Məhkəmə qərarları › İş №2(002)-221/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(002)-221/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-221/2025 16.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faktiki münasibətlərindən doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Məryəm Canın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehla faktiki nikahda əvvəllər bir müddət Bakı şəhərində qeydiyyatda olduğu ünvanda yaşamış, sonra İsveçə gedərək orada yaşamışlar. İsveçdə yaşayarkən faktiki nikahlarından xx.xx.2019-cu il tarixdə Məryəm adlı bir qızları olmuşdur. Həmin ölkədə uşaqları Məryəmə atalıq vermiş və soyadı Can olmuşdur. Bir müddət sonra cavabdeh öz valideynlik vəzifələrini yerinə yetirmək əvəzinə əksinə onlara qarşı zorakı hərəkətlər etməyə başlamış, dəfələrlə uşağın yanında onu döyərək təhqir etmişdir. O da, cavabdehin onlara qarşı ağır cinayət törətməsi qorxusundan yenidən Bakıya qayıtmalı olmuşdur. Cavabdeh uşaq doğulandan övladının saxlanılması üçün ona heç bir yardım etməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh uşağın saxlanılması üçün ona heç bir maddi yardım etmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-221/2025 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, atalığın təsdiq olunmasına dair sənəddən (Ailə hüquqları və valideynlərə dəstək üzrə Dövlət komitəsi tərəfindən verilmişdir, İsveç, Stokholm şəhərində fəaliyyət göstərən Qabriel Rudbek (Gabriel Rudbeck) Notariat kontoru tərəfindən təsdiq edilmişdir) görünür ki, tərəflərin münasibətlərindən doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Məryəm Rəhimova (Məryəm Can) adlı bir yetkinlik yaşına çatmamış uşaqları var. Bakı 9 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/9/2024-01299 saylı arayışından görünür ki, İddiaçı nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçının nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçının bildirdiyinə görə, cavabdeh övladının saxlanılması üçün maddi yardım göstərmir. Bu səbəbdən, iddiaçı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında cavabdehdən aliment tələb edir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 20 dekabr 2024-cü il tarixdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 15 saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə 8.4-1-ci bənd əlavə edilmişdir. 8.4-1-ci bənddə formalaşdırılmış hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məlumdur ki, ölkə üzrə müəyyən edilən minimum əmək haqqı 2024-cü il üçün 345 manat təşkil edir. Hazırki mülki iş üzrə iddia ərizəsi məhkəməyə 30 oktyabr 2024-cü il tarixdə verildiyindən, məhkəmə hesab edir ki, aliment təyin edilərkən 2024-cü il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, bir uşağa görə 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,69 mislində (235 manat / 345 manat = 0,6811 misli, yuvarlaqlaşdırdıqda 0,69 misli) aliment tutulmalıdır. Eləcə də, alimentin tutulmasına xx.xx.2024-cü il tarixdən başlanmalı, sonrakı artımlar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü Rəhimova (Can) Məryəm İsa qızının saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində (235 manat / 345 manat = 0,6811 misli, yuvarlaqlaşdırdıqda 0,69 misli) sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 48 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü Rəhimova (Can) Məryəm İsa qızının saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində (235 manat / 345 manat = 0,6811 misli, yuvarlaqlaşdırdıqda 0,69 misli) sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 48 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar