Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-22/2025 14.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MMCnin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar müavinətin ödənilməsi və digər tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi, daha sonra iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin 1 oktyabr 2024-cü il tarixli, 120 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-nin TİE və QM bölməsinin gecə növbə supervayzeri vəzifəsinə işə bərpa edilməsi, 09 dekabr 2022-ci il tarixdən 2024-cü ilin may ayının 16-dək əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə 27846,08 manat məbləğində müavinətin, hüquqlarının müdafiəsi üçün ödənilmiş 500 manat vəkil xərcinin, mediasiya prosesi ilə əlaqədar 60 manat xərcin Cavabdeh MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.2004cü il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq operator vəzifəsinə işə qəbul edilmiş, sonradan gündüz növbə supervayzeri vəzifəsinə, xx.xx.2014-cü il tarixdə isə gecə növbə supervayzeri vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin İİİ paragrafında işçinin əmək funksiyaları göstərilmiş, əmək funksiyalarına aid olan bütün vəzifələri layiqincə yerinə yetirmişdir. Əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə yenilənmiş, həmin əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 3720 manat əmək haqqı ödənilir; 4.2-ci bəndinə əsasən, tarif haqqına (vəzifə maaşına) 1680 manat miqdarında əlavə təyin edilmişdir. O, xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilatın Lökbatan qəsəbəsində yerləşən bazasında işləyərkən istehsalat qəzası baş vermiş, nəticədə sol ayağından və sağ əlindən ağır xəsarət almışdır. Cavabdeh təşkilatın rəhbər işçisi olan X12 ona əmək funksiyasına daxil olmayan yük əməliyyatı işini tapşırmışdır, hansı ki, bu işdə birinci dəfə iştirak edirdi. Nəticədə o, xəsarət almışdır, onun əsas vəzifəsi avadanlıq üzrə gecə növbə supervayzeridir. Hadisədən dərhal sonra Yasamal Hospitala aparılmış, həm ayağında, həm də əlində əməliyyat aparılmışdır, dörd gün hospitalda müalicə olunduqdan sonra evə buraxılmış, üç ay yataq rejimində müalicə olunmuşdur. Həmin dövrdən xəstəlik vərəqələri verilmiş və o, həmin vərəqələri cavabdeh təşkilata təqdim etmişdir. Daha sonra 01/2023 saylı istehsalatda bədbəxt hadisə haqqında İZ aktı tərtib olunmuş və həmin akta əsasən, cavabdehin əməkdaşları olan X12 və X6 əmək qanunvericiliyinin pozuntusuna yol vermiş cavabdeh şəxslər qismində göstərilmişdir. X1 məhkəmə qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Baş vermiş hadisədə cavabdeh təqsirli olduğu halda, ona 09 dekabr 2022-ci il tarixdən 2024-cü ilin may ayının 16-dək əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün müavinət cavabdeh tərəfindən düzgün hesablanmamış və ödənilməmişdir. X9 Xidməti və Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı da həmin dövr üzrə müavinətin cavabdeh tərəfindən ödənilməli olduğunu bildirmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmiş, bununla əlaqədar məhkəmə tərəfindən üç dəfə ekspertiza keçirilmişdir. Sonuncu ekspert rəyinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün cavabdeh tərəfindən ödənilməli müavinət 27846,08 manat təşkil edir, həmin rəy ilə razıdır, ona görə də iddia tələbini həmin rəyə uyğun olaraq dəqiqləşdirmişdir. Hazırda həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. Bundan əlavə, o, işə qayıtdıqdan sonra cavabdeh tərəfindən tibbi müayinəyə göndərilmiş və onun işə yararlı olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, sonradan cavabdeh tərəfindən heç bir əsas olmadan ona “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar” bildiriş verilmiş, əmək haqqının 500 AZN məbləğinə salınacağı barədə xəbərdarlıq edilmiş, bu barədə razılıq olmasa, onunla bağlanan əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. O, sözsüz ki, qeyd edilən şərtlərlə razılaşmamış, istifadə etmədiyi əmək məzuniyyətindən istifadə etmək üçün ərizə vermişdir. Lakin onun məzuniyyətə çıxmaq barədə ərizə verməsi, istehsalatda xəsarət alması nəzərə alınmadan, 120 saylı, xx.xx.2024-cü il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə 01 oktyabr 2024-cü il tarixdən xitam verilmişdir. Bu gün də məlum deyil ki, onunla bağlı əmək şəraitinin şərtləri hansı səbəbdən dəyişdirilmişdir, bu hal izah olunmamış və əsaslandırılmamışdır. Qeyd edir ki, şirkətdə 200-dən çox, onun tutduğu vəzifə üzrə 20-dən çox işçi işləyir. Lakin ona qərəzli münasibətin nəticəsi olaraq heç bir əsas olmadan əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, cavabdeh ona qarşı qərəzli mövqe tutub və qanunla nəzərdə tutulmuş haqqını tələb etdiyinə görə işdən azad etmişdir. Onun səhhəti öz əvvəlki vəzifəsində işini davam etdirməyə imkan verir, həmçinin cavabdeh nəzərə almır ki, o, istehsalatda xəsarət alıb sağlamlığını itirmişdir. O, hüquqlarının pozulmasıyla bağlı bir neçə dəfə X9 Xidmətinə müraciət etmiş, edilən tövsiyəyə uyğun olaraq məhkəməyə müraciət etmişdir. Hesab edir ki, əmr qanunsuz olduğundan ləğv edilməli, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar ona ödənilməyən müavinətin ödənilməsi və işinə bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən, iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iddiaçının izahatına uyğun izahat verərək iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfin etirazında işəgötürənin guya təqsirli olmadığı bildirilir, halbuki Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-761/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin vəzifəli şəxsi olan ƏMQ və QŞİA təmir emalatxanasının rəisi X12 Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmişdir, qərar qanuni qüvvəsini almışdır. Həmin şəxsin təqsirli olduğu təhqiqat aktında, İZ aktında, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da əks olunmuşdur. Baş vermiş hadisə ilə əlaqədar cavabdehin təmir emalatxanasının rəisi təqsirli bilindiyindən və işəgötürən öz işçisinin vurduğu zərərə görə məsuliyyət daşıdığından, cavabdehin bu barədə etirazı tam əsassızdır. Müavinətin məbləği barədə birinci ekspertiza yalnız cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmişdir, sonuncu ekspertiza isə hər iki tərəfin iştirakı ilə keçirilmişdir, həmçinin bütün xəstəlik dövrü nəzərə alınmışdır, ona görə də sonuncu ekspert rəyi tamamilə qanuni və əsaslıdır. Bundan əlavə, iddiaçının işdən azad olunması aşkar surətdə qanunsuz olmuş, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi üçün heç bir əsas olmamış, 3720 manat əmək haqqı alan işçiyə 500 manat əmək haqqı müqabilində işləmək barədə hüquqazidd, məntiqə sığmayan təklif verilmiş, nəticə etibarilə həmin iş yerində xəsarət almış və xəstəlik dövrü üçün müavinət tələbi irəli sürmüş iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qərəzli şəkildə xitam verilmişdir. Qeyd olunanlara əsaslanaraq, etirazın nəzərə alınmamasını, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə yazılı etiraza uyğun izahat verərək bildirdi ki, iddiaçı xx.xx.2004-cü il tarixdə cavabdeh təşkilatda işə düzəlmiş, xx.xx.2014-cü il tarixdə gecə növbə supervayzeri vəzifəsinə keçirilmişdir. 01 avqust 2021-ci il tarixdən vəzifəsi “Tullantıların idarə edilməsi və Quyuların məhsuldarlığı bölməsinin gecə növbə supervayzeri” adlandırılmışdır. İddiaçıya əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə giriş və ilkin təlimat xx.xx.2004-cü il tarixdə, iş yerində sonuncu dövrü təlimat xx.xx.2022-ci tarixdə keçirilmişdir. 09 dekabr 2022-ci il tarixdə iddiaçı iş yerinə gəlmiş, paltarını dəyişərək fərdi mühafizə vasitələrini geyindikdən sonra sahə rəisi X12 işçilərə, o cümlədən iddiaçıya görəcəyi işlər barəsində tapşırıqlar vermişdir. Tapşırığa əsasən iddiaçı və Z.Nərimanov açıq konteynerin içinə müxtəlif avadanlıqların yüklənməsi işlərini yerinə yetirməli idilər. İddiaçı iş yerində Ağırlaşdırıcılar zavodunun ərazisində Lökbatan bazası, QMA emalatxanasının önundə yerləşən, dəmir yolunun yanındakı TİE və QM avadanlıqlarının saxlandığı ərazidə üstü açıq konteynerin içində işləyərkən konteynerin döşəməsindən təxminən 15-20 sm yuxarıda şaquli vəziyyətdə göydə asılmış dəmir çərçivəni (yükü) konteynerin mərkəzinə yerləşdirmək istəyən vaxt həmin yükün yırğalanaraq künc hissəsinin iddiaçının sağ əlinə və sol ayağına dəyməsi nəticəsində bədbəxt hadisə baş vermişdir. Hadisədən dərhal sonra iş yoldaşları iddiaçını təhlükəsiz yerə aparmış və daha sonra cavabdehə məxsus nəqliyyat vasitəsilə “Yasamal Hospital” xəstəxanasına aparmışlar. İddiaçı “sağ bilək çıxığı, sol ayaq pəncəsi sınıqlı çıxığı və kompartman sindromu” diaqnozu ilə xəsarət almışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidməti tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən bədbəxt hadisənin təhqiqatı aparılmış və təhqiqat nəticəsində müəyyən olunmuşdur ki, bədbəxt hadisənin səbəbi iddiaçının, sahə rəisi X8, mexanik X2 əməyin təhlükəsizliyi qaydalarının tələblərinə riayət etməmələri olmuşdur. Təhqiqat komissiyası yuxarıda qeyd edilən hər üç şəxsin təqsirini müəyyən etmiş və cavabdehə “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”na uyğun olaraq hadisənin İZ formalı aktla rəsmiləşdirilməsi və uçota alınması tapşırılmışdır. Cavabdeh tərəfindən də müvafiq olaraq İZ formalı akt tərtib edilmiş və hadisə uçota alınmışdır. Bədbəxt hadisənin baş verməsində cavabdeh təşkilatın işəgötürən olaraq heç bir təqsiri müəyyən edilməmişdir. İddiaçının əmək qabiliyyətini itirdiyi dövr üçün müavinət almaq hüququ olsa da, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Belə olan halda, iddiaçıya müavinət ödəmək öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına aiddir. Məlumat üçün bildirir ki, cavabdeh qeyd edilən təşkilata dəfələrlə iddiaçıya ödənilməli olan müavinətin həyata keçirilməsi üçün müraciətlər etsə də, Mərkəzi Filial müxtəlif bəhanələrlə ödəniş etməkdən imtina etmişdir. Cavabdeh iddiaçının maddi vəziyyətini nəzərə alaraq, iddiaçının hesabına bir il müddətində ödənişlər etmiş, lakin bir ildən artıq dövr üçün ödənişin aparılmasını düzgün hesab etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı qərəzli mövqe tutulmamışdır. Bundan əlavə, qeyd etmək istəyir ki, sonuncu ekspert rəyində müavinətin hesablanması düzgün olmamış, o cümlədən bir günlük müavinət məbləği düzgün hesablanmamışdır, güman edir ki, ekspert səhvən həyatın yığım sığortası üçün ödənilən vəsaiti də nəzərə almış, nəticədə düzgün olmayan rəy vermişdir, bu baxımdan, bütün xəstəlik dövrünü əhatə etməsə də, birinci ekspertizanın rəyi daha düzgündür. Nəticə etibarilə, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar müavinət tələbini cavabdeh tamamilə əsassız hesab edir. Həmçinin, əmrin ləğvi və işə bərpa tələbi də əsassızdır. Belə ki, iddiaçının 17 ay fasiləsiz işə gəlməməsi sübut etmişdir ki, həmin vəzifəyə işçi götürmədən də işlər normal gedir, beləliklə əməyin təşkilində optimallaşdırma etmək mümkündür. İddiaçı işə qayıtdıqdan sonra müayinə olunmuş, işə yararlı olduğu müəyyən edilmişdir. Bu səbəbdən onu başqa işə keçirməyə ehtiyac olmamış, əmək funksiyalarının və əmək haqqının azaldılması üçün təklif verilmişdir. İddiaçının əmək şəraitinin dəyişməsi barədə cavabdehin təklifindən imtina etməsi nəticəsində isə onun əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Qeyd olunanlara əsasən, iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, mülki iş materiallarında olan yazılı sübutları və ekspert rəylərini tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbləri aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Azərbaycan–X7 xx.xx.2004-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı 09 aprel 2004-cü il tarixindən 06 ay müddətinə 3 ay sınaq müddətilə “Azəri EM- AY Drilling Fluids LTD” BM-nin SVAKO avadanlığı təmiri emalatxanasına texnik vəzifəsinə işə qəbul edilməsi əmr edilmişdir. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə “Azəri EM-AY Drilling Fluids LTD” BM-nin SVAKO avadanlığı təmiri emalatxanasına texnik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdən “Azəri EM-AY Drilling Fluids LTD” BM Cavabdeh MMC adlandırılmış, xx.xx.2013-cü il tarixdə ƏMQ və QŞİA üzrə gündüz növbə supervayzeri vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə gecə növbə supervayzeri vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdən vəzifəsi Tullantıların idarə edilməsi (TİE) və Quyuların Məhsuldarlığı (QM) bölməsinin gecə növbə supervayzeri adlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin və xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətlərindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən Cavabdeh MMC-də ƏMQ və QŞİA üzrə gecə növbə supervayzeri vəzifəsinə işə qəbul edilmiş, bu əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 3720 manat məbləğində əmək haqqı ödənilir; 4.2-ci bəndinə əsasən, tarif haqqına (vəzifə maaşına) əlavə 1680 manat miqdarında əlavədən ibarətdir. Müqavilənin 6.3-cü bəndinə əsasən, işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət ödənilir. İş materiallarında olan Yasamal Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli epikrizin surətindən görünür ki, İddiaçı xəstəxanaya xx.xx.2022-ci il tarixdə daxil olmuş, xx.xx.2022-ci il tarixdə çıxmışdır, ona sağ bilək çıxığı (aypara sümük çıxığı), sol ayaq pəncəsi sınıqlı çıxığı və kompartman sindromu diaqnozu qoyulmuş, müalicə təyin edilmişdir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqələrinin surətlərindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər xəstəliyi ilə əlaqədar olaraq işdən azad edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin ƏMQ və QŞİA üzrə gecə növbə supervayzeri İddiaçı xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktının surətindən görünür ki, komissiya bədbəxt hadisəsinin baş verməsində təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən Cavabdeh supervayzeri İddiaçı ehtiyatsızlığını, 4.2ci bəndinə əsasən Cavabdeh MMC-nin sahə rəisi X8 cavabdehliyini, 4.3-cü bəndinə əsasən Cavabdeh MMC-nin mexanikı X2 cavabdehliyini müəyyən etmişdir. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin uçotu və təhqiqatı Qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və Cavabdeh MMC-də uçota alınmalıdır. İş materiallarında olan 01/2023 saylı istehsalatda bədbəxt hadisə haqqında İZ formalı aktdan görünür ki, bədbəxt hadisənin səbəbləri "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş "OHS 0510 PRO Yükqaldırma üzrə təhlükəsizlik texnikası qaydaları"nın 5-ci bəndinin “Bütün personal və üçüncü tərəflər, yük yelləndiyi, yerindən tərpəndiyi və ya düşdüyü halda yüklə və ya yükqaldırma avadanlığı ilə toqquşa və ya onların zərbəsindən əzilə biləcəyi hər hansı ərazidə olması qadağandır.” və “Yükün və ya avandanlığın yükqaldırma zamanı qəfil tərpənməsi halında, personal üçün qapalı, çıxışı olmayan, təxliyə marşrutu olmayan sahələrdə olmaq qadağandır. (məsələn konteynerlərin içərisində, səbətin içərisində və s.)" tələblərinə İddiaçı tərəfindən riayət edilməməsi, "xxxx" MMC ilə sahə rəisi X12 arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin 3.1.20-ci bəndinin (iş prosesində texniki təhlükəsizliyə cavabdehlik daşımaq) və 3.1.14-cü bəndinin (KSƏTƏM (keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit) bütün nomra və qaydalara riayət edir və personalın da buna riayət etməsinə nəzarət edir) tələblərinə riayət edilməməsi, "xxxx" MMC ilə mexanik X6 arasında bağlanmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinin 3.1.12-ci bəndinin (Hər hansı bir təhlükə yaranarsa və ya ehtimalı olarsa ƏMQ və QŞİ avadanlığı təmiri sexinin rəisini məlumatlandırmaq) tələblərinə riayət edilməməsi olmuş, İddiaçı, X12 və X6 əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslər qismində göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-761/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulmasına görə) təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə iş yerində xəsarət alması faktında hər hansı cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərara əsasən, araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh MMC-də ƏMQ vǝ QŞİA təmiri emalatxanasının rəisi vəzifəsində işləyən X12 texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi cinayətkarcasına etinasızlıq edərək “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.18, 9.5.19 bəndlərinin və “OHS 0510 PRO Yükqaldırma üzrə təhlükəsizlik texnikası qaydaları”nın 5 bəndinin tələblərini pozub, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində həmin MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ağırlaşdırıcılar zavodunun bazasında konteynerə metal çərçivələrin yüklənməsi işləri ilə əlaqədar təhlükəsizlik tədbirlərini təmin etmədiyinə görə həmin vaxt konteynerin içərisində olan İddiaçı yerə yıxılıb yükün ani olaraq sonuncunun sol ayaq, sağ əl nahiyəsinin üzərinə düşərək dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan sağ mil-bilǝk oynağının aypara sümüyünün travmatik çıxığı və sol ayaq pəncəsinin qapalı, yerinidəyişmiş sınığı və travmatik çıxığı kimi xəsarətlər almasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3(002)-761/2023 nömrəli qərardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı Cavabdeh MMC-də ƏMQ və QŞİA təmiri emalatxanasının rəisi vəzifəsində işləyən X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin Qeyd hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 6-cı bəndinə əsasən, sığorta olunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əmək haqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Həmin Əsasnamənin 107-ci bəndinin üçüncü abzasının üçüncü cümləsinə əsasən, qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığorta olunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin (yəni işəgötürənin) vəsaiti hesabına ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, müvafiq sənədlərin təqdim olunması məqsədilə Cavabdeh MMC-nin ünvanlarına göndərilmiş 3-17-5/2-39308/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, məktublar müəssisəyə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində çatdırılmış, lakin heç bir sənəd təqdim edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Müraciətdə qeyd olunan məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan həyatın yığım sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortaçı "xxxx" Sığorta Şirkəti ASC, İ sığortalı “Azəri M-İ Drilling Fluids, İİ sığortalı İddiaçıdur, sığorta olunanın sığorta müddətinin sonunadək yaşaması riski üzrə sığorta məbləği 4528,32 manatdır, sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət xx.xx.2020-ci il tarixdən xx.xx.2024cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 21 saylı əlavənin 1-ci bəndinə əsasən, işçiyə ödənilən aylıq vəzifə maaşı xx.xx.2022-ci il tarixindən sığorta üçün 1440 manat ödəniş edildikdən sonra qalan məbləğdən ibarətdir. İş materiallarında olan Cavabdeh MMC üzrə ştat cədvəlinin surətindən görünür ki, TİE və QM üzrə növbətçi supervayzer üzrə işçi sayı 22 nəfər, ümumi işçi sayı 242 nəfər təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 6-cı maddələrinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və sosial sığorta hadisəsi baş verdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilir. Qanunun 16-cı maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığorta üzrə müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Əsasnamənin 107-ci hissəsinə əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir. Məcəllənin 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Müavinət sənədlərinə baxış keçirilən zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsi halının bədbəxt hadisə nəticəsində baş verdiyi və həmin bədbəxt hadisənin istehsalatla əlaqəli olduğu aşkar olunmuşdur. Növbəti haqq-hesab cədvəlinə sığortaedən tərəfindən əlavə edilmiş Nazirlik yanında X9 Xidmətinin (bundan sonra - Xidmət) təhqiqat aktında baş vermiş hadisədə "xxxx" MMC-nin supervayzeri İddiaçı ehtiyatsızlığı ilə yanaşı həmin MMC-nin sahə rəisi X8 və mexaniki X3 cavabdehliyi müəyyən olunmuşdur. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığortaolunana veriləcək müavinətin ödəmə mənbəyinin müəyyən edilməsi məqsədilə Fond tərəfindən Xidmətə xx.xx.2023-cü il tarixdə rəsmi məktub ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli cavab məktubunda Xidmət tərəfindən sözügedən hadisənin işəgötürənin (sığortaedənin) təqsiri səbəbindən baş verməsi kimi qiymətləndirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirilmişdir ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sığortaolunana əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyi bütün dövr üçün hesablanmış müavinət məbləği sığortaedənin vəsaiti hesabına ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2024-cü il tarixli, 9/3401 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri (14 gün) üçün Cavabdeh MMC tərəfindən 1378,73 manat müavinət ödənilməli olduğu müəyyən edilir. 01 dekabr 2023-cü il tarixinə kimi xəstəlik məbləği 30992,06 manat (vergi daxil olmaqla), vergi məbləği 4382,75 manat, ələ alacaq məbləğ 26609,31 manat olmaqla ödənildiyi müəyyən edilir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün işləməmişdir, ona əmək haqqının hesablanaraq ödənilmədiyi müəyyən edilir. Bundan əlavə, qeyd edilən dövr üçün həm müavinət, həm də əmək haqqının ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar” bildirişin surətindən görünür ki, işlərin optimallaşdırılması və işçilərin işlədiyi sahələrdə məhsuldarlığının artırılması üçün istehsalın və əməyin təşkilində dəyişikliklə əlaqədar xx.xx.2024-cü il tarixindən etibarən İddiaçı şirkətin SPS X5 edilməsi və Quyuların Məhsuldarlığı üzrə gecə növbə supervayzeri vəzifəsinə davam edəcəyi, onunla bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsi üzrə müəyyən edilən əmək haqqının 3480 AZN-dən 500 AZN məbləğinə aşağı salınacağı, əmək müqaviləsinə əlavə olunan vəzifə təlimatı üzrə vəzifələr dairəsinin əhəmiyyətli dərəcədə azalacağı barədə xəbərdarlıq edilmiş, bu barədə razılıq olmasa Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilə biləcəyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin “İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə” 120 saylı, xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış 10 aprel 2004-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla 01 oktyabr 2024-cü il tarixindən xitam verilməsi və işçinin şirkətdə tutduğu TİE və QM bölməsinin gecə növbə supervayzeri vəzifəsindən həmin tarixdən etibarən azad edilməsi, işçinin işlədiyi son təqvim ayının iş günlərinin, istifadə etmədiyi 2022/2023-cü iş ili üçün 30, 2023/2024-cü iş ili üçün 17 məzuniyyət günlərinə görə edilməli olan məbləğlərin hesablanaraq son haqq-hesaba daxil edilməsi, işçi ilə son haqq-hesabın aparılmasının müəssisənin Maliyyə Departamentinə tapşırılması əmr edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı qərəzli mövqe tutulmamış, həqiqətən də əmək şəraitinin dəyişməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı maddəsində göstərilən tələblərə uyğun həyata keçirilmişdir. İddiaçı 17 ay fasiləsiz işə gəlməməsi sübut etdi ki, həmin vəzifəyə işçi götürmədən də işlər normal gedir. Beləliklə əməyin təşkilində optimallaşdırma etmək mümkündür. İddiaçı əmək şəraitinin dəyişməsi barədə cavabdehin təklifindən imtina etməsi nəticəsində onun əmək müqaviləsinə qanunvericiliyə uyğun xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2025-ci il tarixli, 9/2753 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri (14 gün) üçün Cavabdeh MMC tərəfindən 2123,60 manat müavinətin ödənilməli olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməli olan məbləğ 60016,02 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan bank çıxarışı məlumatlarından da göründüyü kimi, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər 32169,94 manat məbləğində ödəniş edildiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar Cavabdeh MMC tərəfindən ödənilməyən məbləğ 27846,08 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutlara, o cümlədən 01/2023 saylı istehsalatda bədbəxt hadisə haqqında İZ formalı akta, bədbəxt hadisənin təhqiqat aktına, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərara, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-761/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024cü il tarixli məktubuna, 12 iyun 2025-ci il tarixli, 9/2753 nömrəli ekspert rəyinə əsasən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində iddiaçı xəsarət alaraq əmək qabiliyyətini müvəqqəti itirmiş, baş vermiş hadisədə cavabdeh təşkilatın vəzifəli şəxsinin (Cavabdeh MMC-də ƏMQ və QŞİA təmiri emalatxanasının rəisi vəzifəsində işləyən X8) cavabdehliyi müəyyən edilmiş və həmin şəxs məhkəmə qərarına əsasən inzibati qaydada cərimə edilmişdir. Həmçinin, qeyd olunan sübutlara, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubuna, 12 iyun 2025-ci il tarixli, 9/2753 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, iddiaçının 09 dekabr 2022-ci il tarixdən 2024-cü ilin may ayının 16-dək əmək qabiliyyətini müvəqqəti itirdiyi bütün dövr üçün müavinət, sözügedən hadisə cavabdeh işəgötürənin (sığortaedənin) təqsiri səbəbindən baş verdiyindən, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına ödənilməlidir və qeyd olunan dövr üçün ödənilməmiş müavinət məbləği 27846,08 manat təşkil edir. Eyni zamanda, məhkəmə, 12 iyun 2025-ci il tarixli, 9/2753 nömrəli ekspert rəyi ilə bağlı tərəflərin izahatlarına hüquqi qiymət verərək hesab edir ki, həmin rəy, tərəflərin iştirakı ilə təkrar keçirilməsi, xx.xx.2025ci il tarixli ekspert rəyi ilə fərqin ətraflı izah olunması və əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövrü əhatə etməsi baxımından obyektiv sübut növü kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia 09 dekabr 2022-ci il tarixdən 2024-cü ilin may ayının 16dək iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə 27846,08 manat məbləğində müavinətin cavabdehdən tutulması hissəsində tam əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 6.3-cü bəndinə əsasən, işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunur ki, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin Qeyd hissəsinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Həmin Məcəllənin 239.1-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü və 6-cı maddələrinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən, məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 107-ci bəndinə əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, iddianın 1 oktyabr 2024-cü il tarixli, 120 nömrəli əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının işə bərpa edilməsi hissəsi də əsaslıdır. Belə ki, cavabdeh işəgötürən işyerində baş vermiş istehsalat qəzası nəticəsində xəsarət alan və uzunmüddətli müalicədən sonra işə qayıdan iddiaçı işçini, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı tərəflər arasında məhkəmə mübahisəsinin davam etdiyi bir dövrdə, qanuni şərtlərə riayət etmədən işdən azad etmişdir. Mülki işin hallarından, izahatlardan və iş üzrə sübutlardan aydın olur ki, iddiaçının işə qayıtdıqdan sonra əmək qabiliyyətinin mövcudluğu tərəflər arasında heç bir mübahisə doğurmadığı, eyni ştat üzrə 22 işçi işlədiyi halda, yalnız iddiaçıya münasibətdə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə təklif tamamilə formal xarakter daşımış, istehsalın və əməyin təşkilində bu qaydada dəyişiklik edilməsi zərurəti hər hansı qanuni və ağlabatan əsaslarla əsaslandırılmamışdır. Bundan əlavə, iş materiallarında olan sənədlərdə, o cümlədən əmək müqaviləsi bildirişində tərəflər arasında əmək müqaviləsinin xx.xx.2004-cü il tarixdə bağlandığı qeyd olunsa da, əmrdə xx.xx.2004-cü il tarixli əmək müqaviləsinə xitam verildiyi göstərilmiş, habelə Əmək Məcəlləsinin 56.2-ci maddəsinin tələbinə əsasən azı bir ay əvvəl yazılı xəbərdarlıq nəzərdə tutulsa da, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə bildirişdə ümumiyyətlə tarix qeyd olunmamış, həmçinin bildirişin hansı tarixdə təqdim olunduğu barədə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, qanuna əsasən əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda onun başqa vəzifəyə keçirilməli olduğu, yalnız bu mümkün olmadıqda işdən azad edilə biləcəyi nəzərə alınmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, heç bir qanuni əsas olmadan, qanuni şərtlərə və prosedura riayət edilmədən qəbul edilmiş, iddiaçıya münasibətdə ayrı-seçkilik və hüquqdan sui-istifadə xarakteri daşıyan 1 oktyabr 2024-cü il tarixli, 120 nömrəli əmr qanunsuz hesab edilərək ləğv edilməli, iddiaçı işə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. Həmin Məcəllənin 15.1ci maddəsinə əsasən, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən, azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Həmin Məcəllənin 57.4-cü maddəsinə əsasən, əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə bilmədiyinə görə ona peşə-ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.. Həmin Məcəllənin 560.2ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunur ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd olunur ki, nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, mediasiya xərci və ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə, hüquqi yardımla bağlı xərcin ödənilməsini təsdiq edən sənədin təqdim edildiyini nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı xərcin cavabdehdən tutulması tələbi də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar ona ödənilməmiş 27846,08 (iyirmi yeddi min səkkiz yüz qırx altı manat səkkiz qəpik) məbləğində müavinət, habelə 500 (beş yüz) manat hüquqi yardımla bağlı xərc və 60 (altmış) manat mediasiya xərci Cavabdeh MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmri ləğv edilsin, İddiaçı Cavabdeh MMC-nin TİE və QM bölməsinin gecə növbə supervayzeri vəzifəsinə işə bərpa edilsin və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə Cavabdeh MMC-dən 250 (iki yüz əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X4, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-22/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-22/2025
14.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver