Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2091/2023 15.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «aliment və uşağın 3 yaşına çatanədək qulluğa görə aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı «aliment və uşağın 3 yaşına çatanədək qulluğa görə aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlə birgə nikahdan olan uşağı 04 iyul 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250(iki yüz əlli)manat sabit pul məbləğində alimentin və ona uşağın 3 yaşına çatanadək ona qulluq göstərildiyi üçün hər ay 200 (iki yüz) manat məbləğində alimentin və Mediasiya Təşkilatına ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin yarısının Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə evlənərək ailə qurmuş və nikah 20 sentyabr 2021-ci il tarixdə 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində 2486 nömrə ilə qeydə alaraq rəsmiləşdirmişdilər. Birgə nikahdan 04 iyul 2022-ci il təvəllüdlü X2 anadan olmuşdur. Ailə qurduğu ilk günlərdən münasibətləri normal olmamış, xasiyyəti uyğun gəlmədiyinə görə aralarında tez-tez söz söhbətlər yaranmışdır. Hal-hazırda o, cavabdeh şəxslə birlikdə yaşamır, 1 ildən çoxdur ki, övladı ilə birlikdə valideynlərinin yaşadığı evə köçərək orada yaşayır və uşaq da onun himayəsindədir. Uşağın saxlanılması üçün yeməyə, geyimə, müalicəyə və digər ehtiyyaclara tələbatı vardır və həmin xərclərin qarşılanmasında valideynləri köməklik edirlər. Cavabdeh şəxs isə şirkətdə işləyərək 1000 manatdan artıq aylıq qazancı olmasına baxmayaraq azyaşlı uşağının maddı təminatı ilə maraqlanmır. Belə ki, o, heç bir yerdə işləmir, yalnız körpə uşağına baxır. Uşaq körpə olduğu üçün ixtisası üzrə işləyə də bilmir və özünün də maddi təminat xərcləri vardır ki, cavabdeh şəxs bu xərclərdə də ona köməklik göstərmir. Ona görə də cavabdeh şəxsdən uşaq 3 yaşına çatanadək ona qulluq göstərdiyinə görə və işləyə bilmədiyinə görə cavabdeh şəxsdən maddi köməklik kimi alimentin tutularaq ona verilməsini də istəyir. Həmçinin, o, qanunvericiliyin tələbinə əsasən Mediasiya Şurasına müraciət etmiş və qarşı tərəf ilə ilkin mediasiya sessiyasında hər hansı razılıq olmadığına görə mediator Ədalət Əliyev tərəfindən ona "Mediasiya prosessinə xitam verilməsi haqqında Protokol” təqdim edilmişdi. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə etdi ki, iddiaçı hal-hazırda uşağı ilə birlikdə atasının evində qalır və uşaq körpə olduğundan iddiaçı işləyə bilmir və lakin cavabdeh iddiaçıya uşağın saxlanmasına maddi köməklik göstərmir.Cavabdeh özəl şirkətdə işləyir, 800 manat əmək haqqı alırsa da, şirkət satışlarından əlavə bonuslar da gəldiyi üçün qazancı ümumilikdə 1000 manat edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında izahatında iddianı qismən qəbul etdiyini, əmək haqqının 800 manat təşkil etdiyini və iddiaçıya ümumilikdə cəmi 250 manat aliment ödəyə biləcəyini bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 21 may 2023-cü il tarixdə verilmiş 3-16-5/7-M-366-6-2-2023 nömrəli nikahın bağlanması haqqında arayışından görünür ki, Cavabdeh ilə X4 arasında nikah xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət mərkəzi”-ndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində 2486 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İV seriyalı 734726 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 04 iyul 2022-ci il təvəllüdlü X2 anası- İddiaçı, atası - Cavabdehdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Mediasiya prosesinə xitam verilməsi” barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli mediasiya prosesində tərəflərin hər ikisi iştirak etməklə, tərəflər arasında ailə mübahisəsi barəsində qarşılıqlı razılıq əldə olunmamışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir Ailə Məcəlləsinin köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini təsbit edən 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mediasiya haqqında Qanun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işin hallarını, uşağın əsaslı mənafeyini, tərəflərin maddi vəziyyətini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum qərarının və Ailə Məcəlləsinin 86-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq 04 iyul 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə hər ay 220 manat və əlavə olaraq 04 iyul 2022-ci il təvəllüdlü X1 3(üç) yaşına çatana kimi saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. xx.xx.2023-cü il tarixli “Mediasiya prosesinə xitam verilməsi” barədə protokoldan göründüyü kimi, cavabdeh üzrlü səbəb olmadan mediasiya prosesində iştirakdan yayınmamışdır. Mediasiya haqqında Qanun 36.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiyaya çəkilən 50 manat məbləğində xərcin yarısı- 25 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq 04 iyul 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220(iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. xx.xx.2023-cü il tarixdən başlayaraq 04 iyul 2022-ci il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay əlavə 50(əlli) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 25(iyirmi beş) manat məbləğində mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2091/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2091/2023
15.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver