Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2136/2021 06.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin və əlavə xərcin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin və əlavə xərcin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun təhsili başa çatanadək, yəni 2024-cü ilin sonunadək hər ay cavabdehdən gəlirlərinin 50%-i məbləğində alimentin tutulmasının davam etdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası Cavabdeh ilə anası Nümayəndə arasında olan nikah “Nikahın pozulması haqqında şəhadətnamə”nin 136 saylı Aktı ilə 11 dekabr 2010-cu il tarixdə pozulmuşdur. Onların nikahından üç uşaq doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2010-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirlərinin 50 % məbləğində alıment tutularaq, anasına ödənilməsi qət edilmişdir. O, yəni İddiaçı həddi buluğa çatmağına baxmayaraq 2020-ci ilin Ali məktəb imtahanlarını uğurla verərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur. Hal-hazırda o, anasının himayəsində yaşayır, cavabdeh kəsilmiş alimentdən başqa heç bir maddi yardım göstərmir. Anası isə uşaqları tək saxlamaqda çətinlik çəkir. Belə ki, o 1 aydır yetkinlik yaşına çatmış hesab edilsə də, hal-hazırda “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası”inin Məşq və fiziki hazırlıq fakültəsinin “Fiziki Tərbiyə və Çağırışaqədər hazırlıq” ixtisası üzrə əyani şöbəsində təhsil alır. Eyni zamanda gözlərində olan zəifliyə görə müalicə alır. Anası tək çətinlik çəkir. Atasının oğlunun təhsil almasında köməklik etməsinə ehtiyac var. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianı etiraf etmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, cavabdeh iddianı etiraf etdiyindən, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1543/2010 saylı, 02 noyabr 2010-cu il tarixli qətnaməsinə əsasən iddia təmin olunaraq Cavabdeh və Nümayəndə arasında 30 may 2000-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində bağlanmış 126 saylı nikah qeydiyyatı pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan 27.10.2000-ci il təvəllüdlü X4, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və 07.11.2007-ci il təvəllüdlü X5 yaşamaq üçün anası Nümayəndə yanında qalması, Cavabdeh aylıq qazancının yarısı tutularaq qətnamə çıxan gündən başlayaraq 27.10.2000-ci il təvəllüdlü X2, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və 07.11.2007ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana kimi Nümayəndə verilməsi qət edilmişdir. Cavabdeh iddianı etiraf edir, iddianın təmin edilməsinə etirazı yoxdur. Bunu məhkəməyə təqdim etdiyi öz yazılı ərizəsi ilə də təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1543/2010 saylı 02 noyabr 2010-cu il tarixli qətnaməsi ilə hər ay Cavabdeh gəlirlərinin 50%-i məbləğində üç uşağa görə Nümayəndə xeyrinə alimentin tutulması xx.xx.2003-cü il tarixdə doğulmuş İddiaçı təhsili başa çatanadək, yəni 2024-cü ilin dekabr ayının 31-dək davam etdirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2136/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2136/2021
06.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver