Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2170/2021 28.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, o, Cavabdeh ilə 09 mart 2019-cu il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 22.11.2019-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Cavabdeh onu və azyaşlı uşağını yaşadığı mənzildən qovaraq onunla birgə yaşamaqdan imtina etmişdir. O, artıq 3 aydır ki, hamilədir, bu müddət ərzində cavabdeh nə ona, nə də körpə övladına qayğı göstərməmişdir. O, halhazırda heç yerdə işləmir. Cavabdeh isə işləyir və aylıq gəliri təqribən 1500-1800 manat təşkil edir. Cavabdeh nikahlarının pozulması üçün məhkəməyə müraciət etmiş, lakin o, nikahın pozulmasına razı olmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(002)-875/2021 saylı qərardadı ilə işə xitam verilmişdir. O, işə baxan məhkəmədən alimentin tutulmasını xahiş etsə də, ona bu tələbə eyni icraatda baxılmasının mümkün olmadığı bildirilmişdir. Göstərilənləri nəzərə alaraq, birgə nikahdan olan 22.11.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin əmək haqqı və digər başqa gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə olaraq uşaq 3 yaşına çatana kimi hər ay 100.00 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı dəftərxana vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasın və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak edə bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 fevral 2020-ci il tarixli, AZ-lV seriyalı, 414289 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 22 noyabr 2019-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X1 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi, 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) 1/3 hissəsi, 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Göstərilən Məcəllənin 100.2-ci maddəsinə uyğun olaraq, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 22 noyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh işləyir və onun alimentin tutulmasını mümkün edə biləcək qazanci vardır. Belə olan halda uşağın saxlanılması ilə bağlı aliment cavabdehin qazanc və gəlirlərinin müəyyən hissəsi miqdarında tutulmalıdır. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı bildirir ki, iddiaçı cavabdehdən daha artıq aliment tutulmasını xahiş etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bu baxımdan birgə nikahdan olan uşağın üç yaşına çatana kimi əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və ailə vəziyyəti baxımından qanunauyğun hesab edilmir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq, aliment 30 iyun 2021-ci il tarixdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 22 noyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması 30 iyun 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2170/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2170/2021
28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver