Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2092/2023 27.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi, İlk iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 3 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİ 22090 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, X3 ilə Cavabdeh arasında nikah 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 2503 nömrəli akt qeydi ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Tərlanov, arvada Tərlanova soyadı verilmişdir.
2. 3 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV 534321 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur.
İddia tələbi
3. İlk iddia tələbi üzrə İddiaçı ilk iddia tələbi üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına qədər saxlanması üçün 100 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlk iddia tələbi üzrə iddiaçı ərizəsi belə əsaslandırılmışdır ki, o Cavabdeh ilə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Faktiki nikahından xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 adlı övladı var. Ailə qurduğu gündən sonra ailə münasibətləri yaxşı olmamışdır. İki ailə arasında yaranmış münasibətlərə görə ailə dağılmış və birgə yaşamağı mümkün deyildir.Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. İlk iddia tələbi üzrə iddiaçı tələbin hüququ əsası kimi Ailə Məcəlləsinin 60, 1.3, 56.1, 78, 76, 153, 154-cü maddələrinə istinad etmişdir.
6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı ilə arasında bağlanmış 10 avqust 2017-ci il tarixli nikahının pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı iddia tələbini qəbul edir. O İddiaçı ilə 10 avqust 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan xx.xx.2020-ci il tarixdə Zeynəb adlı qızı dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ailə münasibətləri yaxşı olmuşdur. Sonradan aralarında yaranmış mübahisələr ucbatından artıq birgə yaşamağı mümkün deyildir. Bütün bunları nəzərə alaraq, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
8. Qarşılıqlı iddianın hüququ əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1, 21.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155, 156-cı maddələrinə istinad edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İlk iddia üzrə İddiaçı məhkəmənin hazırlıq iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verib iddia tələbini müdafiə edərək işlədiyini və 1000 manat əmək haqqı aldığını, lakin uşağının saxlanmasında çətinlik çəkdiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi.
10. İlk iddia üzrə Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək nikahın ləğvi hissəsində iddianı qəbul etdiyini, övladının boşanmadan sonra anası ilə saxlanmasına etiraz etmədyini, hər ay 220 manat aliment ödəyə biləcəyini bildirdi.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Konstitusiyası
11. 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
12. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
“Uşaq hüquqları haqqında” Konvensiya
13. 8-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya
14. 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
15. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
16. 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
17. 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.
18. 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
19. 21.1-ci maddəsinə əsasən, ər-arvadın nikahın pozulmasına razılığı olduqda, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.
20. 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
21. 22.2-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.
22. 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
23. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
24. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
26. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
27. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
28. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
30. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
31. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
34. İlk iddia qismən, qarşılıqlı iddia tam əsaslıdır.
35. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birdə nikahlarından bir övladı vardır. Nikah formal xarakter daşıyır və ailənin bərpasına ümid yoxdur. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ayrı yaşayırlar, ailələri faktiki olaraq dağılmışdır, hər iki tərəf nikahın pozulmasına razıdır. Bu halda, məhkəmə ailə qanunvericiliyinin tələblərini əsas götürərək hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır.
36. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladları xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 ilk iddia üzrə iddiaçının himayəsində olmaqla, onunla birlikdə yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdeh birgə nikahdan olan uşağının iddiaçının yanında və himayəsində qalmasına razı olduğunu bildirmişdir. Bu halda, məhkəmə tərəflərin birgə nikahdan olan övladının hazırda ilk iddia üzrə iddiaçının himayəsində olması, onunla birlikdə yaşaması, uşağın azyaşlı olmasını, tərəflərin bu barədə qarşılıqlı razılığını əsas götürərək hesab edir ki, tərəflərin birgə nikahdan olan övladı xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 ilk iddia üzrə İddiaçı yanında və himayəsində saxlanılmalıdır.
37. Bundan başqa, məhkəmə iddia tələbinin tərəflərin birgə nikahdan olan uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün ilk iddia üzrə cavabdehdən hər ay uşağa görə 220 manat sabit pul məbləğində aliment tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin olunmalıdır.
38. Belə ki, yuxarıda sadalanan milli və beynəlxalq hüquq normalarının tələbinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
39. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.
40. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur.
41. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.
42. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər.
43. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; sabit pul məbləğində.
44. Ailə Məcəlləsinin 78.1-ci maddəsində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsası müəyyən edilmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.
45. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi).
47. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum qərarında qeyd edilmişdir ki, məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
48. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan uşağın iddiaçının himayəsində və yanında qalması halı əsas götürülməklə, iddia tələbi alimentin tutulması hissəsində təmin edilməlidir.
49. Məhkəmə tutulacaq alimentin miqdarının müəyyən edilməsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı ilk iddia üzrə cavabdehin aylıq qazancını və digər gəlirlərini müəyyən etmək mümkün olmamış, həmçinin, ilk iddia üzrə cavabdeh özü məhkəmə iclasında uşağının saxlanması üçün hər ay 220 manat məbləğində alimenti ödəməyə razı olduğunu bildirmişdir. Bu halda, məhkəmə 2023-cü il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğunu və uşağın üstün mənafeyini, uşağın təminat səviyyəsini əsas götürərək hesab edir ki, alimentin hər ay tutulacaq məbləğinin 220 manat həddində müəyyən edilməsi məqsədəmüvafiqdir.
50. Məhkəmə həmçinin qeyd edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx.xx.2023-cü il tarixdən etibarən tutulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.
51. İddia tələbinin “tərəflərin birgə nikahdan olan uşağının üç yaşına çatanadək ana üçün 100 manat əlavə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” ilə bağlı hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, həmin tələbin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin keçmiş ər-arvadın bir-biri qarşısında aliment öhdəlikləri ilə bağlı 85.1.1-ci maddəsidir. Həmin maddəyə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.
52. Məhkəmə araşdırması zamanı iddiaçı nikahın ləğvindən sonra cavabdehin onun qarşısında aliment öhdəliyi daşıması zərurətini yaradan hallarla və cavabdehin buna zəruri vəsaitə malik olması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. İlk iddia üzrə cavabdeh isə alimentlə bağlı hissədə iddianı qismən etiraz edərək uşağının saxlanması üçün hər ay 220 manat ödəniş edə biləcəyini bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 3 yaşı tamam olanadək iddiaçının maddi təminatı kimi hər ay 100 manat alimentin tutulması hissəsində təmin edilməməlidir.
Məhkəmə xərcləri
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
54. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
55. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
56. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
57. Məhkəmə göstərilən normalara əsasən qeyd edir ki, hazırkı ilk iddia tələbi (alimentin təyin edilməsi) üzrə ödənilməli dövlət rüsumu 46.4 manat təşkil etdiyindən və ilk iddia üzrə ddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan ilk iddia tələbi üzrə ödənilməli olan 46.4 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməlidir.
58. Məhkəmə onu da qeyd edir ki, hazırkı qarşılıqlı iddia tələbinin (nikahın ləğvi) irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat ödəniş etmiş və buna görə ödənilməli olan dövlət rüsumundan həmin hissədə azad edilmiş, lakin məhkəmə araşdırması zamanı yazılı ərizə təqdim edərək dövlət rüsumunun ödənilməmiş hissəsinin ona aid edilməsini xahiş etmişdir.
59. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh dövlət rüsumu ilə bağlı tələbi olmadığından “nikahın ləğvi iddiası” ilə bağlı ödədiyi 50 manat dövlət rüsumu onun özünə aid edilməli, qarşılıqlı iddia üzrə iddiaçının mediasiya xərcilə bağlı dövlət rüsumundan azad edildiyi 50 manat hissəsi isə onun öz ərizəsinə əsasən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticə
60. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,ilk iddia qismən, qarşılıqlı iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli nikah qeydi pozulmalı, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 ilk iddia üzrə iddiaçı anası - İddiaçı himayəsində və yanında saxlanılmalı, ilk iddia üzrə Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq ilk iddia üzrə İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
61. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi 2503 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahında doğulmuş, xx.xx.2020-ci il təvəllüdlü X2 ilk idda üzrə İddiaçı himayəsində və yanında saxlanılsın. İlk iddia üzrə Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq ilk iddia üzrə İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması 13 iyun 2023-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İlk iddia ərizəsinin verilməsi üçün ödənilməli olan və ilk iddiaçının azad edildiyi 46,4 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi ilə bağlı dövlət rüsumunun ödənilməmiş 50 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova