının 1-ci bəndinə əsasən, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 4 saylı evin 2 saylı mənzilinə dair Bakı şəhəri 8 saylı notariat kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş xx xxxxxx 2012-ci il tarixli və xx xxxxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin, həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına verilmiş xx xxxxxxx 2012-cil il tarixli, ********** qeydiyyat nömrəli və Cavabdeh2 adına verilmiş xx xxxxxx 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin, mərhum X3 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 4 saylı evin 2 saylı mənzilindən ibarət miras əmlaka onun qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1 və İddiaçı bərabər hissədə (hər birinə 1/3 hissədə) pay hüququ müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar